15 iyun: anarxiyadan sabitliyə,
güclü dövlətə və tərəqqiyə
doğru
XX əsrdə
Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirən
və millətimiz mövcud olduqca daim yaşayacaq bir sıra
tarixi günlər mövcud olub: 1918-ci il may ayının 28-də
Azərbaycan Cümhuriyyətinin qurulması; həmin il
sentyabrın 15-də Bakı şəhərinin yadelli qüvvələrdən
azad edilməsi; 1990-cı il noyabrın 17-də
Naxçıvan şəhərində Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi
altında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində
Cümhuriyyətimizin üçrəngli bayrağının
rəsmi dövlət bayrağı olaraq qəbul edilməsi;
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin
bərpa edilməsi və 1993-cü il iyunun 15-də Azərbaycan
dövlətinin dağılmaqdan xilas edilməsi.
1993-cü ilin 15 iyun tarixindən 27 il keçir. 1997-ci ilin iyun
ayında Milli Qurtuluş Günü elan edilən bu
günün mahiyyətini dərk etmək və müvafiq nəticələr
çıxararaq ibrət almaq müstəqil dövlətimizin
ötən illərdə keçdiyi yolu, mövcud vəziyyətini
və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək
baxımından vacibdir. Bundan ötrü,
ilk növbədə, 15 iyunadək olan ictimai-siyasi şəraitə
və ondan sonrakı illərdə həyata keçirilən
tədbirlərə nəzər yetirmək zəruridir. Elə isə 15 iyunadək Azərbaycanda daxili
ictimai-siyasi şərait və ölkənin xarici siyasətinin
ümumi mənzərəsi necə idi?
15 iyunadək olan şəraitin mənzərəsi:
ümumi böhran məngənəsində
Dövlət müstəqilliyi bərpa
edilən Azərbaycan xalqının qarşısında bir
sıra mühüm vəzifələrin həll edilməsi
dayanırdı: dövlət müstəqilliyini qorumaq və
məhkəmləndirmək; planlı sosialist təsərrüfatından
azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı
sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək;
fəal xarici siyasət yürütmək; Ermənistanın əsassız
ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü
dayandırmaq, onun nəticələrini aradan qaldırmaq və
s.
Azərbaycanın dövlət müstəqilliyi
bərpa edilən zaman Ermənistanın əsassız ərazi
iddiaları səbəbindən bir neçə il əvvəl
başladığı hərbi təcavüzü davam edir,
tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq
qaçqına çevrilir, təcavüzün gedişində
ərazilər bir-birinin ardınca işğal edilir,
etnik-tarixi mənsubiyyətini itirmək üçün
yaşayış məntəqələri
yandırılır, əhali məcburi köçkün
düşürdü. Digər tərəfdən
isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar
arasında amansız mübarizə gedirdi.
1992-ci ilin may ayında silahlı çevriliş
yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan
Xalq Cəbhəsi Azərbaycanın problemlərini həll edə
bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə
səriştəsizlik, problemlərin yanlış qoyulması
və onların həllinə primitiv, məhdud yanaşma,
hakimiyyətin qanunverici, icraedici və məhkəmə
qanadları arasında qarşıdurma, xalq ilə hakimiyyət
arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz
çörək üçün növbələrin
artması, iqtisadi tənəzzül, vətəndaşlara
qarşı kobud hərəkətlər ölkədə
ümumi böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində
xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən
ümidləri doğrulda bilmirdi. Ölkənin
şimalında və cənubunda xaricdən
qızışdırılan separatçılıq hərəkətləri
Azərbaycanı didib-parçalayır, milləti və
ölkəni dağıdan, dövlətin varlığını
təhdid edən qondarma qurumlar yaradılırdı. Tarixən tək və vahid millət olmuş Azərbaycan
parçalanmaq ərəfəsində idi.
