Müxalifət fəaliyyətini dövlətə və xalqa fayda vermək müstəvisində qurmalıdır

 

Fəzail AĞAMALI: "Dialoqun başlaması Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasının əsas göstəricilərindən biridir

 

Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin yüksəlişinə böyük töhfələr verir. İqtisadi, sosial və digər sahələrlə yanaşı, siyasi islahatların da aparılması cəmiyyətimizdə bu müstəvidə yeni münasibətlərin yaranması ilə müşahidə olunur.

Bu mövzuda Milli Məclisin deputatı, İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə həmsöhbət olduq.

- Azərbaycanda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşması son dövrün siyasi reallıqlarından biridir. Artıq ilkin nəticələrini verən bu prosesdən sizin gözləntiləriniz nədən ibarətdir?

- Prezident İlham Əliyevin 2018-ci il seçkilərindən sonra qarşıya qoyduğu başlıca vəzifələrdən biri bütün sahələrdə islahatların dərinləşdirilməsi idi. Tezliklə bir sıra sahələrdə genişmiqyaslı islahatlara start verildi. Həmin islahatların içərisində Azərbaycanın siyasi həyatında siyasi partiyaların yerininrolunun artırılması da qarşıya qoyulan vəzifələrdə biri idi. Çünki Prezidentin təşəbbüsü ilə cəmiyyətin bütün tərəflərini əhatə edən islahatlar zamanı yeni siyasi konfiqurasiyanın yaranması kənarda qala bilməzdi. Bu da təbiidir. Çünki respublikamızın indiki inkişaf səviyyəsi cəmiyyətimizdə və siyasi proseslərdə partiyaların yerininrolunun artırılmasını zəruri edir.

Bu ilin fevralında keçirilən altıncı çağırış Milli Məclisə seçkilərdə ölkəmizdə fəaliyyət göstərən bir sıra siyasi partiyaların nümayəndələrinin parlamentə mandat əldə etməsindən sonra əslində nəzəri cəhətdən bizim gözləntilərimiz özünü doğrultmağa başladı.

Bununla paralel olaraq cənab İlham Əliyev Prezident Administrasiyasında struktur islahatları apararkən Siyasi partiyalarla aparan xüsusi şöbənin yaradılmasını zəruri bildi. Artıq bu şöbə öz fəaliyyətini kifayət qədər yüksək səviyyədə həyata keçirir.

Parlament seçkilərindən dərhal sonra həmin şöbənin müdiri Ədalət Vəliyevin həm Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiya rəhbərləri ilə görüşləri keçirildi. Bu görüşlərdə hər bir partiya rəhbəri ilə açıq və səmimi şəkildə müzakirələr aparıldı. Bununla da, əslində, iqtidarla parlamentdə və parlamentdən kənarda olan siyasi partiyalar arasında geniş miqyas daşıyan dialoqun əsası qoyuldu.

- Dialoqdan söz düşmüşkən, siyasi sistemin komponentləri arasında yeni müzakirələrin başlamasını necə qiymətləndirirsiniz?

- Siyasi dialoqun başlaması da Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasının əsas göstəricilərindən biridir. Əlbəttə, atılmış bu addımlar qeyd etdiyim kimi, respublikamızın siyasi mühitində, siyasi-ictimai proseslərdə partiyaların yerininrolunun artırılmasına xidmət edən mühüm amildir. Tamamilə əminəm ki, yaxın gələcəkdə bu prosesin daha böyük müsbət nəticələrini görəcəyik.

Siyasi partiya rəhbərləri ilə görüşə dəvət olunanlardan biri də mən idim. Format ayrı-ayrı partiyaların rəhbərləri ilə birlikdə deyil, ayrı-ayrı görüşün keçirilməsi idi. Düşünürəm ki, bu, yeni dialoqda olduqca düzgün yanaşma idi. Çünki hər bir partiyanın özünün iqtidarla buya digər münasibətlərinə aydınlıq gətirilməli idi. Əlaqələrin qarşılıqlı olaraq həyata keçirilməsi üçün fərdi söhbət və müzakirələrin aparılması daha doğru idi.

Beləliklə, artıq partiyalarla dialoqun aparılması prosesi başlayıb. Ölkəmizdə fəaliyyət göstərən və dəvət olunan əksər siyasi partiyalar bu dialoqa müsbət münasibət bildirdilər.

