Dünyanın ən gözəl şəhərlərindən biri

 

 

Keçmiş "Sovetskinin yerində salınan "yaşıl ada əsl istirahət guşəsinə çevrilib

 

 

 

Paytaxt Bakının son 10-15 ildə dünyanın diqqət mərkəzinə çevrilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, könülaçan faktlardandır. Bakıda bir-birinin ardınca beynəlxalq tədbirlərin keçirilməsinin səbəbləri arasında onun hüsnünün gözəlliyinin ildən-ilə artması da əsas amillərdəndir. Şəhərimiz Xəzərin laylasında da gözəldir, təlatümündə də, Dənizkənarı parkında istirahət edən əcnəbilərin çoxluğu ilə də.

Ötən il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı paytaxt Bakının gündən-günə, aydan-aya inkişafının ürəkaçan olmasına toxunmuşdu. Dövlət başçısı xüsusi olaraq qeyd etmişdi ki, Bakı şəhərində bir çox layihələr icra edilir, abadlaşdırılan 50-dən artıq nümunəvi həyət artıq vətəndaşların sərəncamına verilib: "...Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq, eyni zamanda mövcud problemlər də var. Bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır...

 

 

 

"Küləklər şəhərinin park və xiyabanları

 

 

Ta qədimlərdən paytaxt Bakı "küləklər şəhəri adlandırılıb. Xəzərdən əsən meh Bakı sakinlərinə, onun qonaqlarına sərinlik gətirir. "Küləklər şəhəri bu gün həm də parkları, xiyabanları ilə yaddaşlara yazılır. Salınan hər yeni park əsl istirahət guşəsinə çevrilir, xüsusən də ilin isti, qızmar yay günlərində.

Bir vaxtlar Bakının köhnə məhəllələrindən biri kimi məşhur olan "Sovetskinin yerində indi şəhərin ən böyük istirahət guşəsi - Milli park salınıb. Ötən ilin may ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva parkın açılışında iştirak etdilər. Burada bütün yaş qruplarından olanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalara görə isə yelləncəklər, futbol meydançası salınıb. Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. Ərazisi 20 hektar olan parkın əsas hissəsi yaşıllıqdan ibarətdir. Burada Mirzəağa Əliyev küçəsi ilə Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı da tikilib.

Bir neçə il öncə Bakının gözəlliyinə kölgə salan "Sovetskinin ərazisində belə bir parkın salınması, vətəndaşların istirahəti üçün şəraitin yaradılması paytaxt sakinlərinin ürəyincədir. Parkda dincələnlər də bu fikirlə razıdırlar ki, dövlət başçısı Bakının gündən-günə gözəlləşməsi üçün var gücü ilə çalışır. Yeni park zonası şəhərin mərkəzini onun dağlıq hissəsi ilə birləşdirən "Qış bağının davamıdır. Burada böyüklərin istirahəti, balacaların isə əylənmələri üçün gözəl şərait yaradılıb. Məhz belə inkişaf göstəricilərinə görə deyə bilərik ki, müasir Bakı yaraşığı, gözəlliyi, Şərqlə Qərbin sintezindən doğan bənzərsiz memarlıq nümunələri ilə dünyanın əksər məşhur paytaxtları sırasındadır.

Paytaxtla ilk tanış olan turistlər isə Bakını Milan, Paris, Dubayla, bir sözlə, dünyanın tanınmış məşhur şəhərləri ilə müqayisə edirlər. Bakıya heyran olanların, onunla görüşə can atanların sayı isə ildən-ilə artmaqdadır. Bu, ölkəyə turist axını faktlarında da təsdiqlənir.

 

 

Bakının " ciyəri

 

 

2019-cu il may ayının 22-də yeni parkın açılışı nəinki Bakının, hətta dünya memarlığı tarixində baş verən unikal hadisə idi. Füzuli meydanının ətrafında yeni yaşıllıq zolağının salınması paytaxt sakinlərinin, eləcə də onun qonaqlarının əsl istirahət yerinə çevrilib.

Parkda 2 mindən artıq 19 növdə ağac, 137 mindən çox gülkol bitkiləri əkilib. Bir sözlə, keçmiş "Sovetskinin yerində salınan "yaşıl adanın - Milli Parkın gecə-gündüzü uşaqların, gənclərin, yaşlı insanlarındır...

Azərbaycan Prezidenti paytaxtı tarixi sərvətimiz adlandıraraq onun dünəni və bugünü haqqında fikirlərini bölüşərkən bildirmişdir ki, "Sovetskidə də yaşayış çox ağır idi. Yəni bir-birinin içində olan köhnə daxma tipli tikililər həm ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi, həm də orada yaşayan insanlar və nəqliyyat üçün böyük problem yaradırdı: "Yolların eni 2-3 metr idi. Biz böyük işlər görərək oradan da vətəndaşları kompensasiya əsasında köçürdük. Bəzilərinə yeni evlər verildi, bəzilərinə pul təminatı. İndi orada fəaliyyət göstərən Mərkəzi Park dünya miqyasında ən gözəl parklardan biridir. Bütün bunlar görülən işlərin bir hissəsini təşkil edir. Bütün işləri sadalamaq üçün günlərlə vaxt lazımdır. Görülən işlər onu sübut edir ki, Bakı şəhərinin inkişafına, havasının təmizlənməsinə və nəticə etibarilə vətəndaşların rahat yaşamasına nə qədər böyük diqqət göstərilir...

 

 

 

Heydər Əliyev Mərkəzi - dünyanın ən gözəl 10 binasından biri

 

 

Dövlət başçısı Bakı şəhərini heç də təsadüfi olaraq milli sərvətimiz adlandırmayıb. Azərbaycan Prezidenti bunun səbəblərini göstərərkən qeyd etmişdir ki, birincisi, şəhərin quruluşu, şəhərdə mövcud olan gözəl tarixi memarlıq abidələri, o cümlədən İçərişəhər, şəhərimizin Xəzər dənizinin kənarında yerləşməsi onun füsunkarlığını daha da artırır: "Bu abidələr əsrlər boyu mövcud idi. Ancaq indi bəziləri unudur ki, onların əvvəlki görkəmi necə idi. Qapqara qaralmış, yarıdağılmış, baxımsız, rəngi solmuş binalar və illər boyu o binaların divarlarına hopmuş çöküntülər onların əsl simasını gizlədirdi. Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişiktarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb. Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır...

Doğrudan da, biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. "Alov qüllələri, "Crystall Hall, Azərbaycan Milli Xalça Muzeyi... Bakının müasir memarlığını təcəssüm etdirir. Bütün bunlar isə tarixləri qovuşdurur - Bakıda keçmişlə müasirliyin vəhdətini təşkil edirlər...

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 1 may.- S.7.