Həyatı səhnədə yaşadan sənət

 

Mart həm də bəşəriyyətdə teatrsevərlərin bayram ayıdır

 

 

Milli-mənəvi sərvətlərimizdən sayılan folklor nümunələrinin yaşının minilliklərlə ölçülməsi heç də təsadüfi deyil. Xalq özünün xeyir-şərlə bağlı adət-ənənələrini məhz mədəniyyət nümunələri sayılan sənətlərdə yaşadıb.

Bunlardan biriteatr, yaxud səhnə sənətidir. Teatra getmək, baxmaq, hətta onun haqqında düşünmək belə olduqca maraqlıdır. Vətəni qədim Yunanıstan olsa da, yunan dilində "tamaşa yeri mənasını verən teatr tezliklə bütün dünyaya yayılıb. Tamaşanı daha çox sevən yunanlar onu həm də "böyüklər üçün məktəb adlandırırlar.

Beynəlxalq Teatr Günü ilə Azərbaycan Milli Teatr Gününün mart ayına təsadüf etməsi də maraqlıdır. Uzun illər teatrsevərlər 10 mart tarixini milli teatr günü kimi qeyd ediblər. Milli Teatr Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığı sərəncam isə, sözün əsl mənasında, teatrsevərlərə bir töhfə olub. Çünki həmin ildən rəsmi olaraq ölkəmizdə 10 mart Milli Teatr Günü kimi qeyd edilir.

Bünövrəsi hələ meydan tamaşalarından qoyulanbu günə qədər gəlib çıxan bir sıra folklor nümunələri ("Maraloyunu, "Zopu-zopu, yaxud "Kilimarası, eləcə də Novruz bayramı şənliklərində göstərilən "Kosa-kosa, "Qodu-qodu, həmçinin digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeymləri sayılıb.

Milli teatrımızın yaradıcıları sayılan H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, M.Əliyev, S.Ruhulla, M.Davıdova və başqalarının şərəfli xidmətləri haqqında hələ ötən əsrin 50-ci illərinin nəşrlərində kifayət qədər materiallar dərc edilib. Şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ədəbi-bədii mərhələlərdən keçib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov deyir ki, M.F.Axundzadənin "Lənkəran xanının vəziri və "Hacı Qara komediyaları ilə pərdələrini geniş tamaşaçı üzünə açan Azərbaycan milli teatrı qarşısına qoyduğu məqsədə çatmaq üçün heçhamar olmayan yollar keçib, siyasi cərəyanların bir-birini əvəz etməsindən meydana çıxan məşəqqətləri yaşayıb. Lakin xalqımızın mədəniyyət, o cümlədən milli teatr tarixindən görünür ki, tamaşaçı məhəbbəti, sənətə bağlılıq qarşıya çıxmış bütün çətinlikləri aradan qaldırmaqla həyat hadisələrini səhnəyə daha böyük sevgi və şövqlə gətirib.

Həmsöhbətim bildirdi ki, H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realnı məktəbin şagirdləri tərəfindən göstərilən ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün mühüm təkan olub. Qabaqcıl Azərbaycan ziyalıları, Qori Müəllimlər Seminariyasını bitirənlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları hazırlayır, eyni zamanda aktyor kimi çıxış edirdilər: "Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundzadənin komediyalarını ("Xırs-quldurbasan, "Müsyö Jordan və dərviş Məstəli şah) oynayırdılar.

1890-cı illərdən başlayaraq N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam istiqamətdə, yəni milli zəmində inkişaf etməsində, səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verirbundan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özübir çox tamaşalarda baş rolları oynayırdı.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların carçısına çevrilib.

Mədəniyyət tarixinin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyinin bərpasından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. İllərdən bəri baxımsızlıq üzündən öz simasını dəyişmiş, teatr binalarının bərpası ilə yanaşı, yaradıcı kollektivlərə diqqət və qayğı öz bəhrəsini tezliklə göstərdi. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən müntəzəm şəkildə müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni sənət əsərləri səhnəyə çıxarıldıqca sənətkarların yubileyləri qeyd edilir, onların ictimai həyatdakı nüfuzları getdikcə artırılır. Məhz Azərbaycan milli teatrına dövlət və xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri genişlənir. Bu isə Avropa və Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikada fəaliyyət göstərən 27 dövlət, həmçinin bələdiyyə, uşaq və özəl teatrların səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar hər cür qayğı ilə əhatə olunurlar.

Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən studiyalar gənc səhnə sənəti mütəxəssislərinin peşəkarlığının artırılmasında mühüm rol oynayır: "Bilirsiniz, informasiya texnologiyalarının həyat və məişətimizə sürətlə daxil olması teatr aləminə də müəyyən təsirlərini göstərir. Bu, həm müsbət, həm də mənfi təsirlərdir. Yalnız onu deyə bilərik ki, cəmiyyətimiz yeniləşdikcə, zövqlər də zənginləşir, şüur inkişaf etdikcə, tələblər də dəyişir. Bu, teatr sənətində də belədir. Qələbə mənasını daşıyan "Zəfər studiyasında hazırlanan əsərlər sırf vətənpərvərlik mövzularında olurlar. Onların qayəsi düşmən üzərində qələbə çalmaqdır. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının yerləşdiyi bina mərhum və klassik sənətkarlarımız Mustafa Mərdanovla Zəfər Nemətovun o zamanlar həm təşəbbüsləri, həm də maliyyə yardımları ilə tikilmişdir. Aktyorlar Evi isə Abbas Mirzə Şərifzadənin adını əbədiləşdirib. Burada "Mustafa Mərdanov səhnəsi və "Zəfər studiyasının fəaliyyət göstərməsi də məhz ölməz sənətkarlarımızın böyük teatra məhəbbətlərinin ifadəsidir.

Azərbaycan milli teatrının tarixi keçmişibugünkü vəziyyəti barədə söz açarkən ilk növbədə onların bəzilərinin erməni vandalizminin qurbanlarına çevrilməsini xatırlatmalıyıq. İrəvan, Şuşa, Ağdam, Füzuli dövlət dram teatrlarının kollektivləri ötən müddət ərzində qaçqınlıq-köçkünlük ağrılarını daşımaqla yanaşı, düşmənin mənfur, çirkin siyasətinin ifşasının bədii ifadəsini tapmaq üçün yaradıcı potensialından səmərəli istifadə edib.

Lakin müxtəlif yerlərdə, sadəcə, uyğunlaşdırılmış şəraitdə tamaşalar hazırlayan Füzuli Dövlət Dram Teatrı yenidən Horadiz şəhərinə qayıdıb və fəaliyyətini doğma yurd yerində bərpa edib. Ağdam, Şuşa, İrəvan dövlət dram teatrlarının öz fəaliyyətlərini bərpa etmələri, təbii ki, mədəniyyətimizə dövlət qayğısının təzahürüdür.

Bu bayramın mart ayında keçirilməsinin isə xüsusi əhəmiyyəti var. Çünki Novruz tədbirləri də folklor nümunələri sayılan meydan tamaşaları və məzhəkələrlə daha çox yaddaqalan olur.

Azərbaycan milli teatrının inkişafı bir sıra digər amillərdə də özünün təsdiqini tapıb. UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun konqresinin Bakıda keçirilməsi də məhz Azərbaycanın təkcə mədəniyyətinin deyil, həmçinin iqtisadiyyatının da bugünkü tərəqqisinin ifadəsidir.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 8 mart.- S.3.