- Fəzail müəllim, ümumiyyətlə, yeniləşən siyasi sistemdə müxalifət öz fəaliyyətini necə qurmalıdır? Müxalif siyasi partiyaların təkmilləşməsinə ehtiyac duyulurmu?

- Çox təəssüf edirəm ki, bizdə siyasi proseslərə fərqi yanaşmalar var. Demokratik dövlətçiliyə uyğun olaraq ölkəmizdə siyasi sistemdə iki tərəf var. Bir tərəfdə xalqın etimad göstərdiyi iqtidar, seçki yolu ilə hakimiyyətə gələn partiyaonun rəhbəri var. Yəni Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev xalqın yüksək etimadını qazanaraq ölkəyə rəhbərlik edir.

İlham Əliyevin yaratdığı iqtidar komandası Konstitusiya ilə üzərinə düşən vəzifəni yerinə yetirir və dövləti idarəetmə məsuliyyəti də onun üzərindədir.

Digər tərəfdə isə siyasi proseslərdə iştirak edən, lakin seçkilərdə uduzan müxalifət var. Bu müxalifət mövqeyində dayananlar da məsuliyyət daşıyırlar. Onlar da müxalifət olaraq fəaliyyətlərini bu çərçivədə, dövlətə və xalqa fayda vermək müstəvisində qurmalıdırlar. Təbii ki, müxalifət iqtidarın fəaliyyətini ciddi şəkildə izləməli və müşahidə etməlidir. Dövlətin idarəçiliyi, ölkənin yüksəlişi ilə bağlı əldə edilən uğurlar etiraf olunmalıdır. Bunun üstündən heç bir vəchlə xətt çəkmək olmaz. Bununla yanaşı, müxalifət səhv və nöqsanların üzərində dayanmalıdır. Amma bu zaman qərəzli, qeyri-obyektivlik istisna olunur. Həmin nöqsan və səhvlər konstruktiv şəkildə, dövlətçilik mövqeyindən önə çəkilməli, ictimailəşdirilməli, iqtidarın diqqətinə çatdırılmalıdır. İqtidar da müxalifətin göstərdiyi səhv və nöqsanların aradan qaldırılması üçün addımlarını atmalıdır. Beləliklə, bu kimi siyasi əlaqələr cəmiyyətin yüksəlişinə, ölkənin inkişafına xidmət edir.

İndi müxalifət çoxqütblüdür. Parlamentdə təmsil olunan və təmsil olunmayan siyasi partiyaların xeyli hissəsi dediyimiz konstruktiv mövqedə özünü ifadə etməkdədir. Deyərdim ki, bu baxımdan müxalifət öz fəaliyyətinin ilkin və başlanğıc mərhələsindədir. Gələcəkdə onların mövqeyinin möhkəmlənməsi tamamilə mümkündür.

- Lakin özünü sağlam siyasi proseslərdən təcrid edən, marginallaşan radikal müxalif partiyalar tamamilə fərqli fəaliyyət nümayiş etdirirlər...

- İnkarçılıq və qərəzçilik mövqeyində duran, ayrı-ayrı antiazərbaycançı dairələrdə yer alan partiyaların Azərbaycanın siyasi mühitindən getməsi və silinməsi, tarixin arxivinə gömülməsi qaçılmazdır. Bu birmənalıdır. Çünki Azərbaycan cəmiyyətinin indiki inkişaf səviyyəsi radikallığı, barışmazlığı, anarxiyanı, özbaşınalığı qəbul etmir, bütün siyasi partiyaların sivil müstəvi üzərində fəaliyyətinə üstünlük verir və hər kəs üçün respublikamızda sabitliyin qorunub saxlanılması, dövlətçiliyimizin möhkəmlənməsi son dərəcə vacibdir. Bu baxımdan dediyim kimi dövlətə və xalqa xidmət edən siyasi partiyaların, - fərqi yoxdur, iqtidarya müxalifət olsun, - Azərbaycanın siyasi mühitində yerirolu daim olacaq. Əks mövqedə duranlar isə Azərbaycanın siyasi həyatından silinəcəklər.

