Sergey Lebedev: Azərbaycanın gördüyü tədbirlər koronavirus böhranından ən az itki ilə çıxmağa imkan verəcək

 

Azərbaycanın gördüyü tədbirlər koronavirus böhranından bütün sahələrdə ən az itki ilə çıxmağa imkan verəcək.

AZƏRTAC xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu fikri "Moskva-Baku” nəşrinə verdiyi müsahibədə "Azərbaycan pandemiya ilə bağlı bütün təhdidlərin öhdəsindən necə gəlir?” sualına cavab verərkən söyləyib.

S.Lebedev: "Məlumdur ki, MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da öz ərazisində karantin tədbirləri tətbiq edilməsini qərara alıb. Ölkədə hələ yazın əvvəlində sərhədlər bağlandı, əhalinin sərbəst yerdəyişməsi məhdudlaşdırıldı, bütün kütləvi tədbirlər ləğv edildi. Vətəndaşların olduqları yeri elektron sistem vasitəsilə xüsusi icazə alınmadan tərk etməsi, yaşı 65-dən yuxarı olan şəxslərin isə ümumiyyətlə küçəyə çıxması qadağan edildi. Bütün preventiv tədbirlərin bir məqsədi vardı: insanların həyatını və sağlamlığını qorumaq, respublika ərazisində xəstəliyin geniş yayılmasına yol verməmək. Mənim fikrimcə, bu məqsədə nail olundu”.

Sergey Lebedevin fikrincə, Azərbaycanda COVID-19 koronavirusu infeksiyasına yoluxmuş xəstələrin aşkar edilməsi və müalicə olunması, habelə zəruri miqdarda tibbi maskalardezinfeksiyaedici vasitələr istehsalı operativ şəkildə nizamlanıb.

MDB İcraiyyə Komitəsinin sədri deyib: "Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirini yumşaltmaq və onun nəticələrini minimuma endirmək üçün ölkə rəhbərliyi əhalinin ən həssas təbəqələrinə sosial dəstəyi xeyli gücləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə respublika hökuməti iqtisadiyyatın müxtəlif sektorlarına, o cümlədən özəl biznesə dövlət dəstəyi göstərilməsi üçün geniş proqramlar hazırlayıb.

Gördüyümüz kimi, bütün bunlar müsbət iqtisadi səmərə verir və Azərbaycanın koronavirus böhranından bütün sahələrdə minimum itki ilə çıxmasına imkan verəcək”.

S.Lebedev Azərbaycanın pandemiyaya qarşı mübarizə məsələlərində beynəlxalq əməkdaşlığı barədə sualın cavabında deyib: "Şübhəsiz, burada Azərbaycan çox fəal rol oynayır. İlk növbədə, Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq sanballı maliyyə yardımı ayrılmasını qeyd etməliyik.

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin hökumət başçılarının yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədar birgə bəyanatında pandemiyaya qarşı mübarizədə ölkələrimiz tərəfindən ÜST-yə kömək üzrə görülmüş tədbirlərə yüksək qiymət verilib.

Azərbaycanın bir sıra MDB ölkələrinə göstərdiyi humanitar yardım, əlbəttə, ən müsbət qiymətə malikdir. Belə bir adım atılması Birlik üzvü olan dövlətlər və xalqlar arasında etimada əsaslanan səmimi münasibətlərin ən yaxşı təsdiqidir.

Mən əminəm ki, Müstəqil Dövlətlər Birliyi birgə səylər sayəsində COVID-19 virusu pandemiyasının bütün dünyaya qarşı yönəlmiş qlobal təhdidinin öhdəsindən uğurla gələcək”.

 

Azərbaycan.-2020.- 13 iyun.- S.2.