Qəri COUNZ: “Prezident İlham Əliyevin dəstəyi “Şahdəniz-2”nin həyata keçirilməsində başlıca amil olub

 

Çəkilişi başa çatmaqda olan "Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağıdır. Odur ki, bu layihənin gerçəkləşməsində "Şahdəniz-2”də hasilata başlanması başlıca amil oldu.

Təsadüfi deyil ki, "Cənub qaz dəhlizi”nin ötən ayın 28-də Bakıda keçirilən Məşvərət Şurasının VI toplantısında bu, bir daha vurğulanmışdır. Qeyd edilmişdir ki, "Şahdəniz-2” dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb layihələrdən biridir.

Xatırladaq ki, "Şahdəniz” yatağı Xəzərin Azərbaycan sektorunda sahildən 70 kilometr aralıda yerləşir. Yataq 1999-cu ildə kəşf olunub. Onun yerləşdiyi ərazidə suyun dərinliyi şimal-qərbdə 50 metrə, cənub-qərbdə 600 metrə çatır.

"Şahdəniz” təxminən 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat ehtiyatlarına malik nəhəng yataqdır. İşlənməsi iki mərhələdə həyata keçirilir. Yataqda ilk qaz ("Şahdəniz-1”) 14 il əvvəl çıxarılıb.

Keçən il "Şahdəniz” yatağında ümumilikdə 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 milyon ton (28,6 milyon barel) kondensat hasil edilmişdir. "Şahdəniz Bravo” platformasından ("Şahdəniz-2”) 2018-ci ilin ortalarında ilk qaz əldə olunmuşduro vaxtdan bəri hasilat tədricən artmaqdadır.

"Cənub qaz dəhlizi”nin BP-nin operatorluq etdiyi iki hissəsində - "Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələrində işlərin əksəriyyəti tamamlanıb. Bəzi işlər isə hələ bir neçə il davam edəcək.

Məşvərət Şurasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, "Şahdəniz-2”nin əsas nəhəng qurğusunun, eləcə də dənizdə və quruda yerləşən digər qurğularının yekun təhvil-təslimi yekunlaşıb.

Bu layihə üzrə iki qaz ixrac xətti və bir kondensat xətti vasitəsilə ixrac həyata keçirilir.

"Şahdəniz-2”də quyuların qazılması proqramında mühüm irəliləyişə nail olunub. Hazırda işlər qrafiki iki il qabaqlayır. Nəzərdə tutulan 26 quyudan 17-si qazılıb və onların 16-sı tamamlanıb.

Xatırladaq ki, "Şahdəniz-2”də quyular ayrı-ayrı cinahlarda qazılır. Yatağın şimal və qərb cinahlarındakı 8 quyunun hamısı uğurla işə salınıb. Hasilat üzrə birinci ilin planı yerinə yetirilib. Bu işlərə dünya səviyyəli Xəzər Donanması yüksək dəstək göstərib.

"Şahdəniz-2”də quyuların qazılması və tamamlanması 2025-ci ilədək çəkəcək, 2021-ci ildə şərq-cənub, 2022-ci ildə isə qərb-cənub və şərq-şimal cinahları işə salınacaq. Bu istiqamətdə keçən il dənizin dərinliyində avadanlıqların quraşdırılması davam edib. Qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə "Xankəndi” gəmisi və "İsrafil Hüseynov” borudüzmə barjı ilə sualtı qurğular daşınıb yataqda quraşdırılacaq.

Qazı Azərbaycanın və Gürcüstanın ərazisi ilə nəql edən genişləndirilmiş CQBK-nın isə bütün qurğuları artıq tamamlanıb və hazırda işlək vəziyyətdədir.

Q.Counz belə irimiqyaslı və mürəkkəb layihələrdə bütün tərəflərin etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməsinin qürurlu fakt olduğunu vurğulayıb. Eləcə də işlərin nəzərdə tutulmuş qrafikə və büdcəyə uyğun irəlilədiyini qeyd edib: "Biz, planlaşdırıldığı kimi, cari ilin sonunadək Avropaya ilk qazın çatdırılması üçün işləri qrafikə uyğun davam etdiririk. Layihə, həmçinin bu region üçün də unikaldır, belə ki, "Cənub qaz dəhlizi” ilk dəfə olaraq Xəzər regionunu birbaşa Avropa bazarlarına birləşdirəcək. Enerji müxtəlifliyini təmin etməkdən əlavə, bu layihə az karbonlu enerjiyə və daha təmiz dünyaya keçid etmək üçün görülən səylərə töhfə verəcək”.

, Avropa İttifaqının, ABŞ-ın, bir çox müvafiq beynəlxalq təşkilatların, 4 ölkədəki tərəfdaşlarımızın və 11 alıcının dəstəyi, əməkdaşlığı və uzlaşması tələb olunurdu.

Belə möhtəşəm layihənin təşəbbüskarı və aparıcı qüvvəsi kimi məhz Azərbaycan çıxış etdi. Bunu "Cənub qaz dəhlizi” Məşvərət Şurasının 2015-ci ildən bəri toplantılarının hamısının Bakıda keçirilməsi də təsdiq etdi və tədbirin iştirakçıları da bu faktı vurğuladılar. O cümlədən BP-nin regional prezidenti dedi: "Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin şəxsi iştirakı və dəstəyi "Şahdəniz-2” layihəsinin uğurla həyata keçirilməsində başlıca amil olub”.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.-13 mart.- S.4.