Məlum olduğu kimi, hakimiyyətin dialoq təşəbbüsündən qaçanlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli oldu. Bu, bir daha onun antiazərbaycançı şəbəkədə yer aldığını, anarxist mövqedə olduğunu, milli dövlətçiliyimizə zərbə vurmağı öz fəaliyyətində prioritet götürdüyünü, ölkəmizdə xaosun yaranmasında maraqlı olduğunu sübut etmiş oldu. Həmin adam bir daha özünün antimilli mahiyyətini ortaya qoydu və bəlli oldu ki, Ə.Kərimliyə onu idarəedənlər tərəfindən bu dialoqda iştirak etmək qadağan edilib.

Bütün fəaliyyətini AXCP ilə sinxron şəkildə quran Müsavat partiyasının rəhbərliyi də Ə.Kərimlinin yolu ilə getdi. Öz fəaliyyətini onunla sinxronlaşdırdı və müxtəlif bəhanələrlə bu dialoqdan imtina etdi. Düşünürəm ki, bununla da Müsavat partiyası özü-özünə ən böyük zərbələrdən birini vurdu. Müsavat da özünütəcrid rejiminə keçməklə normal siyasi-ictimai proseslərdən uzaq olmaq yolunu tutdu. Beləliklə, həmin partiyaların sivil fəaliyyət metodlarından, sağlam müxalifətçilikdən uzaq olduqları bir daha təsdiqləndi.

Sanki AXCP ilə Müsavat arasında kim daha çox radikaldır, kim daha çox barışmazdır deyə bir yarışma var. Lakin bu yarışmanın perspektivi yoxdur. Çünki partiyanın gücü onun sosial dayaqlarında və sivil şəkildə siyasi proseslərdə iştirakındadır. Əgər bir partiya cəmiyyət tərəfindən qəbul olunmursa, sosial dayaqları yoxdursa və fəaliyyətini antimilli məcrada qurursa, deməli o, heç bir siyasi uğur qazanmaq imkanında deyil. Bu baxımdan sözügedən partiyaların dialoqdan imtina etməsi, yeni siyasi konfiqurasiyada yer almamaları onların itkisi kimi qiymətləndirilməlidir.

- Bir qədər əvvəl müxalifətin parlamentdə təmsil olunmasından danışdınız. İstərdik ki, bu barədə ətraflı danışasınız və xüsusən müxalifətə qanunverici orqanda yaradılan şəraitlə bağlı fikirləriniz maraqlıdır.

- Əvvəlki dövrlərdə də parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçilərinin Milli Məclisdə öz fikirlərini ifadə etmələrinə, fərqli rəylərlə çıxışlarına hər hansı məhdudiyyət qoyulmayıb. Lakin indi, əvvəl qeyd etdiyim kimi, yeni siyasi mühit formalaşıb. Əlbəttə, belə bir şəraitdə siyasi partiyaların təmsilçiləri təkcə parlamentdə təmsil olunmaqla kifayətlənmirlər. Onlar eyni zamanda qanunvericilik təşəbbüsündə, qanun layihələrinin işlənib hazırlanmasında yeni imkanlar qazanıblar.

Son parlament seçkilərindən sonra Milli Məclisdə yer alan müxalifət təmsilçiləri sədr müavini, komitə sədri, komitə sədrinin müavinləri səviyyəsində rəhbər vəzifələrə layiq görüldülər. Bununla da siyasi sistemdə yeni konfiqurasiyanın formalaşması istiqamətində mühüm addımlar atıldı. Milli Məclisdə siyasi partiyaların yerininrolunun əməli və praktiki baxımdan gücləndirilməsi ölkəmizin siyasi həyatının ən mühüm hadisələrindən biridir. Bütün bunlar həm də siyasi partiyaların öz gələcək fəaliyyətlərinin məhz bu cür siyasi konfiqurasiya üzərində qurması üçün çox mühüm zəmindir.

- Son vaxtların əsas hadisələrindən biri də ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan tədbirlərin gücləndirilməsidir. Bütün bunları siz necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin apardığı islahatlara mane olan, dövlətçiliyimizin immunitetinin zəifləməsinə yol açan korrupsiya və rüşvətxorluğa qarşı uğurlu mübarizə tədbirlərinin həyata keçirilməsi cəmiyyətimiz tərəfindən təqdir olunur. Mənim fikrimcə, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi islahatların içərisində yer alan xüsusi bir xətdir. Ölkə Prezidenti 2019-cu ildən sonra formalaşdırdığı yeni komandanın təyinatında, altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında, eyni zamanda müşavirə və tədbirlərdə söylədiyi nitqlərində korrupsiya və rüşvətxorluğa qarşı ciddi, barışmaz və sistemli mübarizə aparmağın vacibliyini qeyd edib.

