Bol məhsullu zəmilər

 

Cəlilabadda taxıl biçini sürət götürür

 

 

Bir neçə il bundan əvvəl çəkilmiş rahat Cəlilabad-Yardımlı şose yolu ilə üzü qərbə doğru taxılbiçənlərlə görüşə gedirik. Yolun hər iki tərəfində yetişmiş taxıl zəmiləri görünür.

Arpa əkilmiş sahələrin məhsulu biçilib götürülmüşdür. Bir neçə gündür ki, buğda biçininə start verilmişdir. Hər tərəfdə qızğın gedir.

Yol yoldaşım Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul işçisi İlqar Mirzəyev idarə etdiyi maşının sükanını buraxmadan gözləri ilə işarə edib deyir ki, görürsünüz, mülkiyyətçi bu gün işinə necə məsuliyyətlə yanaşır, onun səmərəli olmasına çalışır. Taxılını biçdiyi sahənin küləşini pres bağlayır, sonra dərhal şum aparır. Bununla da o, həm mal-qarası üçün qışa yem tədarük edir, həm Allah eləməmiş, yanğın baş verərsə, alovun bir sahədən digərinə keçməsinin qarşısını alır, həm də yay şumu etmiş olur. Yay şumu isə növbəti il üçün bol məhsul deməkdir. Torpaq kifayət qədər günəş enerjisi toplayır, tərkibindəki ziyanvericilər, alaq otları da məhv olub gedir.

Dağların döşündə, məhsulu biçilmiş yerlərdə dördbucaq şəklində görünən, lakin hələ də yaşıllığını müəyyən qədər saxlayan sahələr diqqətimizi çəkdiyindən onların nə olduğu ilə maraqlanırıq. İ.Mirzəyev deyir ki, bunlar noxud, mərci, lərgə əkilmiş sahələrdir. Bunu eşidərkən sovetlər birliyi zamanında Cəlilabadda işləyən raykom katiblərindən birinin dediyi bu sözlər yadıma düşür: "Cəlilabad torpağından digər yerlərdə, Muğan zonasında gübrə kimi istifadə etmək olar”. Bu, sözün əsl mənasında belədir. Odur ki, burada bir çox bitkilər yetişir.

Müstəqillik əldə edildikdən, torpaqlar şəxsi mülkiyyətə verildikdən sonra kənd adamları, ayrı-ayrı sahibkarlar bu münbit, bərəkətli torpağın imkanlarından daha geniş və səmərəli şəkildə istifadə etməyə başladılar. Kartof, çiyələk əkinləri genişləndirildi. İndi burada yetişdirilən nübarfaraş məhsullar daxili bazarlarla yanaşı, Rusiya Federasiyasının müxtəlif şəhərlərinə də göndərilir.

Taxılçılıq isə rayonun iqtisadiyyatında həmişə mühüm yer tutmuşdur. Keçən əsrin 50-60-cı illərində Cəlilabadı Azərbaycanın Ukraynası adlandırmışlar. Taxılçılıqda əldə olunan nailiyyətlərə görə neçə-neçə zəhmət adamı o dövrün yüksək mükafatlarına layiq görülmüşdür.

Rayona gəlişimizin budəfəki məqsədi taxıl biçini ilə bağlıdır. Taxılçılarla bilavasitə üstündə görüşüb söhbət aparmaq istəyirik. Şabanlı kəndində olmağa qərar verdik.

Şabanlı kənd bələdiyyəsi İnili, Soltanlı, Qasımbəyli, Hacıməmmədli və Mirzətəhməzli kəndlərini də əhatə edir. Bələdiyyə 4 mindən çox əhalini birləşdirir. Əhali əsasən əkinçilik və maldarlıqla məşğuldur.

