Azərbaycanın 19-cu “ASAN”ı

 

Son dövrlərdə inkişafın və yüksəlişin Azərbaycan nümunələrindən biri hökumət-vətəndaş münasibətlərində, daha dəqiq desək, dövlət orqanlarının əhaliyə göstərdikləri xidmət sahələrində çevik mexanizmlərin tətbiqi, bürokratik əngəllərin aradan qaldırılmasıdır. Bu baxımdan dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda 2012-ci ildən yaradılmasına başlanılan "ASAN xidmət” mərkəzləri olduqca mütərəqqi və dünyada maraqla qarşılanan vətəndaşlara ictimai xidmət modelidir.

 

Milli brendimiz

 

Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quraninkişaf etdirən dövlət orqanı qismində "vahid məkan” prinsipinə əsaslanır.

Bütün bunlardan çıxış edərək "ASAN xidmət” modeli qısa müddətdə Azərbaycanda ictimai xidmət sahəsində dönüş yaratdı. "ASAN” ölkə əhalisi arasında o qədər populyarlaşdı ki, bunun davamı olaraq belə xidmət mərkəzlərinin Azərbaycanın regionlarında da yaradılmasına başlanıldı, həmçinin göstərilən xidmətlərin sayı və növü artırıldı.

Hazırda respublikamızda 19 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, 14-ü isə regional mərkəzlər olmaqla, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir.

Ölkəmizdə hələlik sonuncusayca 19-cu "ASAN xidmət” mərkəzi Ağcabədi şəhərində yaradılıb. Vətəndaşlara xidmət imkanları ilə bu mərkəzin statusu daha böyükdür, yəni "ASAN Həyat” kompleksidir. İyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan kompleks iyun ayının 16-dan vətəndaşların xidmətindədir. Mərkəzin açılışı zamanı "ASAN” könüllüləri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev "ASAN xidmət”i milli brend adlandıraraq deyib: "Bu gün "ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim "ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq "ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. "ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir”.

 

Ağcabədidə 9 rayonun sakinlərinə xidmət göstəriləcək

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin məlumatına görə, Ağcabədi "ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və bu ilin iyununda işlər başa çatdırılıb. Bu regional mərkəz Ağcabədi ilə yanaşı, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarında qeydiyyatda olan 814 900-dən çox vətəndaşla bərabər, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Bu kompleks üçün ayrılan ərazidə "ASAN Həyat”ın 7290 kvadratmetrlik 3 mərtəbəli möhtəşəm inzibati binası inşa olunub, həmçinin uşaq meydançası, idman meydançası, istirahət meydançası, avtobus dayanacağı, 100 avtomobillik avtodayanacaq, 54 yerlik açıq hava kafesi, 92 və 46 yerlik 2 zaldan ibarət kinoteatr, amfiteatr diskoteka, "ABAD Food Hall”, "ABAD Box Park” və paintball oyun sahəsi yaradılıb. Digər "ABAD Food Halllarda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil ediləcək. "ABAD Box Parkda isə vətəndaşlar ABAD məhsullarının yerləşdirildiyi xüsusi konteynerlərdə müasir küçə yeməklərini dadacaq, həmçinin alış-verişdən yararlana biləcəklər.

Bu mənada vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Çünki göründüyü kimi, kompleks vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

 

"Bu, Prezident İlham Əliyevin idarəçiliyinin nümunəsidir”

 

Ağcabədi regional "ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320 xidmət həyata keçiriləcək. Mərkəzdə əməkdaşların sayının 207, könüllülərin sayının 45 nəfər olması nəzərdə tutulur.

 

Kompleksin inzibati binası fərqli xarici üslubu ilə yanaşı, daxili interyeri, genişliyi, son dərəcə təmizliyi ilə də ilk andan insanda xoş ovqat yaradır. Elə ilk addımından şəffaf və operativ xidmət məkanına düşdüyünü başa düşən vətəndaşı girişdə gülərüz və mehriban personal qarşılayaraq ona ilk lazım olan informasiyanı verir. Məlumat mərkəzinin gülərüz əməkdaşlarının vətəndaşlarla prosesini kənardan izləyirik. Əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir. Və təbii ki, vətəndaşın mərkəzin inzibati binasına daxil olmasından başlayan bütün proseslər koronavirus təhlükəsi səbəbindən sosial məsafə tələblərinə əməl edilməklə həyata keçirilir.