Cəbhədəki uğursuzluqlar
bir-birinin ardınca gəlirdi. Hərbi
və mülki hakimiyyət arasında ixtilaflar hökm
sürürdü. Hakimiyyətə tabe olmayan
hərbçilər Gəncədə "Hərbi birlik”
yaratmışdılar. 1993-cü il
iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi
altında hərbi qiyam baş verdi. Qiyamı
yatırmaq üçün 130 saylı hərbi hissədən
709 saylı hərbi hissəyə hücum edildi. Qan töküldü. Gəncəyə
gedən dövlət və hökumət nümayəndələri
girov götürüldülər. S.Hüseynovun
dəstələri Bakıya doğru yürüş etdilər.
Azərbaycan öz tarixində o zamanadək
görünməmiş bir faciənin - qardaş
qanının tökülməsi, vətəndaş
müharibəsi astanasında dayanmışdı. Bəlkə də Azərbaycan öz tarixində millət
və cəmiyyət olaraq heç bir zaman bu qədər
qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.
Dövlətin xarici siyasət fəaliyyəti
də bərbad halda idi. Hissiyyatlara əsaslanan
xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi
eşidilmirdi. Təşkilati, dövlət
idarəçilik bacarığına və qabiliyyətinə
malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət
beynəlxalq aləmdə ölkəni təcridçiliyə
gətirmişdi. Diplomatiya dostlar əvəzinə
daha çox düşmənlər qazandırırdı.
Qonşularla münasibətlər gərgin idi.
Ölkənin maraqları etibarlı qoruna
bilmirdi.
Azərbaycan dəhşətli bir vəziyyətə
düşmüşdü. Bu,
Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni,
humanitar və psixoloji həyatını tamamilə
bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində,
bəyanat xarakteri daşıyırdı. Bərpa
edilmiş dövləti təmsil edən hakimiyyət real
olaraq hər hansı bir məsələni həll etmək
gücündə deyildi. Azərbaycan
öz tarixinin ağır günlərini yaşayırdı.
Xalqın və dövlətin taleyini
öz üzərlərinə götürmüş vəzifə
sahibləri belə şəraitdə bir-birinin ardınca
istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu
tutdular. Bəziləri vəzifələrini
"dondurdular”, bəziləri isə qaçıb gizləndilər.
Azərbaycan vətəndaşının
yaranmış şəraitdən çıxmağa, sabaha
ümidi yox idi. Bu, Azərbaycan dövlətçiliyi
tarixinin utancverici anı olub, gələcəkdə
xatırlanası və müraciət ediləsi bir səhifə
deyildi.
Niyə məhz Heydər Əliyev?
Azərbaycan xalqı yaranmış
ağır şəraitdə nicat yolu arayırdı.
İnsanlar sual edirdilər: Azərbaycan xalqının və
dövlətinin taleyi necə olacaq? Ölkəni
yaranmış ağır şəraitdən kim
və necə çıxara bilər? Belə
bir tarixi şəxsiyyət, lider varmı?
Çoxlu mürəkkəb suallar
qarşısında dayanan və xilaskar axtarışında
olan Azərbaycan xalqının nəzərləri hələ
sovet dövründən yaxşı tanıdığı,
dövlət idarəçilik bacarığına və
liderlik keyfiyyətinə inandığı Heydər Əliyevə
yönəldi və ümidlə ona üz tutdu.
Xalqın inamına görə yalnız Heydər Əliyev Azərbaycan
dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan,
dağılmaqdan xilas edə, xalqı mənəvi-psixoloji
böhrandan çıxara, Ermənistanın davam edən
işğalını dayandıra, ölkəni fəlakətə
salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar
üzərində qura bilərdi.
Heydər Əliyevə üz
tutulması səbəbsiz deyildi. Birincisi,
hələ sovet sisteminin mövcud olduğu bir şəraitdə,
70-ci illərdə Heydər Əliyev respublikanın rəhbəri,
sonra isə dünyanın quru ərazisinin altıda bir hissəsini
tutan dövlətin başçılarından biri kimi
xalqının başını uca etmişdi.
