İndi yaşamaqyaşatmaq bizdən asılıdır

 

 

Dünyada koronavirus adlı bir kabus dolaşır. Bu xəstəlik vahiməli olduğu qədər də sirlidir. Hazırda onun vahid müalicə forması yoxdur. İndiki halda bir neçə müalicə üsulundan istifadə olunur ki, o da bir xəstəyə müsbət təsir göstərdiyi halda digərinə kömək etmir. Bir sözlə, bütün dünyada həkimlər bu xəstəliyin qarşısını almağa çalışsalar da, istəklərinə tam nail ola bilmirlər.

Hazırda koronavirusun müalicəsi üçün dərman və ya peyvəndin hazırlanması ilə məşğul olan alimlərin rəyinə görə, onlara ən azı bir-iki il vaxt gərəkdir. Çünki indiyədək heç yerdə belə bir virus müşahidə edilməyib. Xəstəliyin başlanğıcının bəzən gizli keçməsi, ətrafdakıların tez yoluxması, hər xəstə üçün bir cür müalicə üsulundan istifadə edilməsi işləri daha da çətinləşdirir.

Dünyanı bürüyən koronavirus təəssüf ki, ölkəmizə də gəlib çatdı. Mayın 1-dək ölkə üzrə bu xəstəlikdən 25 nəfər vəfat edib. Bu, dünyada əhali sayına görə ölüm hallarının ən aşağı səviyyədə olması deməkdir. Məsələn, 11 milyon əhalisi olan Belçikada ölənlərin sayı 6 minə yaxınlaşıb. Hazırda hər gün ölənlərin sayı da bizdə olduğundan qat-qat çoxdur. Azərbaycanda vəfat edənlərin və yoluxanların sayının az olması Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bu bəlaya qarşı vaxtında lazımi tədbirlərin görülməsidir.

Koronavirusun yarada biləcəyi fəsadların qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və fəaliyyət göstərir. Qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bu sahə üzrə ekspertlərdən ibarət qrup formalaşdırıldı. Virusun geniş yayılmamasından ötrü məktəblərin, uşaq bağçalarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Həmçinin park və istirahət yerlərinə giriş qadağan edildi. Pandemiya ilə mübarizəni sərtləşdirmək üçün martın 24-də xüsusi karantin rejimi, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyəti tətbiq olundu.

Koronavirusla mübarizədə qoruyucu maskalar önəmli rol oynayır. Dövlət başçısı bu sahədə idxaldan asılılığı aradan qaldırmaq üçün Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsal edən müəssisənin yaradılması haqqında göstəriş verdi. Qısa bir zamanda xaricdən avadanlıq və xammal gətirilərək istehsala başlandı. Beləliklə, bir neçə günə ölkədə maska problemi həll olundu. Dünyadakı vəziyyətə nəzər yetirdikdə görürük ki, pandemiyanın hər gün yüzlərlə can aldığı inkişaf etmiş ölkələr bu günmaska qıtlığından əziyyət çəkirlər və onu xaricdən idxal edirlər.

Prezident İlham Əliyevin göstərişi ilə ölkənin bütün maddi resursları əhalinin sağlamlığının qorunmasına səfərbər edilib. Buraya 575 çarpayılıq "Yeni klinika”nın vaxtından əvvəl istifadəyə verilməsi, xaricdən müasir laboratoriyaların alınıb gətirilməsi, mövcud xəstəxanaların lazımi tibbi avadanlıqlarla təchizi də daxildir. Eyni zamanda infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün modul tipli xəstəxanaların quraşdırılması məqsədilə dövlət tərəfindən böyük vəsait ayrılıb. Prezident İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında bir daha bəyan etdi ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı onun üçün hər şeydən üstündür. Dövlət başçısı yeni açılan müəssisənin əhəmiyyətini vurğulayaraq demişdir: "Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”.

