Tibbi xidmətin maddi-texniki bazası gücləndirilir

 

Ağdam rayonunun Xındırıstan kəndində xəstəxana əsaslı təmirdən sonra cəbhə bölgəsi sakinlərinin istifadəsinə verilmişdir.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin cəbhə bölgəsində yerləşən Ağdama davamlı qayğısını minnətdarlıqla vurğulamışdır. Vaqif Həsənov əhaliyə səhiyyə, təhsil, mədəniyyət xidmətinin yaxşılaşmasını, bütövlükdə dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgədə həyata keçirilən uğurlu sosial siyasət sahəsində qazanılan nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Son aylar bu bölgədə reallaşan sosial layihələr Xındırıstanı sözün həqiqi mənasında abadmüasir bir qəsəbəyə çevirmişdir.

Xındırıstan kəndində yerləşən xəstəxananın təmiri və avadanlıqlarla təchizatı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış sazişə əsasən icra edilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üçün əlavə maliyyələşdirmə çərçivəsində həyata keçirilmişdir. Layihəyə əsasən xəstəxanada elektrik təchizatı, sukanalizasiya sistemləri yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz olunmuş, həyətində abadlıq işləri görülmüşdür.

Tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar.

 

Lazım QULİYEV

Azərbaycan.-2020.- 5 mart.- S.7.