İllərdə qalan izlər

 

 

İnsanların uşaqlıq, cavanlıq, ahıllıq, qocalıq dövrləri olduğu kimi, illərin də fəsilləri var. Deyirlər, insan həyatdan köçdükdən sonra onu üç əsas yadigarı yaşadır: yaxşı əməli, yaxşı əsəri, bir də yaxşı övladı. İllər isə insanların yaddaşında baş verən mühüm, əlamətdar hadisələrlə qalır, tarixə düşür, dillərdə gəzir, yaddaşlarda yaşayır, nəsildən-nəslə ötürülür. İllər öncə yazdığım bir şeirimdə belə demişdim:

 

İllər də insantək gəlir dünyaya,

 

İllər də insantək qocalıb gedir.

 

İllər var zəfəri gəlməyir saya,

 

İl də var dünyadan borc alıb gedir.

 

 

Bu mənada insan və zaman, təbiət və cəmiyyət həmahəngdir, onlar biri-birini tamamlayır, mənalandırır. Xoşbəxt o kəsdir ki, Tanrının ona bəxş etdiyi ömür payını mənalı, məramlı yaşayır. Ötüb-keçən anın, günün bir daha geri dönməyəcəyini, təkrar olunmayacağını dərk edərək çalışır, qurub yaradır. Gördüyü işlərə nəzər salanda onlara baxıb sevinir, qürur hissi keçirir.

 

İlləri uğurla, zəfərlə yola salmaq Azərbaycanda ənənə halını almışdır. Bu da 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin dünyanın böyük dövlətlərinin, nəhəng şirkətlərinin rəhbərlərini Bakıda bir araya gətirməsi, "Əsrin müqaviləsi” adlanan neft kontraktının imzalanmasının nəticəsində mümkün olmuşdur. Bu müqavilə 2003-cü ilin sonlarından etibarən öz bəhrəsini verməyə başladı. Onu da qeyd edək ki, bu nəhəng layihənin reallaşmasına xaricdən və daxildən nə qədər təzyiqlər olsa da, Heydər Əliyevin uzaqgörənliyi, qətiyyətli siyasəti və polad iradəsi qarşısında həmin cəhdlər qar kimi əriyib yox oldu. Ulu Öndər Azərbaycanın inkişafı yolundakı bütün cəhdləri dəf edərək sonrakı mərhələdə mühüm islahatları həyata keçirdi. Zamanında dediyi "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri xalq arasında zərb-məsələ çevrildi.

 

2003-cü ildə İlham Əliyev Prezident seçildiyi andan siyasi varislik missiyasını üzərinə götürərək düzgün təməl üzərində işləri davam etdirdi, neftdən gələn gəlirləri ən mühüm, ən vacib məsələlərin həllinə yönəltdi. Bunlar əsasən iqtisadiyyatı dirçəltmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək, ordunu müasir silah və sursatlarla təchiz etmək, öz dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımızın həyat şəraitini yaxşılaşdırmaq, onları qamışdan, çiy kərpicdən tikilmiş daxmalardan, yayda istidən yanan, qışda soyuqdan donan dəmir vaqonlardan çıxarmaqdan ibarət idi. Eyni zamanda regionlarda yığılıb qalmış, illərlə bir-birinin üstünə qalaqlanmış problemləri aradan qaldırmağa başladı.

 

Biləsuvar-Bəhrəmtəpə şose yolunun 4-cü kilometrliyində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün 4 min 456 evdən, 11 qəsəbədən ibarət hər cür infrastrukturu olan şəhərcik salındı. Ardınca Bakı ətrafında, Sumqayıtda, habelə digər rayonların ərazilərində onlarca belə şəhərciklər tikildi. Keçən ilin sonunda uşaq bağçası, tibb məntəqəsi, poçtu, su xətti, işığı, rahat yolu olan daha bir yaşayış sahəsi Şirvan şəhərində məskunlaşan qaçqınlar üçün tikilib istifadəyə verildi. Cari ilin sonunadək daha çox sayda qaçqın və məcburi köçkün soydaşlarımız yeni mənzillərə köçürüləcək. Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi əlillərinin və şəhidlərinin, 20 Yanvar faciəsi qurbanlarının və əlillərinin, Çernobıl qəzası və Əfqanıstan müharibəsi iştirakçılarının özləri və ailələri də daim dövlətimizin diqqət mərkəzindədir. Onların həyat şəraitinin yaxşılaşdırılması, pensiya və müavinətlərinin artırılması, müalicəsi, reabilitasiyası ilə bağlı ardıcıl tədbirlər görülür.