İkincisi, Moskvada vəzifələrindən istefa verdikdən
sonra Naxçıvanda yaşayarkən hələ SSRİ-nin,
Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir
zamanda bilavasitə onun təşəbbüsü və
liderliyi altında Naxçıvan Muxtar Respublikasında
SSRİ-nin saxlanılmasına dair referendum keçirilməmiş,
Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet
Sosialist” ifadələri çıxarılmış, Azərbaycan
Cümhuriyyətinin üçrəngli bayrağı Ali Məclisdə
dövlət bayrağı olaraq qəbul edilmiş, bu barədə
Bakıya təklif edilmiş, Naxçıvandan sovet ordu hissələri
çıxarılmışdi. Üçüncüsü,
Milli Məclisdə etdiyi çıxışlarında Heydər
Əliyev Azərbaycan xaqlının yolunun müstəqillikdə
olduğunu qəti şəkildə bildirmişdi.
Beləliklə, 1993-cü ildə
müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsi
qarşısında dayandıqda onu xilas edən
dünyanın görkəmli siyasi və dövlət xadimlərindən
biri Heydər Əliyev oldu. Bu,
taleyin verdiyi ağır, lakin əbədiyaşar və
müqəddəs bir milli vəzifə idi. Xalqın təkidli tələbləri
qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur
oldu.
Qurtuluş naminə dönüş
Millətin güvənc yeri olaraq
milli liderlik missiyası daşıyan Heydər Əliyev parlamentdə
çıxış etdi, sonra isə qiyamın baş vediyi Gəncəyə
getdi. Şəhər əhalisi ilə
görüşərək vəziyyətlə yerində tanış oldu. Bakıya
qayıtdı. İyunun 15-də Azərbaycan
parlamentinin sədri seçildi.
Bəzi dövlət
adamlarının ikinci dəfə hakimiyyətə
qayıtmaları faktları dünya tarixində vardır. Məsələn, vaxtilə görkəmli siyasi və
dövlət xadimləri olan Böyük Britaniyada Uinston
Çerçill, Fransada Şarl de Qoll, Türkiyədə
Süleyman Dəmirəl seçkilər yolu ilə yenidən
hakimiyyətə qayıtmışlar. Lakin
Heydər Əliyevin Bakıya gəlişi qətiyyən
onlara bənzəmirdi. Bu qayıdış
sadəcə parlament sədri vəzifəsini tutmaq deyil, Azərbaycan
xalqı və dövlətinin xilası, gələcək
inkişafını müəyyənləşdirmək
üçün olan əzablarla dolu ağır böhran
şəraitində bir dönüş idi.
Heydər Əliyevin qarşısında
daxili siyasət sahəsində xeyli mürəkkəb və
ağır vəzifələri həll etmək
dayanırdı: dövləti dağılmaqdan, ölkəni
xaricdən dəstəklənən separatçılıqdan
xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin
qanadları arasında yekdillik yaratmaq; xalq ilə hakimiyyət
arasında uçurumu, inamsızlığı aradan
qaldırmaq, iflic olmuş dövlət orqanlarını
işlək hala gətirmək, dövlətin əlində
olması gərəkərkən silahları ələ
keçirmiş, ölkədə çinayətkarlıq
şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah
etmək, insanların sakit və təhlükəsiz
yaşayışını təmin etmək, ağır
sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa
aparmaq və xalqının mənəvi-psixoloji ruhunu yüksəldərək
dövlətin gücünü yaratmaq üçün
etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin
qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq
və s.
Xarici siyasət sahəsində Heydər
Əliyevin qarşısında dayanan başlıca vəzifələr
dövlət quruculuğu üçün əlverişli beynəlxalq
şəraiti təmin etmək, Ermənistanın davam edən
hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə
salmış bir istiqamətli, savadsız, Azərbaycan
xalqı və dövlətinə düşmənlər
qazandıran xarici siyasət xəttindən imtina etmək və
s. idi. Coğrafi-siyasi mövqeyi, təbii sərvətləri
ilə yüzilliklər boyu imperiya siyasəti
yürütmüş böyük dövlətlərin
sınaq meydanına, "qurdlar süfrəsi”nə
çevrilmiş Azərbaycanda bütün bunları bir
dövlət xadiminin həll etməsi xeyli mürəkkəb
və çətin bir iş idi. Yaranmış
şərait təcili, düzgün qərarların qəbul
edilməsini və qətiyyətlə həyata keçirilməsini
tələb edirdi. Heydər Əliyev
ölkəni, dövləti və xalqı bəlalardan
qurtararaq xilaskarlıq missiyasını yerinə yetirdi və
15 iyun Azərbaycan tarixinə qurtuluş kimi daxil oldu. Bəs 15 iyunda Azərbaycan xalqı nədən xilas
oldu?
