İstanbul Texnik Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

 

Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin verdiyi məlumata görə, BANM-ın rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib, SOCAR-ın Kadr, Rejim İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunu ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar. Onlara elmi-tədqiqat laboratoriyalarının, kitabxananın, idman fitnes zallarının, tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Rektor Elmar Qasımovla görüş zamanı BANM ilə İTU arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda BANM-da yaradılması nəzərdə tutulan kompüter mühəndisliyi ixtisası üzrə İTU-nun təcrübəsinin öyrənilməsi, birgə akademik proqramların həyata keçirilməsi, professor-müəllim heyəti tələbə mübadiləsi, ikili diplom, birgə innovasiya layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

Elmar Qasımov İstanbul Texnik Universitetinin mühəndislik sahəsindəki çoxillik effektiv fəaliyyətinin BANM üçün uğurlu təcrübə olacağını bildirib. O, bu baxımdan ikitərəfli əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini bildirib. E.Qasımov gənc Ali Məktəb olmasına baxmayaraq, BANM-ın mühəndislik sahəsində yüksək ixtisaslı peşəkar mühəndis kadrların yetişdirilməsində lider mövqeyini qoruyub saxladığını vurğulayıb. Rektor ölkənin ən intellektual potensiallı gənclərin BANM-da təhsil aldığını qonaqların diqqətinə çatdırıb.

İTU rektoru, professor Mehmet Karaca isə öz növbəsində rəhbərlik etdiyi universitet barədə geniş məlumat verərək 150 illik tarixi olan İTU-nun nüfuzlu məzunlarından, xarici əlaqələrindən, beynəlxalq reytinq cədvəllərindəki mövqeyindən danışıb. O, BANM ilə əlaqələrin genişlənməsinə maraqlı olduğunu qeyd edərək bu görüşü gələcək əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

Daha sonra BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Eyni zamanda BANM-ın Erasmus+ Beynəlxalq Proqramlar Ofisi ilə İTU arasında "MevlanaMübadilə Proqramı çərçivəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, sözügedən proqramın məqsədi Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir.

Sonda Elmar Qasımov İTU rektoru Mehmet Karacaya BANM-ın "Fəxri qonaq” plaketini təqdim edib.

 

Azərbaycan.-2020.- 11 mart.- S.6.