Sözün sərrafı

 

Şeir dünyasına qəlbinin hökmü ilə gələn, "saz mənim danışan dilim, düşünən beynim, döyünən ürəyimdir” - deyən xalq şairi Zəlimxan Yaqub yazdığı kitabları ömrünün mənası hesab edirdi. Şairin fikrincə, ən böyük var-dövlət insanın ürəyidir. Odur ki, şair özünü hər zaman sazın çalındığı, sözün oxunduğu yerdə hiss edirdi.

"Ən doğma yer yazı masamdır” - deyərdi Zəlimxan Yaqub. Sözlə dolu sinəsi yazı masasına söykənəndə bu vəhdət, bu doğmalıq poetik xarüqələr yaradırdı. Bu məqamlarda onun qəlbinə hakim kəsilən vətənpərvərlik hissləri, sevgi-məhəbbət duyğuları şahə qalxırdı. Zəlimxan poeziyası sərhəd tanımayıb. Doğma vətənin azadlığı və müstəqilliyi, şəhidlərimizin ruhuna dərin hörmət və ehtiram, dövlətçiliyimizə daimi xidmət borcu, böyük Türk dünyasının varlığına və əzəmətinə fəxarət hissi Zəlimxan Yaqub poeziyasının ana mövzularıdır. Bütün bu və digər mühüm məqamlar barədə Kürdəmirdə, xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının keçirdiyi tədbirdə ətraflı danışıldı. Tədbiri giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı unudulmaz şairin söz işığına təşrif gətirmiş tədbir iştirakçılarını salamladı. Dil və ədəbiyyat müəllimi Şəfəq Ağayeva Zəlimxan Yaqubun zəngin yaradıcılıq üslubundan, onun şeirlərinin özünəməxsusluğundan ətraflı söhbət açdı.

Məktəblilər, eləcə də bədii qiraətçi Ərəstun Sadıqov istedadlı saz ifaçısı Əli Dağlaroğlunun müşayiəti ilə Zəlimxan Yaqubun şeirlərindən nümunələr söylədilər. Rayonun ziyalıları, o cümlədən yazıçı-hüquqşünas Əlisəfa Azayev, ustad Aşıq Şakirin övladı Ağaməhəmməd Hacıyev və başqaları şair haqqında xatirələri bir daha yada saldılar. Tanınmış ziyalı Mətin Mirzə tədbirə göndərdiyi səs yazısı vasitəsilə atası, xalq artisti Mikayıl Mirzənin Zəlimxan Yaqubla olan dostluğu və yaradıcılıq əməkdaşlığı barədə fikir və düşüncələrini bildirdi.

Zəlimxan Yaqubun monitorda nümayiş etdirilən videogörüntüləri, öz səsi ilə dediyi şeirləri həzin duyğular oyatmaqla unudulmaz şairə olan hörmət və ehtiramı daha da artırırdı. Bunları seyr etdikcə tələbəlik illərimə təsadüf edən maraqlı bir günü xatırladım. Həmin o günü ki, Azərbaycan televiziyasının "Tələbə klubuverilişinin növbəti çəkilişi bizim oxuduğumuz doğma universitetdə aparılırdı. Veriliş birincibeşinci kursda oxuyan tələbələrin görüşünə həsr olunmuşdu. Bir çox tələbələr də görüşə dəvətli idilər. Mən bu verilişdə tələbə-rəssam, Zəlimxan Yaqub isə tələbə-şair kimi təqdim olunmuşduq. Verilişin tələbinə uyğun olaraq tələbə həyatı ilə bağlı çəkdiyim 12 rəsmi də özümlə gətirmişdim. Verilişin aparıcıları Ofeliya Sənani və rəhmətlik Rafiq Hüseynov idi. Çəkiliş növbəsi mənə çatanda çəkdiyim rəsmlər bir-bir ardıcıl olaraq ekranda iri formatda göstərilir və hər rəsmin məzmununa uyğun olaraq bir bənd şeir səsləndirilirdi. Beləliklə, maraqlı bir süjet yarandı.

Mən həmin şeirlərin kim tərəfindən yazılması ilə maraqlandım. Dedilər Zəlimxan yazıb. Zəlimxan o vaxt kitabxanaçılıq fakültəsində oxuyurdu. Mən Zəlimxana yanaşıb rəsmlərimə yazdığı şeirlərə görə ona minnətdarlığımı bildirdim. Beləliklə, bu tələbə-şairlə ilk tanışlığım belə yarandı.

Bu da maraqlıdır ki, dünən gənc və qaynar təbli, təpədən dırnağa şeiriyyata bağlı olan bir tələbə kimi duyub hiss etdiyim, yaradıcılığından həmişə böyük zövq aldığım Zəlimxan Yaqubdan bu gün ahıl yaşda danışıram. Ruhun şad olsun, ustad şairimiz!

 

Tofiq ABDULLAYEV

Azərbaycan.-2020.- 6 mart.- S.11.