Yaz yağışı bərəkətdir

 

Qışın mülayim keçməsi, qar, yağışın yağmaması hamını, xüsusilə kənddə əkin-biçin işləri ilə məşğul olan adamları narahat edirdi. Taxıl və digər payızlıq bitkilər torpaqdan baş qaldırsa da, susuzluq ucbatından böyüyüb kök ata bilməmişdi.

Bu, dəmyə sahələrdə özünü daha qabarıq büruzə verirdi. Heyvandarların da üzü gülmür, könlü açılmırdı. Muğan başdan-başa bomboz rəngdə idi. Payızda göyərən ot-ələf də mal-qaranın, qoyun sürülərinin ayaqları altında qalaraq məhv olub gedirdi.

Sanki Allah kənd əməkçilərinin səsini eşitdi. Mart ayının 2-də axşam saatlarında yağmağa başlayan yağış bütün günü davam etdi. İlin, ayın belə vədəsində yağan bu cür yağış hamını sevindirdi. Əkilən taxıl, yonca sahələrində bol məhsul, yaşıl ot kütləsi hasilə gələcəyinə inam artdı.

Biləsuvarda yaşayan 85 yaşlı təcrübəli fermer Lətif Cəfərov da söhbət zamanı belə dedi: "Kənddə böyümüşəm. Ağlım kəsəndən kənd təsərrüfatı ilə məşğul olmuşam, pambıqçılığı özümə peşə seçmişəm. Əkin-biçin işləri, heyvandarlıq təbiətlə bağlıdır. İl uğurlu gələndə, yağıntılar yaxşı olanda məhsul da bol olur. Bolluq olanda adamların üzü gülür. Qohumu, dost-tanışı qonaq gələndə sıxıntı keçirmir, sevinir. İstəyir ki, halal zəhmət ilə özünə necə şərait yaratdığını, necə firavan dolandığını onlar da görüb sevinsinlər”.

Söhbətinin davamında dünyagörmüş Lətif kişi onu da qeyd etdi ki, yaxşı ilə yaman həmişə yanaşı addımlayır. Amma nə yaxşı ki, yaxşı pisi üstələyir. Bu, təbiətdə də belədir. Əvvəllər də, keçən əsrin 60-cı, ondan sonrakı illərdə də qar-yağışın az olduğunu, payızın, qışın, yazın yağmursuz keçdiyini görmüşük. O vaxtlar quraqlığın fəsadlarını aradan qaldırmaq, əkinləri suvarmaq üçün belə bir şərait yox idi. İndi hər yerdə, bizim Biləsuvar rayonunda da Suvarma Sistemləri İdarəsi varorada əkinçinin dərd-sərini bölüşən mütəxəssislər çalışırlar. Martın ilk günlərində yağan yağışa gəldikdə, kəndlilər neçə vaxt idi ki, gözləyirdilər. Bu yağışdan sonra taxıl, yonca sahələri yaşıl örpəyə bürünüb. Bunlar hər kəsi, hər bir kənd adamını, fermeri, torpaq mülkiyyətçisini sevindirir. Hamı inanır ki, il uğurlu olacaq.

 

S. CAVADOV

Azərbaycan.-2020.- 5 mart.- S.8.