Maskadan istifadə həyati əhəmiyyət daşıyır

 

 

Dövlət başçısı bir daha bütün qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı çağırış etdi

 

Yarım ildir dünya gündəmində olan koronavirus infeksiyası həyatımıza yeni şərtlər gətirdi. İnsan oğlunun bir çox alışqanlıqlarını silərək, yerinə fərqli qaydalar diktə etdi.

Cəmi bir neçə ay əvvələ qədər tibb işçilərindən başqa, çox az adamın ehtiyacı olan maska, indi hava və su kimi həyatımızın ən vacib elementinə çevrilib. Ölüm-qalım məsələsində qoruyucumuza, dünyanı istila edən virusa qarşı sipərimizə dönüb.

Bəli, bu, bir reallıqdır ki, bəzən böyük bəlaların qarşısını kiçik həmlələrlə də almaq mümkündür. Elə koronavirus pandemiyasına qarşı mübarizənin də üsulları çox asan və sadədir: sosial məsafə, maska taxmaqgigiyena qaydalarına riayət etmək...

 

 

Maska taxılması ilə xəstəliyin ötürücülüyünün qarşısı alınır

 

 

Milyonlarla insanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan maskadan istifadə çox vacibdir. Mütəxəssislər qapalı yerlərdə, hətta açıq sahələrdə də maskadan istifadənin təhlükədən qorunmaqda müstəsna rol oynadığını dönə-dönə vurğulayırlar.

 

İnfeksionist Vasif Əliyev məlumat verir ki, hamıya maska taxmaq tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda, asimptomatik, hər hansı klinik əlaməti olmayan insanlar da nəzərə alınır: "Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcılarıdırlar. Bu insanlar virusu digərlərinə yoluxdura bilərlər. Maska taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısı alınır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azala bilər”.

 

 

 

 

Prezident: "Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir”

 

 

 

 

İyunun 9-da Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışı zamanı çıxışında maskadan istifadənin zəruriliyini bir daha vurğuladı: "Biz, eyni zamanda, sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.

 

 

 

 

Yanlış istifadə təhlükəyə yol açır

 

 

 

 

Göründüyü kimi, maskadan istifadə koronavirus infeksiyasının yayılmasının qarşısını xeyli alır, amma ondan düzgün istifadə edilməməsi gözlənilən müsbət nəticəni sıfıra endirir. İctimai yerlərdə, nəqliyyatda və. s yerlərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, insanların bir çoxu maskadan düzgün istifadə qaydalarını bilmir. Məsələn, maska ilə yalnız ağızlarını örtürlər, burunlarını isə yox. Belədə isə onlar digərlərini virusa yoluxdurmasalar da, özləri yoluxma təhlükəsində olurlar. Hətta maskanı çənəsinin altında, boğazında, əlində aksessuar kimi saxlayanlara da rast gəlinir. Bəziləri isə maskanı şablon xatirinə, hansısa bir məkana daxil olduqda maska tələb olunarsa, çantasında olduğunu göstərmək üçün gəzdirir. Sadalanan bütün hallar çox yanlışdır və belələri həm özlərini, həm də digərlərini təhlükəyə atırlar.

 

 

 

 

Maskadan istifadə zamanı bu şərtlərə əməl edin

 

 

 

 

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, maskalardan istifadə zamanı bir sıra şərtlərə mütləq şəkildə əməl etmək lazımdır. Belə ki, ağız və burun maska ilə tam bağlanılmalıdır. Maska taxarkən əmin olmaq lazımdır ki, üzlə maska arasında boşluq qalmayıb. Maskadan istifadə edərkən ona toxunmaq olmaz. Əgər maskaya toxunulacaqsa, onda əllər spirt məhlulu ilə təmizlənməli və ya sabun ilə yuyulmalıdır.

 

Maska nəm olarkən onu yenisi ilə əvəz etmək lazımdır. Tək istifadəlik maskaları yenidən istifadə etmək olmaz. Maska taxmazdan əvvəl əllər spirt məhlulu ilə təmizlənməli, yaxud sabunya su ilə yuyulmalıdır.

 

Maskalar üzdən ipləri tutaraq çıxarılmalıdır, maskanın ön hissəsinə toxunulmamalıdır. İstifadə edilmiş maska dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər isə spirt məhlulu ilə təmizlənməli, sabunya su ilə yuyulmalıdır.

 

 

 

 

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyənlər cərimələnir

 

 

 

 

Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur.

 

Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyenakarantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.

 

Belə ki, epidemiya əleyhinə, sanitariya-gigiyenakarantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

 

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyenakarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.

 

 

 

Bu yerlərdə maska taxmaq məcburidir

 

 

 

Aşağıda qeyd edilən yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respiratorsair) istifadə məcburidir:

 

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

 

- bazarlarda;

 

- qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

 

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

 

- fizikihüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrdə;

 

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

 

- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda;

 

- ibadət yerlərində;

 

- elm və səhiyyə müəssisələrində;

 

- sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

 

- ictimai nəqliyyat dayanacaqlarında;

 

- bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, və xidmət obyektlərinin qarşısında növbələrdə.

 

Həmçinin insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 11 iyun.- S.1;6.