Azərbaycanda çoxpartiyalı Milli Məclis formalaşdı

 

Yenilənmiş parlament Prezident İlham Əliyevin genişmiqyaslı və çoxşaxəli islahatlarının daha da dərinləşməsinə müsbət töhfə verəcək

 

 

Azərbaycanda VI çağırış Milli Məclisin yeni tərkibi formalaşdı və martın 10-da parlamentin ilk iclası keçirildi. Prezident İlham Əliyevin iştirak etdiyi iclasda Milli Məclisin yeni sədri, vitse-spikerlər, yeni komitə və komissiya rəhbərləri də seçildi.

 

 

Bitərəf və partiya rəhbərlərinə böyük etimad

 

 

İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında müəyyənləşdi. Prezident İlham Əliyevin yürütdüyü daxilixarici siyasətə, bütün sahələrdə həyata keçirdiyi mütərəqqi islahatlara öz funksiyaları və səlahiyyətləri çərçivəsində dəstək verəcək parlament rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olundular. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri həm də Milli Məclisin daimi komitələrinə sədr seçildilər. Qeyd edək ki, yeni parlamentdə Yeni Azərbaycan Partiyası 70, müstəqillər 39, digər partiyalar 12 deputatla təmsil olunurlar. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə qadın deputat Sahibə Qafarova Milli Məclis Sədri seçildi. Birinci vitse-spiker Əli Hüseynli, vitse-spikerlər isə Adil Əliyevlə Fəzail İbrahimli oldu.

Beləliklə, yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spikeronun müavinləri, komitə, komissiya sədrlərinin formalaşması prinsipində də özünü göstərdi.

Prezident İlham Əliyev parlamentin ilk iclasında həm seçkilərin keçirilməsini, seçki prosesi ilə bağlı beynəlxalq təşkilatların, müşahidə qruplarının rəylərini dəyərləndirdi, həm də yeni tərkibə tövsiyələrini verdi.

Altıncı çağırış parlamentin uğurla fəaliyyət göstərəcəyinə, aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirən Prezident vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Yeni formalaşan tərkib bunun bariz nümunəsidir.

Dövlət başçısı çoxpartiyalı parlamentin formalaşmasını demokratiyanın inkişafında önəmli addım adlandırdı: "Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır...

Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

 

 

Milli Məclis islahatlara yeni təkan verəcək

 

 

Son 3 ildə Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabineti, Prezident Administrasiyası, mərkəzi yerli icra hakimiyyəti orqanları, məhkəmə-hüquq sistemində aparılan struktur kadr islahatları ölkənin ictimai-siyasi, iqtisadi inkişafına yeni təkan verib. Dövlət başçısının söylədiyi kimi, mütərəqqi islahatların dərinləşməsi parlamentdən yan keçə bilməzdi. Əlbəttə ki, yeni tərkibdə formalaşmış Milli Məclis bu islahatlara yeni təkan verəcək.

 

Prezident deputatlar qarşısında duran vəzifələrdən söz açdı onlara tapşırıqlarını verdi:

 

- qanunvericilik bazası daha da möhkəmləndirilməli;

 

- kəmiyyətə deyil, daha çox keyfiyyətə fikir verilməli;

 

- mövcud qanunların təkmilləşdirilməsinə baxılmalı, onları yenidən təftiş etməli;

 

- milli dəyərlərin qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalı;

 

- qəbul edilən qanunların icrasına nəzarət etməli;

 

- informasiya təhlükəsizliyi ilə əlaqədar qanunvericilikdə yeni yanaşmalar olmalı;

 

- iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.

 

Cənab İlham Əliyev deputatların seçicilər qarşısındakı öhdəliklərinə nəzər yetirərək bildirdi ki, onlar daim seçicilərlə təmasda olmalı insanların problemlərinin həlli istiqamətində ciddi çalışmalıdırlar. Bu da deputatlar qarşısında qoyulmuş çox böyük məsuliyyətdir: "Xüsusən, indiki dönəmdə, iqtisadiyyatın prioritet olduğu bir zamanda parlamentin hər üzvünün, komitələrin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Komitələrə peşəkar şəxslərin rəhbərlik etməsi göstərir ki, yaxın günlərdə ciddi qanunvericilik prosesinin şahidi olacağıq”.

Ölkə lideri bəyan etdi ki, parlamentdə qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət gənclər siyasəti nəzərə alınmalıdır. Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışan Prezident Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınması üçün fəallığı artırmağın zəruriliyini vurğuladı. Son 16 ildə Azərbaycanın bütün sahələrdəki davamlı inkişafına toxunan Prezident vurğuladı ki, iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur.

Beləliklə, VI çağırış Milli Məclis öz işinə başladı. Dövlət başçısının fikirlərindən aydın oldu ki, parlament Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək, ölkənin sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcək.

Bir sözlə, Prezidentin parlamentin ilk iclasındakı geniş nitqi, tapşırıq tövsiyələri Milli Məclisin yeni formalaşmış təmsilçiləri üçün bir yol xəritəsi oldu.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.-14 mart.- S.1;4.