Taleyi dumanlı Şuşa...

 

Azərbaycanımızın hər guşəsi özünün əsrarəngiz təbiəti, səfalı havası, zəngin mədəni irsi ilə özümüzdən çox özgələrinin gözlərini qamaşdırıb, nəfislərinin və tamahlarının qurbanına çevrilib. Şuşa isə bir özgə libasa bürünüb ilin bütün fəsillərində, qonaq-qaralı olub. Bir dəfə Şuşaya yolu düşən bu zirvələr səltənətinə həmişə qanad açıb...

Mədəniyyət, o cümlədən musiqi beşiyi olan Şuşa dünyaya korifey sənətkarlar yetirməyi ilə də tanınıb və sevilib. Bu qədim Azərbaycan şəhərindən kimlər gəlib keçməyib: dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da... Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Azərbaycan musiqisinin beşiyi, iyirminci yüzilliyin əvvəllərindən "Qafqazın konservatoriyası” adlandırılan Şuşa sözün əsl mənasında könül guşəsi idi. 1925-ci ildə Bakıda Cabbar Qaryağdıoğlunu dinləyən məşhur rus şairi Sergey Yesenin heyranlıqla deyib: "Əbəs yerə demirlər ki, əgər oxumursansa, deməli, şuşalı deyilsən”.

...Şuşa Qarabağın zirvə tacı idi. Onu çirkin niyyətli daşnaklar ələ keçirmək üçün minbir hiyləyə əl atdı, yüz il boyunca tələ qurdu. Təəssüf ki, 1992-ci il may ayının 8-də Şuşa erməni vandallarının əlinə keçdi.

Şuşa Azərbaycana sözmuğam ustaları, mədəniyyət xadimləri, bəstəkarlar, musiqiçilər bəxş edib. Onun işğalı ilə mədəniyyətimizə, bu şəhərlə bağlı zəngin irsimizə ağır zərbə vurulub. Şuşada çoxlu sayda tarixi-mədəni abidələrimiz, mədəniyyət ocaqlarımız məhv edilib. Nə yaxşı ki, o ağır günlərdə Xalça muzeyinin Şuşa filialında saxlanılan 300-ə qədər nadir xalça böyük çətinliklə olsa da, şəhərdən çıxarılaraq Bakıya gətirilib.

Şuşanın 7 uşaq musiqi məktəbi, 1 uşaq incəsənət məktəbi, rəsm qalereyası, 3 mədəniyyət evi, 20 kitabxanası, 2 klubu, 1 mərkəzləşmiş kitabxana sistemionun 12 filialı fəaliyyətini davam etdirir. Şuşalı incəsənət ustaları, yaradıcı gənclər Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bütün festival və müsabiqələrə, həmçinin beynəlxalq mədəni tədbirlərə qatılır. Şuşanın tarixi abidələrini əks etdirən rəsmlərdən ibarət sərgilər təşkil olunur. Şuşa Dövlət Rəsm Qalereyası öz fəaliyyətini davam etdirir. Qalereyada rayonun təbiət mənzərələrinin rəsmləri və tarixi abidələrin işğala qədər olan vəziyyətini əks etdirən fotolar nümayiş olunur.

Şuşa şəhərinin tarixi qədim dövrlərə gedib çıxır. Bildiyimiz kimi, məşhur Şuşa qalasının əsası 1750-ci ildə birinci Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Qalanın tikilməsinin 270 illiyi bu il tamam olur. Pənahəli xan mədəniyyətə, şəhərsalma işlərinə böyük diqqət ayırırmış. Sarayda həmin dövrün tanınmış simaları xidmət göstərib. Ərdəbil şəhərindən Şuşaya gəlmiş memar Kərbəlayi Səfixan Qarabaği buradakı tarixi binaların, yolların salınmasında iştirak edib. Şəhərin küçələri bülöv daşları ilə örtülmüşdü. Burada 17 məhəllə salınmışdı ki, hər birinin öz hamamı, məscidi, bulağı, təndirxanası var idi.

XIX əsrin ikinci yarısından böyük musiqi mərkəzinə çevrilmiş Şuşa öz məlahətli səsləri və böyük sənətləri ilə tanınan Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov kimi məşhur xanəndələr yetirib Azərbaycana. Burada xanəndəlik sənəti ilə bağlı Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi gözəl tar, kamança ifaçıları da yetişib.

Bütün bunlar hələ hamısı deyil. Şuşa, eyni zamanda bir çox peşəkar bəstəkarların da vətənidir. O, Azərbaycan mədəniyyətinə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov kimi ölməz sənətkarlar bəxş edib.

Ümumiyyətlə, on doqquzuncu yüzillik Şuşada ədəbi mühitin də qızıl dövrü olub: böyük şairə Xurşudbanu Natəvan, rəssam, tarixçi, şair Mir Möhsün Nəvvab, sonralar Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi yazıçı-dramaturqlar da məhz bu şəhərdə yetişib. Bütün bu faktlar bir daha əsas verir deyəsən ki, Şuşa mühitində formalaşan parlaq şəxsiyyətlər Azərbaycan mədəniyyətinin inkişafında öz imzalarını qoyaraq, ona dünya şöhrəti gətiriblər.

Şuşa tarixi tikililəri, memarlıq nümunələri, istirahət mərkəzləri ilə mühüm turizm zonası kimi də məşhur idi. Buradakı kurortsanatoriyalara dünyanın müxtəlif ölkələrindən turistlər gəlirdi.

...Acı təəssüflə onu da qeyd etməyə məcburuq ki, 1992-ci il may ayının 8-dən Azərbaycanın bu dilbər guşəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 28 ildir Şuşanın dağlarının başını nisgil dolu, qüssə-kədərə bürünmüş duman-çən basıb. Şuşalılar doğma el-obasından didərgin düşərək respublikanın 50-dək şəhər və rayonunda məskunlaşıb.

289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Şuşanın işğalı zamanı şuşalılar 200-ə yaxın şəhid verib, 150 nəfər isə əlilə çevrilib. Əsir götürülmüş 68 şuşalının taleyi bilinməz qalıb. 552 körpəsi yetim qalan şuşalıların 22 min nəfəri öz yurdundan didərgin düşüb.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkən deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala” mağarası da orada yerləşirdi.

Şuşada ilk tamaşa isə 1848-ci ildə səhnələşdirilib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun” poeması əsasında Məcnunun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev qoyub.

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrini sadalamaqla qurtarmaz. Burada təkcə rəsmi qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi, Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Böyükxanımın qəsrləri, "Gəncə darvazaları”, qala divarı və s. var idi. Güllələnmiş heykəllər isə xalqımızın mədəniyyətinə və mənəviyyatına ermənilər tərəfindən vurulan mənəvi zərbə, qiyamətə qalan qisasgöz dağıdır...

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, habelə AŞ PA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı qətnamə və 1690 saylı tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir, dünya birliyi isə hələ də susur...

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 8 may.- S.11.