Londonun 20 illik təcrübəsini Bakı 8 aya mənimsədi

 

Britaniyalı mütəxəssis paytaxtımızdakı ekoloji layihənin gedişini yüksək qiymətlətləndirdi

 

 

Artıq 8 aydan çoxdur ki, paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırladığı yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsinin icrası həyata keçirilir.

Görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində irəliləyişlər əldə olunub. Nərimanov rayonunda bu istiqamətdə xeyli görülüb, tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb, yeni, müasir konteynerlər yerləşdirilib, sakinlər arasında lazımı maarifləndirici işlər aparılıb.

Nərimanov rayonundakı işlərin müvəffəqiyyəti layihənin artıq digər rayonlara tətbiq edilməsinə şərait yaradıb. Layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbərlərindən biri Devid Dray paytaxtımıza gəlmişdir. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, bu il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunmuşdur. Görüşdən sonra Devid Dray Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində mətbuat nümayəndələrinə bu barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

Devid Dray bildirmişdir ki, layihənin icrasına Bakı şəhərində sıfır mərhələdən başlanmasına baxmayaraq, əldə olunan ilkin nəticələri uğurlu saymaq olar. Bakı son illərdə xeyli inkişaf edib, əhalisinin sayı artıb. Onun böyük əraziyə malik olmasına baxmayaraq şəhər çox təmizdir. Əsas məsələ bu təmizliyi qoruyub işləri inkişaf etdirməkdir.

Qonaq müqayisə üçün qeyd etmişdi ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakının Nərimanov rayonunda isə 8 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 26-35 faiz olaraq son vaxtlarda 40 faizə çatmış, kağız və karton tullantıları 25 faiz olmuşdur ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 22-24 tona çatıb. Bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun - Nizami, Nəsimi, Yasamal və sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.

Eyni zamanda bir sıra çatışmazlıqlar da mövcuddur. Bu bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması ilə bağlıdır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Həmçinin çeşidlənmiş tullantıların oğurlanaraq müxtəlif qəbul məntəqələrinə təhvil verilməsi halları da qeydə alınıb ki, bu məsələlər də hüquq-mühafizə orqanlarının nəzərinə çatdırılıb.

Bildirildi ki, bu işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcəkdir.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.-13 mart.- S.5.