Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır

 

Bu, Azərbaycanda hətta pandemiya dövründə sosial layihələrin davamlı olduğunun daha bir göstəricisidir

 

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu il aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllədə aparılan tikinti işləri ilə tanış olub.

Hər il məcburi köçkünlərin yeni evlərlə təmin olunması üçün binaların tikintisinə böyük vəsait ayrılır. Məqsəd hər bir məcburi köçkünün yaxşı şəraiti olan mənzildə, yaxud evdə yaşamasıdır. Bu məsələyə Prezident şəxsən özü nəzarət edirbu tip qəsəbələrin, məhəllələrin əksəriyyətinin açılışında iştirak edir.

Hazırda Abşeron rayonunun ərazisində iki belə qəsəbə salınır. Onların birində 1890, digərində 1152 ailə məskunlaşacaq.

Birinci qəsəbədə sosial infrastruktur obyektlərinin tikintisi də aparılır. Belə ki, burada 1512 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi və musiqi məktəbi inşa edilir. Digər qəsəbədə 29 yaşayış binası tikilir, ümumilikdə isə burada 35 yaşayış binasının inşa edilməsi nəzərdə tutulur.

Sözügedən tədbir zamanı dövlət başçısına məlumat verildi ki, məcburi köçkünləri yeni yaşayış binalarında məskunlaşdırmaq üçün 50 hektar torpaq sahəsi ayrılıb. Bunun 17 hektar sahəsində salınmış qəsəbədə 1001 ailə yaşayır. Hazırda tikilən isə ikinciüçüncü qəsəbələrdir. Bundan əlavə, 12 hektar boş ərazi qalıb ki, orada da 1008 ailənin yerləşdirilməsi planlaşdırılır. Dövlət başçısının tapşırığına uyğun olaraq hər cür sosial infrastruktura malik bu qəsəbələrdə 2500 ailə əvəzinə, 5000-ə yaxın ailə məskunlaşdırılacaq.

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atır. Bunun sayəsində indiyədək 62 494 məcburi köçkün ailəsinin, yəni 115 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Qeyd edək ki, həmin insanlar məişət şəraiti məhdud olan binalarda, yarımçıq tikililərdə, çadır şəhərciklərində, vaqonlarda məskunlaşmışdılar. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan genişmiqyaslı işlər sayəsində indi onlar müasir tipli qəsəbələrdə və rahat mənzillərdə yaşayırlar.

Dövlət eyni zamanda Qarabağ müharibəsi əlillərindən və şəhid ailələrindən də qayğısını əsirgəmir. Onlar da mənzil və fərdi evlərlə, habelə avtomobillərlə təmin olunurlar. Bu il aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziriİqtisadiyyat naziri ilə keçirdiyi videobağlantı formatlı iclasda dövlət başçısının şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı ciddi şəkildə maraqlanması da bir daha onun böyük humanistliyindən xəbər verir. Prezident bildirdi ki, pandemiya şəraitində də belə həmin ailələrin mənzillə təmin edilməsini gecikdirmək olmaz.

Azərbaycan dövlətinin siyasətində sosial yönümlü məsələlər böyük önəm daşıyır. Belə ki, dövlət iqtisadi inkişafdan əldə etdiyi gəlirin çox hissəsini əhalinin sosial müdafiəsinə yönəldir. Prezident İlham Əliyev çıxışlarında dönə-dönə bəyan edib ki, dövlət üçün əsas məsələ Azərbaycan vətəndaşının mənafeyidir. Dövlət başçısı bunu hər bir addımı ilə sübut edir. Təkcə keçən il əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə 2,3 milyard manat dəyərində iki mühüm sosial paket icra edildi.

Məlumdur ki, dünyanı çənginə alan koronavirus xəstəlik olmaqla bərabər, həm də insanların həyatına mənfi təsir göstərən sosial faktordur. Yəni insanlar yerlərini itirərək dolanışıq problemi ilə qarşılaşırlar. Dövlətimiz bu çətin anda da öz vətəndaşını darda qoymadı. Əhalini pandemiyanın fəsadlarından qorumaq üçün 3,5 milyard manatlıq dövlət dəstəyi paketi qəbul edildi. Azərbaycan vətəndaşları bu paketdən faydalanır və dövlətin onları çətinlikdə qoymadığı üçün qürur duyur və Prezidentə minnətdarlıqlarını bildirirlər.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 1 may.- S.1;5.