Strateji tərəfdaşlıq nümunəsi

 

Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək

 

 

"Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq”. Prezident İlham Əliyevin türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla Bakıdakı təkbətək görüşdə söylədiyi bu ilk cümlələr iki türk dövləti arasındakı münasibətləri tam mahiyyəti ilə ifadə edir. Eyni zamanda İlham Əliyevin bu sözləri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin hansı atmosferdə keçdiyini göstərdi.

 

 

Milli ortaqlıqdan başlanan tərəfdaşlıq

 

 

Ortaq milli kimlikləri, mədəni və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan türk dövlətlərinin bu gün daha geniş əməkdaşlıq qurmaları, həmrəylik nümayiş etdirmələri olduqca vacibdir. Çünki qloballaşan dünyada, prinsipləri sürətlə dəyişən beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin öz müstəqilliklərini daha da möhkəmləndirmələri, siyasi-iqtisadi maraqlarını layiqli şəkildə təmin edə bilmələri baxımından vacib elementlərdir.

Türkmənistan isə milli ortaqlıqdan başqa, həm də Azərbaycanla eyni coğrafiyanı bölüşən dövlətdir. Bu baxımdan Bakı Xəzərin o tayında yerləşən Türkmənistanla əlaqələrə mühüm önəm verir.

Xatırladaq ki, Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin iyunundan qoyulmasına baxmayaraq, həm bir-birinə coğrafi baxımdan yaxın olan, həm də zəngin karbohidrogen ehtyatlarına malik bu iki türk dövləti arasında siyasi əlaqələr uzun müddət inkişaf etməmişdi. Bu gün isə bu əlaqələr artıq strateji səciyyə daşıyır. Hələ 2017-ci il avqustun 8-də Bakıda Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəddə iki dövlətin gələcək birgə fəaliyyətinin demək olar ki, bütün istiqamətləri müəyyən edilib. Belə ki, burada siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib.

Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında Türkmənistana etdiyi rəsmi səfər əlaqələrin məhz strateji tərəfdaşlıq prinsipləri əsasında inkişafının təsdiqi oldu. Həmin səfər zamanı dövlətlərarası əlaqələrin bütün tərəfləri müzakirə edildi. Danışıqların yekunu olaraq 21 sənədin imzalanması əməkdaşlığın yaxın gələcəkdə strateji tərəfdaşlıq ruhunda yeni mərhələyə yüksələcəyindən xəbər verdi.

 

 

Geniş gündəliyə dair fəal dialoq davam edir

 

 

Bu gün iki dövlət arasında bir çox sahələri əhatə edən əməkdaşlıq formatı mövcuddur. Qurbanqulu Berdiməhəmmədovun rəsmi səfəri isə İlham Əliyevin qeyd etdiyi kimi, siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqun davamıdır. Bu səfər təsdiqlədi ki, iki ölkənin münasibətləri yeni mərhələdə dinamik inkişaf edir. Xüsusən iqtisadi-ticari əməkdaşlıq genişlənir, əmtəə dövriyyəsi artır.

Səfər zamanı prezidentlər arasında istər təkbətək, istər geniştərkibli görüşdə olduqca konstruktiv və səmərəli danışıqlar aparıldı. Dövlət başçıları ikitərəfli əlaqələrin, ayrı-ayrı sahələr üzrə əməkdaşlığın bütün aspektlərini, yəni, onların cariperspektiv vəziyyətini nəzərdən keçirdilər, enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar. Görünən odur ki, həm Azərbaycan, həm də Türkmənistan ikitərəfli münasibətlərin daha da inkişafında maraqlıdır.

Bütövlükdə, prezidentlərin görüşündə müzakirə olunan məsələlər hər iki tərəfin əməkdaşlığın strateji inkişafına sadiq qaldığını təsdiq etdi. İmzalanan 18 sənəd isə iki qonşu dövlət arasındakı mövcud hüquqi bazanı daha da möhkəmləndirdi. Bu sayda sənədin imzalanması ikitərəfli münasibətlərin və əməkdaşlıq həcminin göstəricisi olmaqla yanaşı, həm də qardaşlıq münasibətinin təzahürüdür.

 

 

Regional əməkdaşlıq formatı

 

Azərbaycan və Türkmənistan son illərdə öz ərazilərində müasir nəqliyyat infrastrukturunun yaradılmasına və logistika imkanlarının artırılmasına böyük sərmayələr yatırıblar. Həm Azərbaycanda, həm Türkmənistanda yeni beynəlxalq ticarət limanları yaradılıb. Hazırda bu limanlar əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir. Azərbaycanın təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi-Qars dəmir yolu bir neçə ildir istifadəyə verilibbununla da "Şərq-Qərb nəqliyyat dəhlizi”nin Azərbaycanın və Türkmənistanın yerləşdiyi coğrafiyadan keçən imkanları daha da yüksəlib. Təbii ki, bütün bunlar iki ölkə üçün əmtəə dövriyyəsini və tranzit daşımalarını artırmağa yol açır.

Təsadüfi deyil ki, prezidentlərin danışıqlarında əsas diqqət yetirilən məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Buraya yaradılmış müasir nəqliyyat infrastrukturunun potensialından hər iki dövlətin iqtisadi maraqları naminə səmərəli istifadə, infrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlərin görülməsi kimi məsələlər daxildir. Ona görə müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, hər iki ölkənin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verildi.

Prezident İlham Əliyev mətbuata bəyanatında Qurbanqulu Berdiməhəmmədovla görüşün məhsuldar olduğunu bildirib: "Görüşümüzün gündəliyi yetərincə məhsuldar olub. Ümumiyyətlə, biz çox fəal dialoq aparırıq. Keçən il prezidentlər həm Bakıda, həm də Aşqabadda görüşüblər. İnişil, qeyd etdiyim kimi, mənim rəsmi səfərim çox uğurlu olub. Mən qonaqpərvərliyə görə qardaş türkmən xalqına və Türkmənistan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Türkmənistan Prezidentinin budəfəki rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsi işində daha bir mühüm addım olacaq”.

Türkmənistan Prezidentinin ölkəmizə rəsmi səfəri iki dövlət arasında mahiyyətində strateji tərəfdaşlıq dayanan dostluq və qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu gün iki ölkənin əlaqələrinin səviyyəsi regional əməkdaşlığın gözəl nümunəsini yaradır. Beləliklə, Bakıda irəli sürülən təşəbbüslər, əldə olunan razılaşmalar regional tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcək, yaxşı nəticələr verəcək.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 14 mart.- S.1;4.