"Gördüyünüz kimi, rahat yolumuz, bol suyumuz var. Bir neçə il bundan əvvəl Şabanlı və Qasımbəyli kəndlərinə təbii qaz çəkilmişdir. Digər kəndlərimizin də qazlaşdırılması nəzərdə tutulub. Artıq sənədlər hazırdır. Uşaqların təhsil alması, əhalinin sağlamlığının qorunması üçün məktəblərimiz, tibb məntəqələrimiz var. Uzun illər bundan qabaq kəndlərimizə telefon xətti çəkilib, onun vasitəsilə sakinlərimiz internetdən də istifadə edirlər”, - deyə bələdiyyə sədri İzahat Ağayev bildirir. Öyrənirik ki, bələdiyyə ərazisində həyətyanı sahələr də daxil olmaqla 1500 hektara yaxın əkilib-becərilən torpaq sahəsi mövcuddur. Bundan 1200 hektara buğda, 100 hektara arpaqalan 200 hektara isə noxud, mərci, kartof, sarımsaq, qarğıdalı, habelə digər bitkilər əkilmişdir.

Kənddə olarkən burada 3 taxılbiçən kombaynın işlədiyini gördük. Maşına əyləşib onların yanına yollanırıq. Şabanlı kəndinin taxıl sahələri dağlıq ərazilərdədir. Kəndi ikiyə bölən kiçik çaydan keçib Səlim Şabıyevin məhsulu biçilən zəmiyə tərəf gedirik. Hündür təpənin başında kombayn görünür. Torpaq mülkiyyətçisinə yaxınlaşıb hal-əhval tutub görüşürük. "Məhsulunuz bol olsun!” - deyirik. S.Şabıyevdən hektarın məhsuldarlığını soruşuruq.

O, razılığını bildirir: "Allah bərəkət versin. Bu il qış qarsız keçdi. Qar da ki, özünüz bilirsiniz, taxılın yorğanıdır. Ancaq naşükür deyilik. Sağ olsun dövlətimiz, bizə hər cür qayğı-diqqət göstərir. Yazda yemləmə gübrəsi verdik, üstünə yağış yağdı. Dövlətin köməyi, Tanrının mərhəməti sayəsində, özünüz görürsünüz, yaxşı məhsul yetişib”. Bu vaxt "Nivakombaynının işığı yanır. Bu, bunker doldu deməkdir. Kombaynçı Nicat Abıyevlə görüşüb söhbət aparırıq. Dağlıq ərazidə günü ərzində 9-10 hektar sahənin məhsulunu biçdiyini bildirir.

Qeyd edək ki, cari ilin məhsulu üçün keçən ilin payızında Cəlilabadda 59 min 587 hektara taxıl əkilmişdir. Bunun 54 min 779 hektarı buğda, 4 min 808 hektarı isə arpadır. Arpa biçini artıq başa çatdırılmışdır.

Biz rayonda olarkən seçmə yolu ilə buğda biçininə başlanmışdı. Mütəxəssislər dedilər ki, bir-iki günə kütləvi şəkildə buğda biçini aparılacaq. Buna görə Cəlilabaddan məhsulu daha tez yetişən rayonlara köməyə gedən kombaynlar artıq geriyə - rayona qayıdır. Hazırda Cəlilabadda 130 kombayn, bir o qədər yükünü özüboşaldan "KAMAZ” "Şadmanmarkalı maşınlar işləyir. Məhsul toplanışını tez, itkisiz başa vurmaq məqsədilə yığımdan əvvəl Rayon Aqrar İnkişaf Mərkəzində kombaynçıların, mütəxəssislərin, digər əlaqədar təşkilatların nümayəndələri ilə seminar-müşavirə keçirilmiş, biçinlə bağlı hazırlanan tədbirlər planı təsdiq edilmişdir.

Elin əvəzsiz neməti olan taxılın vaxtında, itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunmuşdur. Onlar səhərlər zəmilərin şehi götürülən kimi yorulmaq bilmədən sünbül dolu zəmilərin məhsulunu yığmağa çalışırlar. Beləliklə məhsul, çörək bolluğu yaradırlar. Çörəyin bol olması isə ölkəmiz üçün çox vacib məsələlərdəndir.

 

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 18 iyun.- S.1;5.