 

Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi başlayanda bizim formalaşmış ordumuz yox idi. Ermənilər isə havadarlarının köməyi ilə bizdən qat-qat irəlidə idilər. Müttəfiqləri onlara silah-sursat və canlı qüvvə sarıdan yaxından kömək göstərirdilər. O vaxt, demək olar ki, Azərbaycana qardaş Türkiyədən başqa heç bir dövlət dəstək vermir, yaxasını kənara çəkirdi. Bizi istəməyən qüvvələr çalışırdılar ki, müstəqil Azərbaycan 1918-ci ildəki taleyini yenidən yaşasın, gənc dövlətimiz beşikdəcə boğulsun.

 

Amma onların bəd niyyətləri ürəklərində qaldı. 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin böyük siyasəti, polad iradəsi, gərgin əməyi sayəsində bütün işlər addım-addım yoluna qoyuldu. Cəbhədə atəşkəs elan edildi, ölkə daxilində sabitlik yaradıldı, xarici ölkələrlə diplomatik əlaqələr genişləndirildi. Yüksək hazırlıqlı ordumuz yarandı və 2016-cı ilin aprel ayındakı döyüş zamanı nəyə qadir olduğunu göstərdi.

 

Regionlardakı vəziyyət də dövləti qane etmirdi. Sovet dövründə nə tikilib-qurulmuşdusa, hamısı tarmar edilmişdi. Onu da qeyd etmək lazımdır ki, belə dağıntı, söküntü M.Qorbaçovun SSRİ-də hakimiyyətə gəlməsindən sonra başlamışdı. Təkcə bir faktı xatırladaq. Alkoqolizmin ləğv edilməsi ilə əlaqədar verilən qərar o zaman sovetlər məkanında, eləcə də respublikamızda, xüsusən Cəlilabad rayonunda minlərlə hektar üzüm bağlarının, onlarca şərab zavodunun məhvinə səbəb oldu. İnsanlar iş yerlərini itirdilər, gəlirləri kəsildiyindən ehtiyac içində yaşamağa başladılar. Digər sahələr də bunun kimi. Astarada, Lənkəranda, Masallıda sitrus meyvə bağları, tərəvəz sahələri buraxıldı, çay plantasiyaları otlaq sahəsinə çevrildi.

 

Ümumiyyətlə, 1990-cı illərdə respublikamız, sözün həqiqi mənasında, tənəzzül dövrünü yaşayırdı. Zavod-fabriklər, tikinti təşkilatları öz fəaliyyətlərini dayandırmışdılar. Ölkənin hər yerində çörək qıtlığı yaranmışdı. Yollar bərbad hala düşdüyündən Bakıya, digər yerlərə gedib-gəlmək müşkülə çevrilmişdi. Günün yalnız bir neçə saatı ərzində əhaliyə elektrik enerjisi verilirdi. Nəticədə evlərdə elektrik-məişət avadanlıqları da sıradan çıxmışdı. Normal təbii qazdan, içməli su təchizatından isə söhbət gedə bilməzdi. Bir sözlə, region əhalisi ümidsizliyə qapanmışdı.

 

Deyirlər, ən ədalətli hakim zamandır. Onu da görmüşük ki, ən çətin vaxtlarda böyük Yaradanın nəzərləri həmişə Vətənimizin, xalqımızın üstündə olub. Ulu Öndər Heydər Əliyev ölkəmizi məhv olmaq, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi, geniş islahatlar həyata keçirdi, ordumuzu yaratdı - bir sözlə, ömrünü Vətənimiz naminə şam kimi əritdi. Qədirbilən xalqımız Heydər Əliyevin başladığı işləri kimin davam etdirməyə qadir olduğunu yaxşı bilirdi. Bu işləri xalq İlham Əliyevə etibar etdi. İlham Əliyev ölkə rəhbəri seçildikdən sonra 2004-cü il fevral ayının 11-də imzaladığı regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı dönüş nöqtəsinə çevrildi. Bu proqram çərçivəsində regionlarda həlli vacib olan məsələlər icra olundu.