Ölkədə görülən qabaqlayıcı tədbirlər sayəsində biz bu bəlanı az itki ilə adlamağa nail oluruq. Ancaq hələ də bu xəstəliyə yoluxanlar var. Aprelin 27-dən sərt karantin tədbirlərinin yumşaldılması insanlarda əbəs yerə arxayınlıq yaradıb. Bəziləri ehtiyat tədbirlərinə məhəl qoymadan əhalinin sıx olduğu yerlərdə tibbi maskalardan istifadə etmir. Ən qəribəsi isə odur ki, hər gün televiziya ilə dünyada baş verən insan tələfatını seyr edənlər belə sübut etməyə çalışır ki, ümumiyyətlə, koronavirus adında bir bəla mövcud deyil. Bu fikirdə olanlar bilməlidirlər ki, koronavirus hələ də dünyada tüğyan edir. Bu bəla hər gün minlərlə can alır, yoluxanların sayı isə milyonlarladır. Təkcə ABŞ-da pandemiya nəticəsində 70 mindən çox adam ölüb. Bu, illərlə davam edən Vyetnam müharibəsində olduğundan çoxdur. Pandemiyanın tüğyan etdiyi ölkələrin vətəndaşları da vaxtında dövlətin xəbərdarlıqlarına məhəl qoymadılar. Bironda ayıldılar ki, artıq doğmalarını itirirlər. Virusun sürətlə yayılmasından sonra görülən tədbirlər gecikmiş oldu. Bir çox ölkələrdə isə karantin rejiminin yumşaldılmasından istifadə edən insanların ehtiyatsız davranışları pandemiyanın ikinci dalğasının başlanmasına gətirib çıxardı.

İndiyədək bu virusla mübarizə aparan həkimlərin gəldiyi yekdil fikir belədir ki, pandemiya ilə mübarizənin ən səmərəli yolu gigiyenik və özünütəcrid qaydalarına ciddi əməl etməkdir. Bu, həm də ötən beş ay ərzində aparılan elmi araşdırmaların nəticəsidir.

Biz ABŞ-ın acı təcrübəsindən nəticə çıxarmalıyıq. Bu ölkədə ölənlərin sayının sürətlə artması cəsədləri vaxtında dəfn etməyə belə imkan vermir. İnsanlar soyuducu kamerası olmayan maşınlarda çürüyən meyitlərin üfunətindən vahiməyə düşüblər. Bu və digər arzuolunmayan hallar Avropa ölkələrində də müşahidə edilir. Məsələn, bir sıra Avropa ölkələrində qocalar evində yaşayan ahıllar ya müalicə olunmur, ya da onların müalicəsi lazımi səviyyədə aparılmır. Bir sözlə, bu insanlar taleyin ixtiyarına buraxılıb. Yəni onların sağalması üçün vaxt sərf edilmirbunun üçün xərcləməyə vəsait də yoxdur. Həmin ölkələrdə bu cür acınacaqlı vəziyyətin yaranmasının iki əsas səbəbi var. Birincisi, dövlətin vaxtında qabaqlayıcı tədbirlər görməməsi, ikincisi isə, insanların karantin rejiminin qaydalarına əməl etməməsidir.

Koronavirusla mübarizə dünyada bir mühüm amilə də aydınlıq gətirdi. Bu, hər bir ölkənin hansı dəyərlərə sahib olmasıdır. İndi inkişaf etmiş bir çox ölkələrdə baş verən insanlıq dramı da bununla bağlıdır. Humanizmdən dəm vuran, bizə insan haqlarından dərs keçməyə çalışan Qərb ölkələrinin insan həyatına verdiyi dəyəri görürük. Həmin dövlətlər insanların həyatını xilas etmək üçün ciddi addımlar atmır. Bu səbəbdən də həmin ölkələrdə ölüm halları yüksəkdir. Bir daha vurğulamaq istəyirik ki, sözügedən yerlərdə pandemiyanın daha sürətlə yayılmasında insanların öz günahı da çoxdur. Həmin dəhşətli vəziyyətdən ciddi nəticə çıxarmalıyıq.

Özümüzü, əzizlərimizi qorumaq naminə karantin qaydalarına əməl edək! İndi yaşamaqyaşatmaq bizdən asılıdır!

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 6 may.- S.7.