Qlobal pandemiya ilə mübarizə davam edir

 

Yarım ildir koronavirus, COVID-19 dünyanın altını-üstünə çevirib. Demək olar ki, bütün sahələri iflic edib o həddə çatıb ki, neçə-neçə illər keçsə belə, bu virusun fəsadlarını yer üzündən tamamilə silmək mümkün olmayacaq.

Hazırda tibb elmi gecə-gündüz infeksiyaya qarşı vaksin axtarışındadır, bununla bağlı müəyyən ümidverici nəticələr əldə edildiyi açıqlansa da, hələlik peyvəndin yaxın zamanlarda tətbiqinin gözlənilmədiyi vurğulanır.

Göründüyü kimi, artıq COVID-19 həyatımızın bir parçasına çevrilib biz onunla yaşamağa öyrəşməliyik. Özü bu virusun diktə etdiyi şərtlərlə: sosial izolyasiyanı gözləməklə, maska taxmaqla, şəxsi gigiyena qaydalarına əməl etməklə.

Dünyanın koronavirusla bağlı hazırkı mənzərəsinə nəzər saldıqda görürük ki, vəziyyət heç ürəkaçan deyil. Hətta koronavirus üzərində tam qələbə elan edən ölkələr indi ikinci dalğa ilə üzləşiblər.

İnfeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün yenidən sərt karantin rejimi tətbiq edib, maska taxılmaması ilə bağlı yüksək cərimələr müəyyənləşdiriblər...

Hələlik çarə budur...

 

Koronavirusla mübarizəyə töhfə

 

Koronavirus infeksiyasının ortaya çıxdığı ilk zamandan etibarən Azərbaycanda ona qarşı çevik qabaqlayıcı tədbirlərə start verildi.

Qlobal pandemiya ilə mübarizənin hər bir məqamı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu müddət ərzində dövlət başçısının fəaliyyəti, mütəmadi keçirdiyi görüşlər, verdiyi qərarlar koronavirusla mübarizəyə öz töhfəsini verdi. Buna görə virusun ölkəmizdə geniş yayılmasının kütləvi insan ölümlərinin qarşısı alındı.

Bu səbəbdəndir ki, aylardır vətəndaşlarımızdan Prezidentin ünvanına saysız təşəkkür məktubları gəlməkdə davam edir.

 

Qabaqlayıcı zəruri tədbirlər görülür

 

Hazırda Azərbaycanda koronavirusa qarşı mübarizə davam edir, COVID-19-un yol açacağı fəsadlardan qorunmaq üçün zəruri tədbirlər görülür.

Xüsusilə virusun yayılma sürətini azaltmaq üçün mühüm addımlar atılır. Bu istiqamətdə görülən zəruri tədbirlərdən biri yoluxma hallarının müəyyənləşdirilməsi istiqamətində testlərin edilməsidir. İyunun 22-nə olan statistikaya əsasən son sutka ərzində 4345 test aparılıb. Ölkədə aparılmış koronavirus testlərinin ümumi sayı isə 426 394-dür.

Son zamanlar yoluxma dinamikasındakı artım nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi.

Yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edildi.

 

Tələblərə əməl edilməlidir

 

Bu dövr üçün fəaliyyətinə icazə verilən bir çox sahələrlə bağlı qaydalar da müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, sərtləşdirilmiş xüsusi karantin rejimində kənd təsərrüfatı yüklərinin daşınması sərbəstdir: "Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verilmir. Fermerlər öz məhsullarını yük maşınları ilə Bakı sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə, Abşeron rayonuna çatdıra bilərlər”.

Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə xəstəliyə yoluxma riskini azaltmaq üçün tövsiyələr verib. Tövsiyələrə əsasən açıq şəkildə satılan qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanmalı, yalnız gigiyenik vasitələrlə təmin edilmiş işçi tərəfindən alıcıya təqdim olunmalıdır.

Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməli, dondurulmuş qida məhsulları -18° C- buzluqda saxlanılmalıdır.

Qeyd edilib ki, donu açılmış qida məhsulları təkrar dondurulmamalıdır. Tullantılar isə vaxtında kənarlaşdırılmalı, qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməlidir.

 

Qaydaları pozanlar cəzalandırılır

 

Yuxarıda sadalanan daha bu kimi xeyli sayda həyata keçirilən tədbirlər vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması üçündür.

Qarşıya qoyulan məqsədə çatmaq üçün isə vətəndaşların da duyarlı davranması, həmrəylik göstərməsi məsuliyyətli olması vacibdir.

Təəssüf ki, bəzi hallarda bunun əksi ilə rastlaşırıq...

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 22.06.2020-ci il saat 00:00-dan 23.06.2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1029 nəfər, sərnişindaşımada istifadə olunan taksi avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 262 nəfər olmaqla ümumilikdə 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən postlarda aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər şəxs aşkar edilib.

 

İcazə sistemindən sui-istifadə halları da olur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir. Belə ki, bəzi vətəndaşların sistem vasitəsilə "1” kodu, yəni təxirəsalınmaz tibbi zərurətlə hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar göndərilmiş müraciətlərini bu hal üzrə deyil, digər aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

Yuxarıda göstərilən neqativ hallar qətiyyən yolverilməzdir. Bu qaydaların pozulması hər birimizin sağlamlığını təhlükəyə atır. Virusun yoluxma sayını artıraraq, onun yox edilməsi istiqamətində görülən bütün tədbirləri effektsiz edir.

Birmənalı şəkildə bilməliyik ki, qaydalara əməl etməsək, vaksin tapılana qədər bu təhlükəli virusa yoluxmayacağımız, elə yaşayıb-yaşamayacağımız da sual altında olacaq...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-24 iyun.- S.1; 4.