Azərbaycan xalqı nədən
qurtuldu?
15 iyunda Heydər Əliyevin parlament sədri,
oktyabr ayında prezident seçilməsi ilə Azərbaycan
xalqı, ilk növbədə, dövlət müstəqilliyini
itirmək təhlükəsindən xilas oldu. Çünki həmin vaxt səriştəsiz
AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyəti
ölkəni bütün sahələrdə - siyasi, iqtisadi,
milli təhlükəsizlik, mənəvi və başqa sahələrdə
fəlakətə düçar etmişdi. Respublikanın bu ağır vəziyyətindən
istfadə edən xarici düşmənlər bəzi daxili
qüvvələrin köməyi ilə öz çirkin məqsədlərini
həyata keçirmək astanasında idilər. İkincisi, Azərbaycan xalqı böyük bir
tarixi ləkə və biabırçılıq olan və
kandarında dayandığı qardaş
qırğınından və vətəndaş müharibəsi
təhlükəsindən qurtuldu. Üçüncüsü,
Azərbaycan xalqı müstəqil dövlətçiliyə,
firavan gələcəyə olan inamısızlıqdan, bədbinlikdən
və mənəvi-psixoloji böhrandan xilas oldu. Dördüncüsü, Azərbaycan Respublikası
xaricdən dəstəklənən separatizmdən və
parçalanmaqdan qurtuldu, öz vahid dövlətini qorumaq
imkanı əldə etdi. Beşincisi, Azərbaycan
bütün sahələrdə millətin ümumi səviyyəsindən
qat-qat aşağı olan, onun həm iqtisadi, siyasi, təhlükəsizlik,
dövlətçilik, həm də mənəvi tələbatına
cavab verə bilməyən və nəhayət, müstəqil
Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələri
yerinə yetirməyə qadir olmayan səriştəsiz, səviyyəsiz
adamların hakimiyyətindən xilas oldu. Altıncısı,
Azərbaycan xalqı hakimiyyətə Konstitusiyaya zidd yollarla gəlmək,
silah və təzyiqlə hakimiyyət dəyişikliyinə
nail olmaq, eksperimentlər ölkəsinə çevrilmək
meyillərindən xilas oldu. Qəti şəkildə
bəlli oldu ki, hakimiyyətə gəlməyin yeganə yolu
seçkidir.
15 iyundan sonrakı tariximizə qısa
baxış
Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə müstəqil Azərbaycan
dövlətinin və xalqının tarixində tamamilə
yeni bir dövr başladı. Bu,
müasir müstəqil milli dövlətin və dövlətçiliyin
xilası, möhkəm əsaslarla qurulmasının
başlanması dövrü idi. Hakimiyyətə
gəlişi ilə Azərbaycan dövlətini
dağılmaqdan, xalqı vətəndaş müharibəsindən
xilas edən Heydər Əliyev ənənəsi olan indiki Azərbaycan
dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan
güclü dövlətçilik ənənəsinin əsası
qoyuldu. Müasir milli dövlət quruldu.
Dövlətin və millətin inkişafı
baxımından bir sıra tarixi əhəmiyyət
daşıyan məsələlər həll edildi. Azərbaycan
dövləti 1994-cü ilin may ayının əvvəlllərində
NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına
qatıldı. Həmin ayda Ermənistan ilə
Azərbaycan arasında atəşkəs elan edildi.
Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin tərəqqisi və gələcəyi
üçün möhtəşəm bir addım atdı. Yeni neft strategiyası işlənib hazırlandı
və reallaşdırıldı. 1994-cü il sentyabrın 20-də dünyanın bir
sıra böyük ölkələrini təmsil edən
transmilli şirkətlərlə "Əsrin müqaviləsi”
imzalandı. Heydər Əliyev bir-biri ilə
didişən ölkələri Azərbaycanda əməkdaşlığa
dəvət etdi, onları ortaq məxrəcə gətirdi.
