Azərbaycan sahibkarlığının banisi

 

 

Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür. Bütovlükdə, bir sistem kimi yanaşıldıqda, cəmiyyətin digəri ilə əvəzlənməsi prosesi mürəkkəb və ziddiyyətli tərəfləri ilə seçilən sosial hadisədir.

Ümummilli Lider Heydər Əliyev özünün böyük həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək, bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirdi. Əslində bu danılmaz həqiqət kiminsə istəyib-istəməməsindən və yaxud siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan reallıqlarında gedən proseslərin məntiqindən irəli gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır.

Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdaraq növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürüb doğma xalqının köməyinə gəldi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluş günü oldu.

Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.

Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində gələcəyin təməlini qoymuş oldu.

Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yəni, iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır.

On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətinə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Heydər Əliyev hakimiyyətə praqmatik və balanslaşdırılmış xarici siyasət kursu ilə gəlmişdi.

Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. O, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı. Qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi” bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı.

Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Ümummilli Lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı.

Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir.

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, habelə cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi təsis edilmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuş, qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlib, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.

Həyata keçirilmiş islahatlar və tədbirlər fonunda təsadüfi deyildir ki, biznes mühitini qiymətləndirən ən önəmli hesabatlardan biri olan Dünya Bankının "Doing Business” hesabatlarında son illərdə ölkəmizdə reallaşan islahatlar daima dəyərləndirilərək, nümunəvi islahatlar kimi nəzərə alınır. Belə ki, ölkəmiz 2020-ci il üçün dərc olunan hesabatda 20 ən islahatçı ölkənin sırasında yer almışdır.

Son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bunu bir neçə mötəbər beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd etmişlər. Bu yaxınlarda məşhur "Heritage” Fondunun tərtib etdiyi iqtisadi azadlıqlarla bağlı reytinq cədvəlində Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə bir il ərzində 19 pillə qalxaraq dünyada 44-cü yerdə qərarlaşmışdır.

Məlum olduğu kimi, cari ildə bütün bəşəriyyət görünməz bir düşmən olan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşmüş və ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir.

Daha bir qlobal təşəbbüsünü reallaşdıran Prezident İlham Əliyev bu dəfə 120 üzv dövləti və 17 müşahidəçi ölkəni, eyni zamanda, 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşündə koronavirus bəlasından çıxış yolunu göstərməklə yanaşı, bu istiqamətdə reallaşdırdığı proqramların effektiv nəticələrini də bölüşdü.

Bu Zirvə görüşündən sonra 2022-ci ilədək Qoşulmama Hərəkatına rəhbərliyi Azərbaycan həyata keçirməklə, bu dövrdə hərəkatın sədri Prezident İlham Əliyev olacaqdır.

Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara sahibkarlar da qoşularaq cəmiyyətdə yüksək həmrəylik nümayiş etdirmişlər.

Modernləşmə kursunu həyata keçirən Azərbaycan Respublikasında iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfü deyil ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda ölkəmiz qlobal böhrandan az itkilərlə çıxmağa çalışaraq sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirlərini ardıcıl davam etdirir.

Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər nəzərdə tutulmuşdur. Qanunda həmin sahələrin adı verilməklə, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması dövründə yeni fəaliyyət sahələri əlavə edilərsə, onların da bu güzəştlərdən faydalanması nəzərdə tutulmuşdur.

Qanun layihəsinə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad edilir. Həmin sahibkarlara 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulur. Mənfəət vergisi ödəyicilərinin 2019-cu ilin nəticələrinə görə mənfəət vergilərinin də ödənilməsi martın 31-dən sentyabrın 1-dək təxirə salınır.

Mikrosahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bu gün onlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilir.

Sadələşdirilmiş verginin xüsusi növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilmiş vergi 8 faizdən 4 faizə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə müəyyən olunan sadələşdirilmiş verginin dərəcəsinin 50 faiz aşağı salınması nəzərdə tutulur. Bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilir.

Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 2 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmış, ümumilikdə isə müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyulmuşdur.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 16 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

2020-ci ilin aprelin 14-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur.

İclasda bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı ilə pandemiyanın məşğulluğa, sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ilkin olaraq bir milyard manat vəsait ayrılıb və artıq bu vəsaitin maliyyələşdirilməsi başlanılıb. Dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olmuşdur.

Ümumiyyətlə, 2019-cu ildə qəbul edilmiş qərarlar və həyata keçirilən islahatlar qısa müddət ərzində öz nəticələrini vermiş, 2020-ci ilin birinci rübündə iqtisadiyyatın qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənayemizin artımı 23 faiz səviyyəsində olmuş, kənd təsərrüfatı 3,7 faiz artmışdır. Bütün çətinliklərə baxmayaraq, birinci rübdə qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olunmuşdur.

Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Bu ilin fevralın 3-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Dövlət proqramının icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 16 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında yüksək templərlə inkişaf etdiyini, bu dövrdə ümumi daxili məhsulun 3,2 dəfə artdığını və dünya miqyasında rekord göstərici kimi qəbul edildiyini qeyd etmişdir.

Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olunmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatında ölkə üzrə Ümumi Daxili Məhsulun 5,6 faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yaratmışdır.

Ötən ildə qeyri-neft sektorunda Ümumi Daxili Məhsulun 3,5 faiz, qeyri-neft sənayesinin isə 14,3 faiz artmasında regionların da böyük rolu olmuşdur, Regionların sosial-iqtisadi inkişafının IV Dövlət Proqramı çərçivəsində bölgələrin inkişafına 7,2 milyard manat vəsait yönəldilmişdir.

Ümumilikdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 165 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarlığın inkişafı, iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək layiqincə həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.

Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış, Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılmasının qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən də yüksək qiymətləndirilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında keçirilmiş bir sıra tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyanın nümayəndələri də iştirak etmiş, bu tədbirlərdə kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə müzakirələrdə fəal iştirak etmişlər.

Konfederasiya üzvləri inanırlar ki, bu tədbirlər zamanı tərəfdaşlarla bağlanmış müqavilələr Azərbaycan sahibkarlarına münbit şərait yaratmaqla ölkələrin iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq, vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

İqtisadiyyat nazirliyinin təşkilatçılığı ilə sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə ötən il Bakıda və regionlarda 7 konfrans və "dəyirmi masa” təşkil edilib, ticarət qaydalarına əməl olunması ilə bağlı 8 maarifləndirici məlumat 560 mindən artıq elektron ünvana göndərilib, istehlakçı hüquqlarına dair 10 adda 13 mindən artıq buklet və yaddaş kitabçası paylanılıb. Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərdə yaxından iştirak etmiş, tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Cari ilin mart ayında Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında köməklik göstərir.

11 beynəlxalq sərgilərdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi” açılmış, ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunmuşdur.

Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Konfederasiya Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaslı işlər aparır.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan cənab İlham Əliyev kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar siyasi lider yetişdirməsidir. Heydər Əliyev inanırdı ki, İlham Əliyev xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri başa çatdıra biləcək. Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 ildə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzində olmuşdur və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılır. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır.

Bütün yuxarıda göstərilənləri təhlil edərək belə bir məntiqi nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir.

Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan Ümummilli Liderin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Ulu Öndər qısa müddətdə Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və özünün şəxsiyyət bütövlüyü ilə doğma vətəni Azərbaycanı bütövləşdirmiş və hər yerdə onu layiqincə təmsil etmişdir.

Heydər Əliyevin gələcək üçün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gerçəkliyə çevrilmiş, bütün mənalı həyatını öz xalqına bəxş etmiş dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ necə-necə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız və biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində səlahiyyətlərimiz daxilində əlimizdən gələni əsirgəməyəcəyik.

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)

 Təşkilatları Milli Konfederasiyasının prezidenti

Azərbaycan.-2020.- 8 may.- S.10.