Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı üzvüdür

 

İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz pandemiyaya qarşı qlobal miqyasda mübarizə aparır

 

Bəşəriyyət koronavirus - COVID-19 adlı mərəzin əsirinə çevrilib, yarım ildir ki, bu bəladan qurtulmaq üçün yollar axtarır, dərman tapmağa çalışır. Hələliksə bunların heç birinə nail olunmayıb və koronavirus sürətlə yayılaraq dünyada 8 milyondan çox insana yoluxub, 446 mindən artıq can alıb.

Nə yazıq ki, bu statistika artan tendensiya ilə davam edir. Amma yayıldığı ilk zamanlarda onu ciddiyə almayan, dərhal təhlükəsizlik tədbirləri görməyən, sosial izolyasiya qaydalarını tətbiq etməyən ölkələrə qarşı daha amansız oldu. Hazırda bütün ölkələrdə peyvənd hazırlanana qədər bu virusa yoluxmamaq və ondan qorunmaq üçün çıxış yolları axtarılır.

 

 

Pandemiyanın ən kəskin günlərində dövlət başçısı xalqın yanında oldu

 

 

Virusun üzə çıxdığı ilk zamanlardan etibarən Azərbaycan bu gözəgörünməz düşmənlə mübarizəyə atıldı.

Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilən çevik və effektiv tədbirlər ölkəmizdə koronavirusla mübarizədə müsbət nailiyyətlər əldə edilməsinə rəvac verdi. Pandemiyanın ən kəskin günlərində də dövlət başçısı xalqın yanında oldu, problemlərinin həlli istiqamətində mühüm tapşırıqlar verdi. Bu dövrdə müxtəlif açılışlarda iştirak etdi, bölgələrə səfərlər edib vətəndaşlarla görüşdü.

Dövlət başçısı COVID-19 pandemiyası zamanı böyük fədakarlıq göstərərək, insanların maddi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlərə imza atdı. Prezidentin rəhbərliyi altında nail olduğumuz bütün bu müsbət göstəricilər qlobal pandemiyaya qarşı digər ölkələrlə müqayisədə daha yaxşı statistika ortaya qoymağımıza səbəb oldu.

Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyi hər zaman dövlət siyasətinin əsas prioritetini təşkil edib. İyunun 9-da modul tipli xəstəxanaların açılışı zamanı İlham Əliyev bir daha vurğulamışdı ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunubdur və Azərbaycan burada da liderlik göstəribdir”.

 

 

Qlobal səviyyədə liderlik təşəbbüsü

 

 

Azərbaycan beynəlxalq səviyyədə də koronavirusla mübarizəyə dəstək verən ilk ölkələrdən oldu. Dövlətimiz qlobal böhranın aradan qaldırılması istiqamətində ehtiyacı olan xeyli ölkəyə maddi-texniki yardım edib, kömək əlini uzadıb, pandemiya ilə mübarizəyə qarşı dünya birliklərinin səylərinin birləşdirilməsinin təşəbbüskarı olub.

Azərbaycan liderlik təşəbbüsü göstərərək, dünyanı COVID-19-la mübarizədə birləşməyə səslədi. Belə ki, ölkə daxilində və beynəlxalq arenada ölkəmizin təşəbbüsü ilə zirvə görüşləri keçirildi. Eyni zamanda ölkəmiz bu aylar ərzində beynəlxalq işgüzar videokonfranslardan da kənarda qalmadı, dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq görüşlərini davam etdirdi.

 

 

"Ölkənizdə pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitdiyimə şad oldum”

 

 

Belə videokonfranslardan biri də iyunun 16-da "Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevin şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri ilə keçirildi.

Görüş zamanı şirkətin vitse-prezidenti Filip Roq pandemiya zamanı hər kəsin sağlamlığının qorunması üçün gördüyü işlərə görə İlham Əliyevi və hökumətimizi təbrik etdi: "İlk növbədə, deyərdim ki, ölkənizdə pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitdiyimə şad oldum. Mən dünya liderləri ilə əlaqə saxladığımdan bu, heç də həmişə belə olmur. Nəhayət, bilirsiniz ki, texnologiya və gördüyümüz bütün işlərdən başqa, insan sağlamlığı və insan həyatı bizim üçün prioritet təşkil edir. Hər kəsin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizi və hökumətinizi təbrik edirik. Lakin pandemiya heç də fərq qoymur. Ona görə də biz ehtiyatlı olmalıyıq”.

 

 

"Vəziyyət nəzarət altındadır”

 

 

Prezident İlham Əliyev Filip Roqun pandemiyanın öhdəsindən gəlməyimizlə bağlı dediyi sözlərə görə ona təşəkkür edərək söylədi ki, həqiqətən də, Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb: "Vəziyyət nəzarət altındadır. Eyni zamanda biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”.

Prezident onu da qeyd etdi ki, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük: "Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın - təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin, eyni zamanda iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik”.

 

 

"Ümidvarıq ki, bu məsələdə "Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik”

 

 

Dövlət başçısı "Microsoft” şirkəti ilə gələcək əməkdaşlığa dair fikirlərini də bildirdi: "İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə "Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

 

 

 

 

Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir

 

 

Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir: "Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər”.

Filip Roq isə, öz növbəsində, bildirdi ki, Bakıya qayıtmağı səbirsizliklə gözləyirlər: "Biz hamımız gələcək imkanları səbirsizliklə gözləyirik və işi davam etdirmək əzmində olan komanda kimi bilirik ki, çoxlu imkanlar var. Hər şeydən əvvəl, biz Bakıya qayıtmağı həqiqətən də səbirsizliklə gözləyirik”.

Şirkətin vitse-prezidenti onu da vurğuladı ki, investisiya yatırılmasının davam etdirilməsində və sabahın transformasiyası üçün yol xəritəsinin yaradılmasında şirkətin yardımına hər zaman arxalanmaq olar: "Biz Sizin sərəncamınızdayıq və bizim imkanlardan məqsədəuyğun saydığınız kimi istifadə edin. Biz Sizin üçün buradayıq”.

Elə bu videokonfrans əsnasında səsləndirilən fikirlər də onu deməyə əsas verir ki, Azərbaycan dövləti qlobal pandemiya dövründə də genişmiqyaslı və bütün sahələrin inkişafı üzrə həyata keçirdiyi işlərini davam etdirməkdədir. Əminliklə demək olar ki, dövlət başçısının rəhbərliyi altında reallaşan bütün bu effektiv tədbirlər, gələcəyə yönəlik planlar və irimiqyaslı layihələr sayəsində ölkəmiz postpandemiya dövründə də sosial-iqtisadi cəhətdən böyük problemlərlə üzləşməyəcək.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 18 iyun.- S.6.