Bəzi ölkələrdən ərazicə kiçik, əhalisinin
sayına görə az olmasına
baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan
dövlətləri bir masa arxasında oturda bildi. Soruşulur:
ərazisi və əhalisi bir neçə il
əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində
rolunu artıran, mövqelərini gücləndirən,
dünyanın maraq dairəsinə çevirən amillər
hansılar idi? Heç şübhəsiz, bu sualın konkret
cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət
məsələlərini, xalqın psixologiyasını deyil,
dünya işlərini mükəmməl bilməsi, zəkası,
uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti.
Heydər Əliyev təbii sərvət olan neft
və qazı Azərbaycanın milli sərvətinə
çevirən dövlət xadimi oldu.
Heydər Əliyevin qətiyyəti
özünü "Əsrin müqaviləsi” imzalandıqdan
sonra baş verən dövlət çevrilişi cəhdlərinin
qarşısının alınmasında aydın şəkildə
göstərdi. 1994-cü ilin oktyabr və
1995-ci ilin mart aylarında baş verən dövlət
çevrilişi cəhdləri məhz Heydər Əliyevin
yenilməz qətiyyəti, siyasi bacarığı ilə
iflasa uğradıldı. Azərbaycan
xalqı qanuni hakimiyyəti müdafiə etdi. Çevrilişlərin qarşısının
alınmasının Azərbaycan üçün tarixi və
ibrətamiz əhəmiyyəti oldu. Heydər
Əliyev göstərdi ki, Azərbaycan dövlət
çevrilişləri üçün sınaq meydanı
deyildir, ölkədə güclü dövlət hakimiyyəti
vardır. Bununla da silahlı yolla hakimiyyətə
gəlmək kimi acı təcrübəyə son qoyuldu.
Silahlı çevriliş cəhdlərinin
qarşısının alınması digər bir
mühüm məsələnin həllinə kömək
etdi. Azərbaycanda sabitlik və
sabaha ümidlər olmadığından xarici ölkələr
və donor təşkilatlar Azərbaycana borc vermirdilər.
Dövlət büdcəsində isə vəsait
yox idi. Dövlət çevrilişlərinin
qarşısı alındıqdan və sabitlik
yaradıldıqdan sonra Azərbaycana investisiya axını
başladı.
Yeni neft strategiyası ölkənin
inkişafı, güclü dövlət qurulması, Azərbaycan
xalqının daha yaxşı yaşayışını təmin
etmək üçün açar oldu. "Əsrin müqaviləsi” Azərbaycanın
bütün gələcək inkişafına ciddi təsir edən,
ölkənin tərəqqisinin və vətəndaşın
rifah halının yaxşılaşdırılmasına
yönələn siyasətin başlıca amillərindən
biri oldu.
Heydər Əliyev Azərbaycan
tarixində digər bir mühüm məsələni həll
etdi. Azərbaycan dövlət
müstəqilliyini bərpa etsə də, hələ dövlətin
Ana Qanunu qəbul edilməmişdi. Bilavasitə onun liderliyi
altında 1995-ci il noyabrın 12-də
referendum yolu ilə Azərbaycan Respublikasının
Konstitusiyası qəbul edildi və müstəqil Azərbaycan
Respublikası parlamentinə çoxpartiyalı əsasda
seçkilər keçirildi. Dünyanın ən
demokratik konstitusiyalarından biri olan Ana Qanunumuzda insan hüquq
və azadlıqları ilə bağlı müddəalarla
yanaşı, Azərbaycan xalqı və dövlətinin gələcəyi
ilə bağlı olan fundamental məsələlər də
təsbit edildi. Xəzər dənizinin
hüquqi statusunun müyyənləşdirilməsi
üstündə gedən mübahisələrdə ədalətə
və artıq mövcud olan praktikaya dayanaraq Xəzər dənizinin
Azərbaycan sektorunun ölkə ərazisi olmasının təsbit
edilməsi və ölkə ərazisinin yalnız ümumxalq
referendumu yolu ilə dəyişdirilməsinin mümkün
olması Ermənistanın təcavüzünün davam etdiyi
bir şəraitdə tarixi əhəmiyyət daşıyan
bir addım idi. Bununla da müstəqil Azərbaycan
dövlətinin ilk Konstitusiyasının memarı olan Heydər
Əliyev müstəqil Azərbaycan Respublikası dövlətinin
gələcəyini müəyyənləşdirən bir
dövlət xadimi oldu.
