Mərhəmətin, humanizmin İlham Əliyev örnəyi

 

Azərbaycan Prezidentinin qlobal pandemiya ilə mübarizə metodları beynəlxalq aləmdə təqdir edilir

 

Elmin bu qədər inkişaf etdiyi XXI əsrdə süni intellekt formalaşdıran müasir dünya insanı beş aydır bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus adlı bəlaya qarşı hələ də aciz durumda qalmaqdadır. Virusa qarşı vaksinin tapılmaması dünya iqtisadiyyatını getdikcə çökdürməkdədir. Bir tərəfdən insan tələfatı, digər tərəfdən isə iqtisadi tənəzzül dünyanın bəzi dövlətlərini acınacaqlı duruma salıb. Elə bu səbəbdən də BMT və Ümumdünya Səhiyyə Təşkilatı həmin ölkələrə yardımların edilməsi ilə bağlı çağırışlar edirlər.

Qlobal pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görən, özünün xilas modelini yaradaraq əhalisini, iqtisadiyyatını qorumaqla təhlükədən az itki ilə çıxmağı qarşısına məqsəd qoyan bəzi dövlətlər bu çağırışa müsbət cavab verirlər. Sevindirici haldır ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da bu ölkələr sırasındadır.

 

 

Azərbaycan 29 ölkəyə humanitar yardım göstərib

 

 

Hazırda qlobal pandemiyaya qarşı mübarizə aparan, onun təsirindən az itki ilə çıxmaq üçün daxili imkanlarını səfərbər edən Azərbaycan dövləti hər zaman olduğu kimi məhz bu çətin dövrdə də xoşməramlı missiyasını davam etdirir. İndiyədək Azərbaycan pandemiyadan əziyyət çəkən bir çox dövlətə kömək əlini uzadıb.

İyunun 9-da növbəti modul tipli xəstəxanaların açılışında iştirak edən Prezident İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində indiyədək görülən işlərdən söz açaraq Azərbaycanın dünya dövlətlərinə etdiyi yardımlardan danışdı, həmçinin ölkəmizin bəzi dövlətlərlə müqayisəsini apardı.

Prezident öncə vurğuladı ki, pandemiya ilə mübarizədə əsas məsələ özünə qapanmamaqdır. Ancaq pandemiyanın ilkin dövründə bəzi ölkələr bu yola əl ataraq sonradan peşman oldular: "Həmin ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir”.

Buna paralel olaraq Azərbaycan fərdi qaydada 14, Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərib. Bu proses indidavam edir. 15 ölkə hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir.

Bir sözlə, Azərbaycan dövləti müraciət edən bütün dövlətlərə əl tutaraq öz köməyini əsirgəməyib.

Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına da fərdi qaydada iki dəfə (ümumilikdə 10 milyon dollar) ianə verib və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib: "Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri”.

Həqiqətən də, 20-10 il əvvəl kiminsə ağlına belə gəlməzdi ki, bir vaxtlar adi elektrik enerjisini idxal edən bir ölkə Prezidentin dediyi kimi, indi təkbaşına belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə xeyirxahlıq etsin, yardımlar göstərsin.

Bütün bunlar əlbəttə ki, Azərbaycan Prezidentinin insansevərliyinin, yardımsevərliyinin bariz nümunəsidir. Cənab İlham Əliyev yardım üçün müraciət edənləri heç vaxt geri çevirmir. Buna görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət yürüdən cənab İlham Əliyevə olan rəğbət və hörmət gündən-günə artır.

 

 

İlham Əliyevə təşəkkür məktubları, Paşinyana lənətlə dolu çağırışlar…

 

 

Hazırda bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyət davam edir. Həm ölkəmizdə, həm də bəzi dövlətlərdə baş verən hadisələrə baxdıqda bir daha görünür ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyubbütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib.

Azərbaycandakı durumu işğalçı Ermənistandakı vəziyyətlə müqayisə edən Prezident deyib ki, koronavirus bu ölkəni iflic duruma salıb. Ermənistanda gündən-günə yoluxma, ölüm faktları sürətlə artır. Bunun da səbəbi, əlbəttə ki, ölkə rəhbərliyinin heç bir qabaqlayıcı tədbirlər görməməsi, əhalinin sağlamlığını ciddiyə almamasıdır.

Elə bunun səbəbidir ki, əgər Azərbaycan Prezidenti bu istiqamətdə gördüyü işlərə görə hər gün yüzlərlə təşəkkür məktubu alırsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir.

Cənab İlham Əliyev həmçinin inkişaf etmiş ölkələrlə də müqayisə aparıb. Məsələn, bu gün inkişaf etmiş elə ölkələr var ki, orada ölənlərin sayı Azərbaycanda yoluxanların sayından çoxdur. Hansı ki, həmin ölkələrdə səhiyyə sistemi həmişə etalon, bir nümunə kimi göstərilib: "Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə, sadəcə, yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.

İnkişaf etmiş dövlətlərlə müqayisə aparan Prezident Azərbaycanın əldə etdiyi üstünlüyün səbəblərindən də bəhs edib. Təbii ki, Azərbaycanın pandemiyadan az itki ilə çıxmasının əsl səbəbi dövlət başçısının həyata keçirdiyi qabaqlayıcı tədbirlərdir. Həm əhalinin sağlamlığını əsas tutan, həm də makroiqtisadi vəziyyəti sabit saxlamağa çalışan dövlət öz imkanları hesabına müxtəlif layihələr reallaşdırdı, eyni zamanda özünün sənaye imkanlarından da istifadə etdi. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. Bu gün iki zavod fəaliyyətdədir. Dezinfeksiya vasitələri və həkimlər üçün xüsusi geyimlər, kombinezonlar ölkəmizdə istehsal olunur.

Bununla yanaşı ölkəmizdə qısa zaman ərzində tibbi klinikalar tikilib istifadəyə verilib. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanalar ayrılıb və bu xəstəxanaların sayı 20-dən çoxdur. 4 modul tipli xəstəxana quraşdırılıb. Bundan sonra hələ daha 6 belə xəstəxananın quraşdırılması nəzərdə tutulub. Həmçinin yeni laboratoriyalar alınıb. Hazırda laboratoriyaların sayı 20-dən artıqdır.

Eyni zamanda karantin şəraitində qalan vətəndaşlar üçünxüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu hotellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir. Minlərlə insan xaricdən təxliyə edilibbu proses davam etdirilir.

Prezidentin söylədiyi kimi, bugünə qədər görülmüş işlər və işlərin nəticələri məhz dövlət siyasətinin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb.

Bütün bunlar Azərbaycan dövlətinin qlobal pandemiya ilə mübarizədə gördüyü genişmiqyaslı işlərin tərkib hissəsidir. Elə bu uğurlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan postpandemiya dövründə də bəzi dövlətlərdən fərqli olaraq sosial-iqtisadi cəhətdən böyük problemlərlə üzləşməyəcək. Bunu beynəlxalq iqtisadi təşkilatlar da təsdiqləyirlər.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 13 iyun.- S.1;5.