Mərkəzdə söhbətləşdiyimiz Mətləb Zeynalov Ağcabədi sakinidir, "ASAN xidmət”ə övladına şəxsiyyət vəsiqəsi almaq üçün gəlmişdi. Onun sözlərinə görə, bu mərkəzin istifadəyə verilməsi Prezident İlham Əliyevin Ağcabədiyə və ətraf rayonlara böyük töhfəsidir: "Oğluma şəxsiyyət vəsiqəsi almaq üçün gəlmişəm. Elə binaya daxil olduğum ilk andan əməkdaşların gülərüz münasibəti ilə qarşılaşdım. Operativ şəkildə sənədlərimizi qəbul etdilər, şəkil çəkdilər və təyin olunan vaxtda gəlib hazır sənədi götürəcəyik. Mən ömrümdə dövlət orqanlarına müraciətimə bu qədər çevik münasibət göstərildiyini görməmişdim. Ona görə doğrudan da, çox məmnunam və sevinirəm ki, artıq vətəndaşların müraciətlərinə bu cür münasibət göstərilir. Bu, hörmətli Prezidentimiz

İlham Əliyevin idarəçiliyinin gözəl nümunəsidir. Onun həm Ağcabədiyə, həm də ətraf rayonların sakinlərinə böyük töhfəsidir”.

Təsadüfdən söhbət etdiyimiz digər Ağcabədi sakini Bəhruz Novruzov da azyaşlı qızına şəxsiyyət vəsiqəsi almaq üçün gəlmişdi. Göstərilən xidmətlərdən məmnun qaldığını bildirən Bəhruz Novruzov da qənaətlərini bölüşərək dedi: "İndiyədək dəfələrlə digər şəhər və rayonlarda "ASAN xidmət” mərkəzlərinin yaradılmasını izləmişdim. Bu gün mən yerli sakin kimi olduqca sevinirəm ki, indi belə mərkəz mənim rayonumda yaradılıb. Mərkəz açılan kimi qızımı da götürüb gəldim ki, ona şəxsiyyət vəsiqəsi alaq. Binaya daxil olanda işimizi yekunlaşdırana qədər kollektivin səmimi, gözəl münasibətini gördüm. Ona görə belə bir mərkəzin yaradılmasına görə birinci növbədə dövlət başçısına minnətdarlığımı bildirirəm. Bu mərkəzin gözəl binası həm də Ağcabədinin ən gözəl ünvanıdır və abad şəhərimizin simasına yeni rəng qatır”.

 

"Bugünkü könüllülər sabahın rəhbərləridir”

 

"ASAN xidmət” mərkəzlərinin Azərbaycanın ictimai həyatına verdiyi ən böyük töhfələrdən biri də könüllülər hərəkatının inkişafıdır. Ümumiyyətlə isə Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət”dən başlayıb. Burada könüllülük fəaliyyəti sahəsində əldə edilən müsbət təcrübə bütövlükdə ölkədə bu hərəkatın daha da böyüməsinə səbəb olub. Həyat yolu "ASAN xidmət”dən başlayan könüllülərin bir qismi indi dövlət və özəl strukturlarda çalışırlar.

Qeyd etdiyimiz kimi, Ağcabədi regional "ASAN xidmət” mərkəzində 45 könüllünün fəaliyyəti nəzərdə tutulur. Artıq onların bir qismi öz işinin başındadır. Söhbətləşdiyimiz Çinarə Ağayeva Ağdam rayonundan məcburi köçkündür. O, könüllülük fəaliyyəti ilə qənaətlərini bölüşərək dedi: "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında riyaziyyatinformatika ixtisası üzrə təhsil alıram, dördüncü kurs tələbəsiyəm. Fikrimcə, könüllülük fəaliyyəti mənim daha uğurlu gələcək karyeram üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki könüllülük ictimai həyata atılan ilk addımdır. Prezident İlham Əliyevin açılış mərasimində "Bugünkü könüllülər sabahın rəhbərləridir” deməsi könüllülük fəaliyyətinə verilən ən gözəl qiymətdir. Dövlət başçısının çıxışı bizə verilən ən gözəl nəsihət və tövsiyə oldu. Bu sahədəki fəaliyyətimiz gələcəyimiz üçün ən gözəl təcrübə olacaq”.

Beləliklə, Ağcabədi "ASAN xidmət” mərkəzi öz gülərüz kollektivi və könüllüləri ilə vətəndaşların tam xidmətindədir. Artıq 9 rayonun da əhalisinin dövlət orqanlarına müraciəti əhəmiyyətli dərəcədə asanlaşıb. Hazırda 8 "ASAN xidmət” mərkəzinin yaradılması prosesi gedir. Bu da, ilk növbədə, onu göstərir ki, vətəndaş məmnuniyyəti ən yüksək səviyyədə olduğundan xidmət şəbəkəsinin daha da genişləndirilməsi sosial sifarişdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 24 iyun.- S. 1; 3.