Azərbaycan qadınları statistikada

 

Bu ilin əvvəlinə Azərbaycanda əhalinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib. Onların 52,1 faizi nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8 faizini qız uşaqları təşkil edib.

Qadınların sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası fəaliyyət göstərir.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir. İlkin məlumatlara əsasən, onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda, həmçinin qeyd edilir ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7, orta ixtisas təhsil müəssisələrində 78,9, ali təhsil müəssisələrində 54,7 faizi qadınlardır. Həkimlərimizin isə 66 faizi qadınlardan ibarətdir. Ümumi təhsil müəssisələrində təhsil alanların 46,7, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1, ali təhsil müəssisələri tələbələrinin 48,8 faizini qızlar təşkil edir.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,2 faizi qadınlardır. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən, 28,5, sahibkarlar arasında 21,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

 

Azərbaycan.-2020.- 8 mart.- S.1.