Milli Məclisə seçkilərin
keçirilməsi ilə yaxın keçmişin acı
parlament təcrübəsi artıq tarixin arxivinə verildi. Parlament çevrilişlər və dövlət əleyhinə
yönələn fəaliyyətləri müdafiə edən
deyil, müstəqil dövlət quruculuğunda xüsusi yeri
olan bir orqana çevrildi.
Milli iqtisadiyyatın yenidən, azad
bazar iqtisadiyyatının tələblərinə uyğun
qurulması üçün addımlar atıldı. İqtisadiyyatda liberallaşma genişləndi. İslahatlara başlanıldı. Özəlləşdirilmə həyata
keçirildi.
Sabitlik bərqərar edildikdən sonra
ölkədə vətəndaş cəmiyyətinə
keçid baş verdi. Ölkənin
demokratikləşdirilməsi istiqamətində islahatlar
aparıldı. Çoxpartiyalı sistemin əsasları
möhkəmləndirildi. Vətəndaş
cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində
ciddi tədbirlər həyata keçirildi.
Heydər Əliyev Azərbaycan
tarixində böyük əhəmiyyət daşıyan bir
addım atdı. Ölkədə
ölüm hökmü ləğv edildi.
Azərbaycanın hərb sistemi
quruldu. Ölkəni xarici təcavüzdən
qorumağa qadir olan güclü ordu
formalaşdırıldı. Hərbi-sənaye
kompleksi qurulmağa başlandı.
Heydər Əliyev milli ideyaları
milli ideologiya olaraq sistemləşdirdi və
formalaşdırdı. O, bütün ölkə vətəndaşlarını
birləşdirən azərbaycançılıq
ideologiyasının əsaslarını işləyib
hazırlayaraq həyata keçirdi, etnik millətçiliyə
dayanan yanaşmadan imtina edərək, bütün vətəndaşların
şəxsiyyət vərəqəsində "Azərbaycan
Respublikasının vətəndaşı” yazmağın təşəbbüskarı
və onu reallaşdıran dövlət xadimi olaraq siyasi
milliyyətçiliyə, dövlət-millət
anlayışına keçidin banisi oldu. Bu, Azərbaycan
tarixində görünməmiş nəhəng bir fəaliyyət
və bir ilk idi.
Heydər Əliyevin rəhbərliyi və
yürütdüyü siyasət nəticəsində Azərbaycanın
müstəqilliyi tarixində ilk dəfə sabitsizlikdən,
anarxiyadan sabitliyə, qarışıqlıqdan demokratiyaya,
ağır həyat şəraitindən firavan
yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha və özünə
inamı artdı.
Azərbaycan mədəniyyətinin
inkişafı üçün yeni imkanlar yaradıldı. Dünya ölkələri ilə mədəniyyət
sahəsində əlaqələr genişləndirildi.
Azərbaycan Respublikasının
Prezidenti tariximizdə ilk dəfə olaraq xaricdə yaşayan
həmvətənlərlə işin qurulması və
reallaşdırılması üçün müvafiq
dövlət komitəsi yaratdı, soydaşlarımızla əlaqələr
genişləndirildi. Azərbaycan
Respublikası dövləti onların qürur mənbəyinə
çevrildi.
Dövlətin beynəlxalq əlaqələri
və xarici siyasəti sahəsində mühüm addımlar
atıldı. Heydər Əliyev Azərbaycan
Respublikası dövlətinin xarici siyasət
strategiyasını müəyyənləşdirdi və
reallaşdırmağa başladı. Azərbaycan
dövlətinin maraqlarını ciddi şəkildə qoruyan
tarazlaşdırılmış xarici siyasət xətti
yürüdülməyə başlandı. Azərbaycanın strateji müttəfiqləri,
strateji tərəfdaşları, ortaqları, qonşuları
dəqiqləşdirildi.
