Uğurlu sosial müdafiə strategiyasının banisi

 

Dövrünün xarizmatik şəxsiyyətləri xalq üçün çətin dönəmlərdə qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, insanları milli məqsədlər ətrafında səfərbər etmək, irəli sürdükləri mütərəqqi ideyaları əzmlə gerçəkləşdirmək bacarıqları sayəsində ümummilli liderlik zirvəsinə ucalmışlar. Bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna yerirolu qabarıq görünür.

Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli dövlət xadimi, müdrik siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradaraq onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin çox mühüm mərhələsini təşkil edir. Anadan olmasının 97-ci ildönümü respublikamızda geniş qeyd edilən Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın hərtərəfli inkişafına ən etibarlı təminatdır.

Hələ 1969-cu il iyul ayının 14-də sovet Azərbaycanına ali rəhbər vəzifəyə irəli çəkilən Ümummilli Lider ilk günlərdən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa çalışmış, Azərbaycan xalqının gələcək müstəqilliyi üçün bütün imkanlardan istifadə etmişdir. Əminliklə demək olar ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər, abadlıq-quruculuq işləri miqyasına görə Azərbaycanın inkişaf salnaməsinin ən dolğun səhifələrini təşkil edir.

Respublikamız məhz həmin illərdə formalaşmış möhkəm iqtisadi-siyasi, hüquqi təməl üzərində 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, cəmiyyətin bütün sahələrində hökm sürən böhranlı və xaotik vəziyyət yalnız Ulu Öndərin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırılmışdır. 1993-cü ilin ikinci yarısından etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirmişdir.

Ulu Öndər ilk gündən özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq qeyri-mümkündür. Heydər Əliyev böyük strateq olaraq Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.

Böyük Öndərin siyasi uzaqgörənliyinin, prinsipiallığının və iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan vermişdir. "Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Konstitusiyamız ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının, eləcə də sosial hüquqların təminatına, ümumən, sosial dövlət konsepsiyasının reallaşmasına hüquqi baza yaratmışdır. Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qaldığı bəyan edilmişdir. Əsas Qanunda təsbit edilmiş normalar bazar münasibətləri şəraitində sosial dövlət konsepsiyasının reallaşdırılmasının fundamental normativ-hüquqi bazasının yaradılmasına, eləcə də həmkarlar ittifaqlarının cəmiyyətdəki rolununstatusunun möhkəmlənməsinə səbəb olmuşdur.

Ulu Öndərin irəli sürdüyü sosial dövlət prinsipinin rəhbər tutulması səbəbindən müstəqilliyin ilk illərindən başlayaraq ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Qısaca xatırlatmaq istərdik ki, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1996-2003-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı qüvvədə olmuş, əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə yüksəlmişdir.

Ümumilikdə, 1993-2003-cü illərdə dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxilixarici siyasət yürütmüş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Milli maraqlara cavab verən xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur.

2003-cü ildə "Əsl siyasət konkret, real görməkdən ibarətdir” şüarı ilə prezident səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev də bazar iqtisadiyyatı şəraitində "sosial dövlət” konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirir. Azərbaycan Prezidenti ötən 17 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət - sosial-iqtisadi, mədəni tərəqqi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.

Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda bu gün də həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Xüsusilə, qeyd etmək istərdik ki, 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələ başlanmış, əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlər həyata keçirilmişdir.

Dünya ölkələrinin əksəriyyətinin son 5 ayda koronavirus pandemiyası qarşısında ciddi sosial-iqtisadi, tibbi, mənəvi-psixoloji problemlərlə üzləşdiyi, hətta vəziyyətə nəzarəti itirdiyi bir zamanda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, eləcə də ciddi sosial paketin reallaşdırılması dövlət rəhbərinin müdrik və uzaqgörən siyasətinin nəticəsi kimi cəmiyyətdə yüksək qiymət alır. Bu gün Azərbaycanın koronavirus infeksiyasına ən az yoluxmaölüm sayı müşahidə edilmiş ölkələr sırasında olması, üstəlik, xüsusi karantin rejiminin mərhələlərlə yumşaldılması, ilk növbədə, cənab İlham Əliyevin rəhbərliyi ilə vaxtında həyata keçirilmiş qabaqlayıcı, səmərəli və ardıcıl tədbirlərin nəticəsidir.

