Azərbaycanda sənayeləşmə iqtisadi inkişafla yanaşı, sosial rifaha da xidmət edir

 

Bu bir həqiqətdir ki, dünya sənayesi müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Buxar maşınının kəşf edilməsi ilə toxuculuq sənayesinin inkişafı bunun başlanğıcı olmuşdur. Daha sonra sənaye sektoru mürəkkəb texnika və texnologiyaların kəşfi ilə mütərəqqi yol qət etmişdir. Elə müasir inkişafımız da birbaşa bu sahə ilə bağlıdır.

Hazırda dünyada ölkələrin inkişaf səviyyəsi bu sektorun imkanları ilə ölçülür. Bu gün sənayesi inkişaf etmiş ölkə statusunu daşıyan dövlətlərin sayı çox azdır. Əvəzində inkişaf etməkdə olan ölkələrin sayı çoxdur, özüqat-qat. Azərbaycan da bugünkü inkişaf səviyyəsinə görə həmin ölkələr sırasında özünə layiqli yer tutur. Hədəfimiz isə tezliklə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Prezident İlham Əliyev də dəfələrlə bunu bəyan etmişdr. Həm də təkcə bəyan etməmişdir, bu istiqamətdə əməli tədbirlər həyata keçirmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı həmin tədbirlər sırasında xüsusi əhəmiyyətə malikdir. Ümumi istehsalda qeyri-neft sektorunun payının ildən-ilə artması bu tədbirlərin real nəticəsidir.

Məlumdur ki, Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək məqsədilə 2015-2020-ci illəri əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri, eləcə də sənaye potensialının gücləndirilməsi, sözügedən sahədə rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyənləşdirilmişdir.

Sənayeləşmədə ölkədə yaradılan texnoparkların əhəmiyyəti böyükdür. Texnoparklar yüksək keyfiyyətli məhsul istehsal etmək qabiliyyətinə malikdir. Odur ki, son dövrlər Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür və nəticədə həmin texnoparklarda xariciyerli sahibkarların fəaliyyəti getdikcə genişlənir. Götürək Sumqayıt Kimya Sənaye Parkını. Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan parkda innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul istehsal olunur, dünya bazarına keyfiyyətli məhsul çıxarılır, əhalinin məşğulluğu təmin edilir.

Bu yerdə qeyd edək ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar "Steykholder kapitalizminin ("Steykholder kapitalizmi” hazırda dominant model olaraq uzunmüddətli dəyər yaratmağı, hər kəsə - investorlara, işçilərə, icmalara, təchizatçılara və müştərilərə daha yaxşı xidmət göstərməyi hədəfləyir) tələblərinə uyğundur. Belə ki, ölkəmizdə aparılan sənayeləşmə dərin elmi araşdırmalar əsasında həyata keçirilir. İlk növbədə, hansı regionda və hansı xammaldan istifadə etməklə məhsul istehsalına diqqət yetirilir. Bununla yanaşı, bölgələrdə işsizliyin aradan qaldırılması və orada yaşayan əhalinin məşğulluğu əsas götürülür. Sözsüz ki, müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli məhsul istehsalı da əsas şərtdir.

İndiyədək bu tipli sənaye sahələrinə 6 milyard manata yaxın investisiya yatırılıb və bu hesaba 9 mindən çox yeni yeri açılıb. Keçən il həmin müəssisələr tərəfindən istehsalın həcmində 2,6 dəfə artım qeydə alınıb. Yaxın gələcəkdə isə dövlət tərəfindən verilən investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, əlavə 28 minədək yeni yerlərinin açılmasına imkan yaradacaq. Qeyd edək ki, bu layihələrin 87 faizi regionların payına düşür. Ümumiyyətlə, ölkəmizdə sənayenin inkişafına hərtərəfli dəstək verilir. Təkcə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1573 sahibkarlıq subyektinə 175 milyon manat güzəştli kreditlər verilmişdir.

 

Sənayenin xüsusilə regionlarda inkişafı ayrıca vurğulanmalıdır. Bir neçə fakta nəzər salaq: bölgələrdə 2005-ci illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb. Əmək bazarının leqallaşması və yeni yerlərinin yaradılması hesabına keçən il dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb. Bu artımlar həm də regionlarda yeni yerlərinin açılmasından xəbər verir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu barədə demişdir: "14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir. Qeyd etməliyəm ki, keçən il 98 min yeni yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır”. Dövlət başçısının dediklərindən də görünür ki, ölkənin sənayeləşmə prosesi təkcə iqtisadi inkişafa yox, həm də sosial rifaha xidmət göstərir. Bu, eyni zamanda həyata keçirilən iqtisadi inkişaf konsepsiyasının humanist xarakter daşıdığını sübut edir.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 4 mart.- S.9.