Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 850,0 (səkkiz yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 mart 2020-ci il

 

Azərbaycan.- 2020.- 19 mart.- S. 1.