Müxtəlif neft boru kəmərləri
işə salındı və ya təməli qoyuldu. Azərbaycanın xarici ölkələrdən enerji
asılılığına son qoyuldu. Bakı -
Novorossiysk şimal, Bakı - Supsa ilkin qərb, Bakı - Tbilisi
- Ceyhan əsas ixrac neft boru, Bakı - Tbilisi - Ərzurum qaz boru
kəmərlərinin əsası qoyuldu. Bu
çoxşaxəli boru kəmərləri layihələri təkcə
iqtisadi deyil, eyni zamanda Azərbaycan dövlətinin beynəlxalq
mövqelərini möhkəmləndirən, müstəqilliyini
gücləndirən, xalqın maddi rifah halını və mənəvi-psixoloji
ruhunu yüksəldən amillər oldular.
Heydər Əliyevin səyləri ilə
böyük İpək yolunun bərpası həyata
keçirildi. Şərqlə Qərbi
birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni
zamanda böyük siyasi və strateji əhəmiyyət
daşıyan TRASEKA proqramı reallaşdırıldı.
Dünya ticarət yolları üzərində əlaqələndirici
qovşaq ölkələrdən biri olan Azərbaycanı
dünyanın mərkəzlərindən birinə çevirəcək
Bakı-Tbilisi - Qars dəmiryolu layihəsi ideyası və onun
həyata keçirilməsi üçün
hazırlıqlara başlanılması da müstəsna tarixi
əhəmiyyət daşıyan hadisə idi.
Azərbaycanın beynəlxalq
mövqeləri möhkəmləndi. Avropa
ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın
əhəmiyyəti artdı, Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başladı.
Problemlər necə həll edildi?
Azərbaycan dövlətinin
dağılmasının və ölkənin
parçalanmasının qarşısını Heydər
Əliyev xalqa arxalanaraq topsuz-tüfəngsiz, qan tökmədən,
böyük uzaqgörənliklə, müdrikcəsinə
aldı. Xalq ona etibar etdi və
inandı. Problemlərin həllində Heydər
Əliyev şəxsiyyəti amili və liderlik keyfiyyəti
müstəsna rol oynadı. Separatçıların
qadınlar tərəfindən vedrələrlə
qovulması ilə gələcəkdə bu xülyaya
düşənlərə yaxşı dərs verildi.
Heydər Əliyevin hakimiyyəti illərində
Azərbaycanda dövlət möhkəmləndirildi, ölkə
müasirləşmə üçün hazırlandı. Yaxın illərin təcrübəsi sübut edir
ki, yeni müstəqil dövlətlərdə hələ dərin
ənənələr formalaşmadığından mürəkkəb
anlarda problemlər yaranır. Ona görə
də həmin ölkələrdə dövlət rəhbərinin
şəxsiyyəti və bacarığı müstəsna
aparıcı amillərdən biridir. Bu
baxımdan görkəmli dövlət və siyasət
adamı İlham Əliyevin 2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti seçilməsi Heydər
Əliyev siyasətinin davam etdirilməsinə tərəfdar
olan xalqın şansı oldu. Nə
üçün?
Ənənə davam edir və ya Azərbaycan
xalqının şansı
Seçicilərin böyük əksəriyyətinin
səsi ilə İlham Əliyevin Prezident seçilməsi sayəsində
Azərbaycan dövlətçiliyi və xalqının
tarixində yeni bir keyfiyyət mərhələsi
başladı. Bu, Azərbaycan
Respublikasının müasirləşməsi və onun tərkib
hissəsi olan modernləşdirilməsidir. 2003-2020-ci illərdə o zamana qədərki
tariximizdə görünməmiş bir sıra ilklərə
imza atıldı. Ölkədə iqtisadi yüksəliş
baş verdi. Azərbaycan rəqabətə
davamlı bir ölkə oldu. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə
çevrildi. Yeni iş yerləri açıldı. Xalqın həyat şəraiti
yaxşılaşdı. Ölkədə
yeni texnologiyalar tətbiq edildi. Hərbi-sənayə
kompleksi yaradıldı. Azərbaycan beynəlxalq
silah satış sərgi-yarmarkalarının
iştirakçısı oldu. Azərbaycan
Ordusu dünyanın 50 ən qabaqcıl ordularının cərgəsində
yer aldı. Xalqın özünəinamı
artdı və milli ruhu yüksəldi. Tolerantlığın
hakim olduğu Azərbaycan model bir ölkə halına gəldi.