Dövlət başçısının söylədiyi bu fikirlər yaxın keçmişimizdə, son aylarda konkret addımlarla təsbit edildi. Bir neçə rayonun icra hakimiyyətinin başçısının, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin korrupsiya hallarında şübhəli bilinərək həbs olunması dediklərimə misaldır. Heç kim düşünməsin ki, bu, sadəcə olaraq, adi bir haldır və ya bəzilərinin iddia etdiyi kimi, görüntüdür. Qətiyyən belə deyil. Bu, sistemli xarakter daşıyan, Azərbaycan dövlətinin güclənməsinə, onun immunitetinin daha da möhkəmlənməsinə, cəmiyyətimizin yüksəlişinə xidmət edən son dərəcə mühüm siyasi iradədir. Bu baxımdan biz xoşagəlməz və neqativ hallara qarşı Prezident İlham Əliyevin qətiyyətini görməkdəyik. Təyin olunan bütün yeni icra hakimiyyəti başçıları ilə videoformat şəklində qəbul zamanı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin bundan sonra da ciddi surətdə aparılacağı Prezident İlham Əliyev tərəfindən önə çəkilməkdədir. Başqa cür ola da bilməz. Çünki islahatların effektivliyinə ciddi zərbə vuran korrupsiya və rüşvətxorluğa son qoymadan daha əhəmiyyətli nəticələr gözləmək olmaz. Bunlar biri digəri ilə bağlı olduğu üçün, sona qədər neqativ hallara qarşı ölkəmizdə mübarizə davam etdiriləcək.

- Azərbaycanın əsas reallıqlarından biriPrezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi islahatlar konsepsiyasının uğurlu nəticələridir, qeyri-neft sektorunda əldə olunan nailiyyətlərdir. Son dövrdə digər sahələrə paralel olaraq yeni keyfiyyət mərhələsinə qədəm qoyan sosial-iqtisadi islahatlarla bağlı nə deyə bilərsiniz?

- Sosial-iqtisadi sferada ölkə Prezidentinin apardığı indiki ardıcıl və sistemli fəaliyyət 2003-cü ildən başlayır. Cənab İlham Əliyev həmin ildə Prezident seçildikdən sonra dərhal regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı olduqca mühüm qərarlar verdi, sənədlər imzaladı. Bütün şəhər və rayonların, kənd və qəsəbələrin, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetdir.

Son 17 ildə xeyli dərəcədə uğurların əldə edildiyi göz önündədir. Azərbaycanın regionlarında sosial obyektlərin yenilənməsi, müasir standartlar səviyyəsində yüzlərlə məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, idman komplekslərinin tikilməsi, bütün sahələr üzrə yeni infrastrukturun yaradılması, o cümlədən nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması, turizmin inkişafı ölkəmizin inkişaf reallıqlarıdır. Eyni zamanda bu dövrdə Azərbaycan iqtisadiyyatı tamamilə yenidən formalaşıb, ölkəmizin ixrac potensialı yüksəlib, iqtisadi sferada qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artıb. İqtisadi inkişaf nəticəsində ölkədə məşğulluq təmin olunub, yoxsulluğun səviyyəsi dəfələrlə azalıb.

Azərbaycanın iqtisadi inkişafının əsas göstəricilərindən biribir sıra şəhər və rayonların büdcədən maliyyələşməsinin dayandırılmasıdır. Artıq 40-a yaxın şəhər və rayon öz daxili imkanları hesabına yerli büdcələrini formalaşdırmaq imkanındadır. Bu tendensiya davam edir və ildən-ilə belə rayonların sayı artır.

Əgər Prezident İlham Əliyevin atdığı addımlar olmasaydı, biz bu gün qeyd edilən uğurlar barəsində danışa bilməzdik. Bütün bunlar olduqca ciddi inkişaf nümunələri, Azərbaycanın keçdiyi inkişaf yolunun göstəriciləridir. Ümumilikdə görünən odur ki, dövlət başçısının yürütdüyü siyasət respublikamızın inkişafına, insanların rifahına və dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə uğurla xidmət edir.

 

Müsahibəni yazdı:

Rəşad CƏFƏRLİ

Azərbaycan.=2020.- 17 iyun.- S.1;5.