Son 2 ayda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən onlayn beynəlxalq tədbirlərin nüfuzlu əcnəbi iştirakçıları, dövlət və hökumət başçıları, müxtəlif təşkilatların nümayəndələri respublikamızın bu sahədə keçirdiyi tədbirləri mütərəqqi, öyrənilməsi və tətbiqi zəruri olan model kimi dəyərləndirirlər. İqtisadi tənəzzül keçirən 150-dən çox ölkənin Beynəlxalq Valyuta FonduDünya Bankına yardım üçün müraciət etdiyi bir dönəmdə Azərbaycanın ümumi daxili məhsul istehsalında 1,1 faiz, qeyri-neft istehsalında 7 faiz artıma nail olması, üstəlik, digər dövlətlərə və qurumlara yardım göstərməsi mühüm uğurlar sırasında qeyd olunmalıdır.

Son aylarda mühüm dövlət proqramlarının işlənib hazırlanması və qəbulu sosial təcrid tədbirləri nəticəsində yerlərini müvəqqəti itirmiş vətəndaşlara və sahibkarlıq subyektlərinə ciddi dəstək olmuşdur. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 2,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketinin qəbulu cəmiyyətdə ciddi dəstək və razılıqla qarşılanmışdır. Pandemiya dövründə mikro, kiçik, ortairi sahibkarlıq subyektləri üçün ciddi güzəştlərin nəzərdə tutulması adamlarına dəyən zərərin kompensasiya edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən dəstəklənməsi, 300 minə yaxın mikro sahibkarın ümumilikdə 600 minə yaxın insanın dövlətdən maddi yardım alması dövlət başçısının daim xalqın yanında olduğunun əyani təsdiqidir. Ümumilikdə, ilin birinci rübündə 2,3 milyon vətəndaşa 1,5 milyard manat məbləğində sosial ödənişin həyata keçirilməsi, 910 min insanın, o cümlədən qeyri-neft sektoru üzrə 690 min nəfərin məşğulluğunun təmini uğurlu sosialyönümlü tədbirlər sırasındadır.

Elektrik enerjisinin aylıq istehlak həcminin iki ay müddətinə artırılması, aztəminatlı ailələrdən olan 17 min tələbənin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, yaşı 65-i ötmüş məhkumların əfv edilməsi hər bir vətəndaşın mənafeyinə cavab verən düşünülmüş və qətiyyətli addımlardır.

Pandemiya dövründə kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin də sayının artmasına imkan vermiş, yanvar ayı ilə müqayisədə bu artım 80 minə bərabər olmuşdur.

Pandemiya dövründə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial dəstək aksiyası da aztəminatlı vətəndaşların problemlərinin həlli baxımından əhəmiyyətli olmuşdur. "Biz birlikdə güclüyük!” şüarı ilə həyata keçirilən aksiya çərçivəsində respublika üzrə 100 minədək aztəminatlı ailəyə ərzaq yardımlarının paylanılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşulan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da pandemiya ilə bağlı həyata keçirdiyi sosial tədbirlərdə yaxından iştirak edir. Belə ki, sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait xərcləmişdir. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları göstərilmişdir. Bu məqsədlər üçün 631 min 600 manat məbləğində vəsait xərclənmiş, eləcə də 148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılmışdır. Bundan əlavə, Həmkarlar ittifaqları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürmüşlər.

Eyni zamanda AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımları edilir. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınmışdır. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edirlər.

Şübhəsiz, qeyd olunanlar lider amilinin hər bir xalqın taleyindəki müstəsna rolunu və xidmətlərini bir daha qabarıq üzə çıxarır. Ümummilli Lider Heydər Əliyevin ciddi sınaqlardan üzüağ çıxardığı Azərbaycan bu gün onun layiqli siyasi davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni keyfiyyət mərhələsini yaşayır. Dövlət idarəetmə sistemi təkmilləşir, məmurların fəaliyyətində şəffaflıq və xalqa xidmət məramı ciddiliklə önə çəkilir.

Son aylarda həyata keçirilən qətiyyətli və uzaqgörən addımlar pandemiya dövründə vətəndaşların maraq və mənafelərini təmin etməklə, insanlarda təhlükəsiz və parlaq gələcəyə ümidləri artırır, onlarda nikbin əhvali-ruhiyyə yaradır. Azərbaycan Prezidentinə ən böyük dəstək yenə də xalqdan, taleyini cənab İlham Əliyevə etibar etmiş ölkə vətəndaşlarından gəlir.

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 7 may.- S.2.