 

Astara rayonu ərazisində inşa olunan 90 meqavoltluq modul tipli elektrik stansiyası və qaz-kompressor qurğusu nəinki Astaranın, bütövlükdə cənub bölgəsinin elektrik enerjisi, habelə təbii qaz təchizatında mühüm rol oynadı. Proqramda nəzərdə tutulan tədbirlərin icrası nəticəsində tikinti-quruculuq, abadlıq işləri geniş vüsət aldı. Onların ilkləri sırasında ucqar dağ rayonları olan Lerik və Yardımlı yollarının yenidən qurulmasını göstərmək olar. 2008-ci ilin payız günlərində bu rayonların tarixində o vaxta qədər görünməmiş hadisə baş verdi. Həmin rayonların mərkəzlərinə - şəhər statusu almış Lerik və Yardımlıya təbii qaz verildi. Bu, əsl bayrama, el şənliyinə çevrildi. O vaxt ən ucqar kəndlərin sakinləri təntənəni görmək üçün Prezidentin də iştirak etdiyi açılış mərasiminə gəlmişdilər.

 

Cənub bölgəsinin qeyri-rəsmi paytaxtı sayılan Lənkəranda, ölkəmizin cənub qapısı olan Astarada, habelə Masallıda, Cəlilabadda, Biləsuvarda, Salyanda, Neftçalada və digər rayonlarımızda da qaynar quruculuq işləri başladı. Hər ay, hər il bir-birinin ardınca yeni sənaye müəssisələri, yaşayış evləri, ictimai binalar tikilib istifadəyə verildi. Onların sıralarında məktəblər, təhsil müəssisələri mühüm yer tuturdu. Səbəbi aydın idi. Ulu Öndər "Təhsil millətin gələcəyidir” kəlamını əbəs yerə deməmişdir. Yaxşı təhsil sabahın vətəndaşını, savadlı, bilikli, istedadlı kadrlarını yetişdirir. Məktəblərin tikintisi regional inkişaf proqramlarında prioritet sahə kimi götürüldü. İndiyə kimi respublikamızda 1600-dən çox yeni məktəb binaları tikilmiş, köhnələri əsaslı təmir olunmuşdur. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Müasir üslubda inşa edilən həmin məktəblər hər cür inventarlar və avadanlıqlarla təchiz edilmişdir.

 

Ötən zaman kəsiyində ölkəmizdə həmçinin 650-dən çox səhiyyə ocağı tikilmişdir. Hər biri də yüksək zövqlə, keyfiyyətlə, Avropa standartları səviyyəsində. Tikilən, əsaslı surətdə təmir edilən rayon mərkəzi xəstəxanaları, tibb məntəqələri müasir avadanlıq və cihazlarla təchiz edilmişdir. İndi ölkəmizin əksər rayonlarında Müalicə Diaqnostika mərkəzi fəaliyyət göstərir. Yeri gəlmişkən, qeyd edək ki, rayonlar üzrə ilk dəfə 3 nəfər üzərində açıq ürək əməliyyatı 14 il öncə Lənkəran Müalicə Diaqnostika Mərkəzində aparılmışdır.

 

İndi Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Bakı ardıcıl olaraq beynəlxalq idman yarışlarına evsahibliyi edir. 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı dünyaya bir daha idman ölkəsi kimi təqdim etdi. 50 ölkənin iştirak etdiyi yarışlarda Azərbaycan 23 medal qazanaraq 2-ci yerə sahib oldu. Bu tədbir, qazanılan parlaq qələbə bir vətəndaş kimi mənim də ürəyimi qürur hissi ilə döyündürdü:

 

 

...Bakı qucaq açdı əlli ölkəyə,

 

Mehriban-mehriban köksünə sıxdı.

 

Dedi: "Xoş gəlmisiz Azərbaycana!”

 

Hamı bu gəlişin seyrinə çıxdı.

 

 

...Sağ olsun yaradan, quran əməllər,

 

Gör necə yüksəldik, necə dəyişdik!

 

Dünya heyran oldu belə büsata,

 

Biz belə təntənə heç görməmişdik!

