Əqli Mülkiyyət Agentliyi “Küçələrə su səpmişəm”in fars mahnısı kimi təqdim olunmasını təkzib edib

 

"Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının fars mahnısı kimi verilməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra bu məsələ Əqli Mülkiyyət Agentliyi tərəfindən nəzarətə götürülübmüvafiq araşdırma aparılıb.

Müəyyən edilib ki, bir sıra "YouTube”, o cümlədən "chekhabar1234” və "Persian Song” adlı kanallarda iranlı musiqiçi Fereydoun Asraeinin ifasında "Dooset daram” adlı mahnı yerləşdirilib. Onun Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməyib.

Agentlik bununla bağlı bildirib ki, qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm”in musiqisidir. Burada mahnının sözləri dəyişdirilmiş və musiqinin mənşəyi barədə məlumat göstərilməmişdir.

Mahnı eyni zamanda 1954-cü ildə çəkilmiş "Doğma xalqıma” adlı filmdə səsləndirilib.

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən "Küçələrə su səpmişəm” xalq mahnısının yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının yenidən işlənmiş, azərbaycanlı müğənni Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı "YouTube” kanalına yüklənib.

"Küçələrə su səpmişəm” xalq mahnısı həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilib, maddi daşıyıcılara yazılaraq "YouTube” səhifələrinə yüklənib.

 

Hazırladı:

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 25 iyun.- S.10.