Azərbaycan dövləti ərazisində hərbi
baza və obyekt saxlamayan bir ölkə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin planetar təfəkkürü və
yürütdüyü siyasət sayəsində ölkəmizin
BMT Təhlükəszilik Şurasına üzv seçilməsi
ilə tariximizdə qürurverici bir ilk yaşandı. Dövlət başçısının Təhlükəsizlik
Şurasının iclasına sədrlik etməsi, dünya
problemlərini gündəliyə gətirərək
mümkün həlli yollarını göstərməsi
diplomatiya tariximizin ən parlaq səhifələrindən biri
idi. Azərbaycan enerji, nəqliyyat və
informasiya təhlükəsizliyini təmin etdi. Kosmos klubunun üzvü olmaqla tariximizə yeni bir ilk
yazıldı. "Eurovizion” yarışmasının
ilk dəfə olaraq Azərbaycanda mükəmməl bir şəkildə
keçirilməsi ilə ölkəmizin xəritədə
axtarılmasına son qoyulması tariximizin mühüm hadisələrindən
biridir. İlk Avropa oyunları
keçirildi. 2016-cı ilin aprelində
uğurlu hərbi əməliyyat nəticəsində
işğal altındakı ərazilərin bir hissəsi
düşməndən azad edildi. TAP və TANAP layihələrinin
həyata keçirilməsi dövlətimizin beynəlxalq əhəmiyyətini
artırdı.
İbrət dərsləri
15 iyun tarixindən ibrət
alınası bir çox məsələlər vardır. Hər şeydən əvvəl, demokratiyanı bərqərar
etmək üçün, ilk növbədə, dövlət
olmalıdır. Zəif dövlət və
anarxiya olan yerdə demokratik cəmiyyət qurmaq olmaz. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə
ziddiyyət təşkil edir. İkincisi,
xalq öz taleyini və onu idarə edən hakimiyyət
sükanını heç bir zaman naşı, populist adamlara,
millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə
bilməyən, çətin anlarda qaçıb gizlənən
şəxslərə etibar etməməlidir. Sabitlik güclü dövlətin, tərəqqinin,
rifahın və demokratiyanın təməlidir. Sabitlik olmasa, xalq heç vaxt rahat yaşaya bilməz.
Xalq əgər bunları istəyirsə,
heç şübhəsiz istəyir, onda heç bir zaman
anarxiyaya, hakimiyyətə küçədən gəlmək
cəhdlərinə yol verməməlidir. Üçüncüsü,
hakimiyyət ilə xalq arasında sıx birlik, hakimiyyətin
qanadları arasında faydalı əməkdaşlıq daim
qorunmalıdır. Dördüncüsü,
fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud
olması demokratik cəmiyyətlərə xas bir əlamət
olduğundan onlar qarşıdurmalara, toqquşmalara gətirməməlidir.
İdeyaların hansının daha çox fayda
verməsi əsas götürülərək problemlərin həll
edilməsi ölkəni tərəqqiyə aparar.
Heç şübhəsiz, bundan
sonra min illər keçəcək, Azərbaycan xalqı və
dövləti mövcud olduqca, dövlətimizi güclü və
qüdrətli etmək istəyən, qarşıya
çıxan problemləri həll etməyə
çalışan rəhbərlər daim Heydər
Əliyevin milli dövlətçilik və siyasi milliyyətçilik
irsinə müraciət edəcəklər. Beləliklə, əbədiyyən Azərbaycan
xalqı və dövləti durduqca, Heydər Əliyev, onun
milli dövlətçiliyə dair nəzəri irsi və
praktik təcrübəsi də daim yaşayacaqdır.
Musa QASIMLI,
Milli Məclisin
deputatı,
AMEA-nın
müxbir üzvü
Azərbaycan.-2020.- 14 iyun.- S.6.