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan ikinci və üçüncü dövlət proqramları çərçivəsində mövcud problemlər mərhələli şəkildə öz həllini tapdı. İş yerlərinin açılması üçün müxtəlif sahələri əhatə edən yeni müəssisələr, istehsalat sahələri yaradıldı. Azərbaycan brendi kimi şöhrət qazanan "ASAN xidmət”lər əhalinin işini xeyli asanlaşdırdı. Bundan əlavə, əhalini keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün müasir elektrik stansiyaları, yarımstansiyalar tikildi. İcra olunan layihələr nəticəsində ölkədə qazlaşma 96 faizə çatdı. Bəzi rayonlarımızda isə bu rəqəm daha yüksəkdir. Məsələn, Biləsuvar rayonunda qazlaşma tam başa çatıb.

 

İçməli su ilə bağlı silsilə tədbirlər bu gün də davam etdirilir. Kanalizasiya sisteminin çəkilişi və təmiri işləri paralel aparılır. Bu və digər işlər hesabına şəhər, qəsəbə və kəndlərimiz simasını dəyişib ildən-ilə abadlaşır, gözəlləşir. Salınan parklar, xiyabanlar bu gözəlliyə rəng qatır.

 

Davos Ümumdünya İqtisadi Forumunun hesabatları da sübut edir ki, Azərbaycan iqtisadiyyatı yüksək templə irəliləməkdədir. Bu da səbəbsiz deyil. Görülən işlərin, həyata keçirilən layihələrin hər birinin düşünülmüş planı və elmi əsasları var. Neftdən asılılığı azaltmaq, iqtisadiyyatı şaxələndirmək, xaricə gedən valyuta axınının qarşısını almaq, rəqabətədavamlı, ixracyönümlü məhsullar istehsal etmək, əhalini ekoloji cəhətdən təmiz, keyfiyyətli ərzaqla təmin etmək, yeni iş yerləri yaratmaq, digər bu kimi mühüm məsələlər ölkədə aparılan iqtisadi siyasətin başlıca istiqamətləridir. Son illər bu sahələrin hər birində qazanılan uğurlar göz qabağındadır. Meyvəçilik, çayçılıq, baramaçılıq, çəltikçilik, pambıqçılıq, heyvandarlıq sahəsində məhsuldarlıq ildən-ilə artır. Görülən tədbirlər deməyə əsas verir ki, yaxın gələcəkdə ölkəmiz nəinki əsas ərzaq məhsulları sarıdan idxaldan azad olacaq, hətta biz böyük ixracatçıya çevriləcəyik.

 

Ayrı-ayrı sahələrdə, o cümlədən pambıqçılıqda keçmiş şöhrət geri qaytarılır. Keçən il ölkə üzrə rekord göstərici əldə olunub - 294 min ton "ağ qızıl” yığılıb və hər hektarın məhsuldarlığı 29,4 sentnerə yüksəlib. Aqrar sahədəki belə uğurlar dövlətin göstərdiyi diqqət və qayğının, o cümlədən subsidiyaların vaxtında ödənilməsinin, sahibkarların texnika, mineral gübrələr, kimyəvi maddələr, suvarma suyu, yüksək reproduksiyalı toxumla təmin edilməsi nəticəsində mümkün olmuşdur.

 

Bu gün turizm ölkəmizdə sürətlə inkişaf edir. Dünyanın müxtəlif yerlərindən hər il milyonlarla turist istirahət etmək, gəzmək üçün Azərbaycanı seçir. Bu üzdən ölkəmizdə dünya standartları səviyyəsində hotellər, istirahət mərkəzləri tikilir və infrastruktur layihələri həyata keçirilir. Turizm sahəsində davamlı surətdə uğura nail olmaq üçün Azərbaycanda qış turizmi bazası da yaradılıb. Bu mənada "Şahdağ” Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. Qəbələ rayonundakı "Tufandağ” Xizək Kompleksi də turistlərin sevdikləri məkanlardandır.

 

Turizmin inkişafında, ümumiyyətlə, ölkənin həyatında yolların rolu danılmazdır. Bu gün ölkəmizdə daxili yolların uzunluğu 16 min kilometrdən çoxdur və onların əksər hissəsi yenidən qurulub. Bütün yollar boyu körpülər, keçidlər, suötürücüləri, yol ayırıcıları və s. tikilib. Rahat, təhlükəsiz, üstəlik vaxt itkisinin qarşısını alan bu yollar təkcə əhalini rahatlığa çıxarmayıb, həm də ölkənin iqtisadi inkişafını sürətləndirib. Bunları görüb sevinirsən, fərəhlənirsən, duyğulanırsan. "Yollar, körpülər” şeirimdə olduğu kimi:

 

Yollar rişə-rişə, damar-damardır,

 

Yollarda qoşadır xeyir ilə şər.

