32 il sərt dalğalar qoynunda

 

 

71 yaşına qədəm qoymuş əfsanəvi dəniz şəhəri - Neft Daşları illər keçdikcə qocalmır, əksinə, cavanlaşır. Həm də mədən-şəhərin dəyişən, gözəlləşən təkcə mərkəzi hissəsi deyil. Onun görünüşü hər tərəfdə müasirləşir. Belə ki, Neft Daşlarında qurğular və avadanlıqlar təzələnir, yeni özüllər quraşdırılır, estakadalar, estakadayanı meydançalar, gəmilər üçün yanalma körpüləri inşa edilir.

Lakin tikmək, qurub-yaratmaq məsələnin yalnız bir tərəfidir. Böyük zəhmətlə başa gələn bu infrastrukturu qorumağın, lazım gəldikcə təmir edib saz vəziyyətdə saxlamağın özü də tikməkdən az vacib olan deyil.

Neft Daşlarında təcrübəli mühəndis Murad Adıgözəlovla söhbətimiz də əsasən bu mövzuda oldu. Bacarıqlı mütəxəssis 32 ildir dəniz şəhərindədir. Həmişə də Dənizdə Neft-Mədən Hidrotexniki Qurğular Sahəsində işləyib. Əmək fəaliyyətinə mühəndis kimi başlayıb, sonra usta, baş usta vəzifələrində çalışıb. 2007-ci ildən sahə rəisinin müavinidir.

- Hər bir tikilinin, eləcə də qurğu və avadanlığın xırda, cari, yaxud əsaslı təmirə ehtiyacı olur. Bəzən ən kiçik nasazlıq belə çox vacib bir işi ləngidir, hətta dayandıra bilir. Odur ki, haradansa təmirçilər çağırmaq lazım gəlir. Bunun özüxeyli vaxt aparır. Çalışdığım sahə məhz o məqsədlə fəaliyyət göstərir ki, Neft Daşlarında bu hallar baş verməsin. Biz qurğu və cihazların, digər infrastrukturun daim işlək vəziyyətdə olmasına çalışırıq, ortaya çıxan nasazlıqları dərhal aradan qaldırırıq.

Murad Adıgözəlov söhbətinə davam edərək bildirir ki, "Neft Daşları” NQÇİ-nin balansında onlarca sualtı dikdayaq boruları, gəmilərin yan alması üçün körpümeydançalar var. Onların fəaliyyətinə nəzarətdən əlavə, sahənin əməkçiləri vaxtaşırı hər iki tərəfdən estakadalara bərkidilmiş məhəccərlərin vəziyyətini də yoxlayırlar. Çünki Xəzərin qoynunda tez-tez güclü küləklər əsir və məhəccərlərin, eləcə də digər infrastrukturun möhkəmliyi çox vacibdir. Özüllərdə aparılan bərkitmə işləri də eyni dərəcədə zəruridir.

İlk baxışdan bu işlər asan görünə bilər. Əslində isə onların hamısı əməyin təhlükəsizliyi qaydalarına ciddi riayət olunmaqla görülməlidir. Sahədə çalışan fəhlə və mütəxəssislərin işinin ən çətin və məsuliyyətli tərəfi də məhz budur.

Beləliklə, sahə rəisinin müavini ilə söhbətimiz dəniz inşaatçılarından, onların ekstremal şəraitdə apardığı əməliyyatlardan, eləcə də və məişət şəraitindən düşür. Murad Adıgözəlov deyir ki, sahədə çalışan 43 nəfərin hamısı öz üzərinə düşən işin peşəkarıdır.

Yeri gəlmişkən, sahə əməkçilərinin 10 nəfəri mühəndis-texniki işçi, 11 nəfəri qaynaqçı, 22 nəfəri çilingərdir. Onlar da növbə ilə işləyirlər, yəni bir ayın 15 gününü dənizdə, 15 gününü isə quruda, öz ev-eşiyində olurlar. Həmsöhbətimiz sahə rəisi Zahir Bəylərovun da bir-iki gün əvvəl dənizdən Bakıya döndüyünü qeyd etdi. Böyük usta Asim Hüseynov, Murad Mütəllimov, Şəmsi Rzayev, Orxan Lətifov, Elxan Yolçuyev, Sabir Mustafayev, İlham Bekarovun, digər bacarıqlı çilingər və qaynaqçıların adını çəkdi.

Söhbətimizin iştirakçısı olan sahə əməkçiləri digər həmkarlarının - Arif Əliyevin, Elçin Əlfəndiyevin, Zaur Babayevin, Barat Quliyevin, Valeh Şahvələdovun, Aqil Mahmudovun və başqalarının da yüksək peşəkarlığının işə böyük kömək göstərdiyini bildirdilər.

Dəniz inşaatçıları qəhrəman Xəzər neftçilərinin ayrılmaz bir dəstəsidir. Murad Adıgözəlovun şəxsində onların hər birinin fədakar əməyinin, keçdiyi çətin və şərəfli həyat yolunun şahidi olmaq mümkündür. Onilliklərdir dənizin qoynunda bərkdən-boşdan çıxan, lakin bu gün də Xəzərdən ayrılmağı ağlına gətirməyən, hətta ona quruda fəaliyyət göstərən müəssisələrdə sanballı vəzifədə çalışmaq təkliflərindən boyun qaçıran bu insan öz işindən-sənətindən qürur duyur. Daim çalışmaq, işlədiyi sahəyə aid yenilikləri öyrənmək, dünyagörüşünü genişləndirmək ona xas olan başlıca xüsusiyyətlərdir. Sözarası deyir ki, Xəzər neftçisinə öz üzərində işləmək üçün geniş imkan var. Təbii ki, dənizdə əmək növbəsində olarkən bütün sutka boyu başında dayanmır. Onun fasilələri, istirahət saatları da var. Neftçilərin çoxu bu fürsətdən faydalanır, mütaliə edir, bilik və bacarıqlarını artırırlar.

Neftçi-inşaatçının qürur duyduğu bir tükənməz mənbə də var - bu da onun ailəsidir. Ömrünün yarısını Xəzərdə, sərt dalğalar arasında keçirən M.Adıgözəlov ailəsinin isti ocağını qoruyan, övladlarının tərbiyəsində böyük zəhməti olan həyat yoldaşı Gülşad xanıma minnətdarlıq edir. Biroğlu Zaurun onun yolunu davam etdirməsini, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olaraq "Abşeronneft”də bacarıqlı mühəndis kimi ilk uğurlu addımlarını atmasını özünün bir ata kimi xoşbəxtliyi sayır. "Bütün bu xoşbəxtliyi - geniş mənada xoşbəxtliyi mənə Neft Daşları, həmişə taleyimin töhfəsi saydığım peşəm-sənətim bəxş edib”, - deyir.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 1 mart.- S.7.