 

Yollar dağ-dərəli, həndirhamardır,

 

Onlar körpülərdə gəlib birləşər.

 

...Günəş xislətində yaşar körpülər,

 

Yaxşılıq etməkdən usanmaz, doymaz.

 

Deyirəm, bəlkə də, buna görədir,

 

Heç vaxt körpülərə qapı qoyulmaz.

 

Sinəsi qürurdan qabarar onun,

 

Çiynində həm sevinc, kədər daşıyar.

 

Mənası, məqsədi, məramı aydın,

 

Körpülər ömrünü belə yaşayar.

 

Sürətli inkişafın, qarşılıqlı anlaşmanın, xarici ölkələrlə səmərəli dialoqun, xalqlar arasında sülh, əmin-amanlıq ideyalarının təbliğ edilməsi üçün görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin, müzakirələrin keçirildiyi mərkəzə çevrilmişdir. Biz dünyanın sülh və barış içində olmasını istəyirik və bu məsələlərdə çoxlarına nümunəyik.

 

Bəli, 30 ilə yaxın yaşı olan müstəqilliyimizin nailiyyətləri saysız-hesabsızdır. Muğamımız, aşıq sənətimiz, bir çox mədəniyyət və tarixi abidələrimiz UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Dövlət bayrağımız xarici ölkələrdəki diplomatik korpuslarımızın, beynəlxalq təşkilatların binaları qarşısında dalğalanır. Səmadakı 3 peykimizlə dünya kosmik ailəsinin üzvüyük. Qazanılan uğurların, qələbələrin hansını deyəsən, hansından yazasan?!

 

Dünəninə, bu gününə

 

nəzər salıb

 

Oğlun, qızın fərəhlənir,

 

dost sevinir.

 

Hər birinin sinəsində

 

çırpınaraq

 

Pöhrələnən neçə-neçə

 

arzu, istək,

 

dilək dinir.

 

Qaranlığa işıq saçan

 

Xoş, mehriban gözlər gülür.

 

Ağ bənizli, qara xallı

 

üzlər gülür.

 

Sevincindən dilə gələn

 

Milyon-milyon ürəklər də

 

belə deyir:

 

-Yüksəlişin mübarəkdir,

 

Azərbaycan!

 

Azərbaycan beləcə inamlı addımlarla irəliləyir. İqtisadi qüdrəti artdıqca beynəlxalq aləmdə hörməti, nüfuzu yüksəlir. Bütün bunlar xalqımızı hədsiz dərəcədə sevindirir, ruhlandırır. Lakin istər xaricdə, istərsə də daxildəki bəzi bədxah, xain, xəbis qüvvələr bu tərəqqini, yüksəlişi sanki görmür, əldə olunan uğurlarımızın üstünə kölgə salmağa çalışır, bunun üçün hər cür çirkin yollardan istifadə etməyə cəhd göstərirlər. Amma əbəs! "Karvan gedir” adlı şeirdə yazmışam:

 

...Öz yolunu, düz

 

yolunu

 

seçib gedir bu

 

karvan.

 

Fəqət, fəqət zaman-zaman

 

gah bu yandan,

 

gah o yandan,

 

gah uzaqdan,

 

gah yaxından,

 

bu dünyanın

 

gərdişini,

 

yaxşısını, həm

 

pisini

 

baxar kortək görməyənlər,

 

bilməyənlər

 

bu karvanın arxasınca

 

kölgə kimi sürünənlər

 

Hey hürürlər.

 

Hürə-hürə günlərini

 

keçirirlər.

 

Qoy hürsünlər.

 

Onların da peşələri,

 

sənətləri bu hürməkdir.

 

Buna görə aldıqları

 

qrantlardır, yağlı-yağlı

 

dürməklərdir.

 

Bu məqamda, bu arada

 

ataların: "Hürən hürər,

 

Karvan keçər”, -

 

Bir məsəli düşür yada.

 

Deyirlər ki, yaxşı-pisdən

 

əməl qalır bu dünyada.

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 3 mart.- S.6.