Qürur dolu tarix

 

 

Faşizm üzərində Qələbədən 75 il keçir

 

 

Onlar 681 min nəfər idilər.

 

1941-1945-ci illərdə Azərbaycandan Böyük Vətən müharibəsinə yollananların - çağırılanların könüllü gedənlərin sayıdır bu. Rəşadət göstərənlərin - sağ qalanların həlak olanların statistikada aydın göstəricisidir.

Onlar uğrunda vuruşduqları SSRİ- vətən demişdilər. Dövrün, zamanın tələbi belə idi... Bir ki, vətəndaşı olduqları Azərbaycan Sovet İttifaqı adlanan həmin nəhəng dövlətin tərkibində idi, orada birləşən 15 respublikadan biri idi.

Onlar vətən bildikləri o böyük ölkəni düşməndən azad etməyə getmişdilər... O dövrdə Hitler faşizmi Azərbaycana doğru da can atırdı. Fikrində Bakının "qara qızılı - nefti vardı. Hər bir Azərbaycan oğlu düşmən üzərinə şığıyanda məhz bunu düşünürdü. Doğma yurdun sərvətinin əldən getməməsi uğrunda vuruşurdu.

Azərbaycanı təmsil edən döyüşçülərdən 170 min nəfəri SSRİ-nin sanballı orden medalları ilə təltif olundu. O cümlədən 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Hər orden medalın arxasında isə hünər rəşadət dayanırdı. Yüzlərin, minlərin arasında seçilənlərin qəhrəmanlığı əks olunurdu.

Odlu müharibə yollarında, qanlı döyüş meydanlarında dəfələrlə yaralananlar da az olmadı. Hospitallara düşdülər, cəbhəyə dönmək əzmi ilə sağalıb yenidən döyüşə qatıldılar. Növbəti yaraları almaqdan heç qorxmadılar, qələbə əzmi ilə döyüşdülər.

Müharibə sona çatandan sonra vətənə döndülər. Hərəsi bir sahəni qurub-yaratmaq meydanına çevirdi. Dinc əməklə məşğul olan kim, qurub-tikən kim, elmlə, sənətlə, təsərrüfatla məşğul olan kim...

* * *

Mayın 9-da faşizm üzərində qələbənin 75-ci ildönümü tamamlanır.

Böyük Vətən müharibəsi təkcə keçmiş ittifaq üçün yox, müasir dünyamız üçün də aktualdır. Dünya da bizim ümumi vətənimizdir və bu, bütün dünyanı özünə vətən bilənlərin apardığı savaş, qazandığı qələbə idi.

Azərbaycanda elə bir ailə tapılmaz ki, bu müharibədən kənarda qalsın. Onun məşəqqətlərini yaşamasın. Faşizm üzərində qələbə bütün bu əziyyətlərin, fədakarlıqların əvəzidir. Bu 75 ilin hər anında hər bir soydaşımızın ağır zəhməti, ürəyinin qanı, alnının təri, qəhrəmanlığı var. Bunu heç zaman unutmamalı, unudulmağa qoymamalıyıq.

 

 

Altı milli diviziyadan biri - 416

 

 

1941-1945-ci illər müharibəsində Azərbaycanın 6 milli diviziyası iştirak edərək böyük qəhrəmanlıq göstərib. Bunlar 77-ci, 402-ci, 271-ci, 396-cı atıcı diviziyaları, 223-cü Belqrad və 416-cı Taqanroq atıcı diviziyaları idi.

416-cı diviziya Zaqafqaziya Hərbi Dairəsi komandanlığının 1942-ci il 22 fevral tarixli əmrinə əsasən Ucar rayonunda formalaşdırılmışdı. Diviziyanın şəxsi heyətinin 92 faizi azərbaycanlılar idi. Burada fəhlələr, kolxozçular və qismən də ziyalılar üstünlük təşkil edirdi. Diviziyada təcrübəli zabit və əsgərlər olsa da, onların sayı çox deyildi. Bölmələr təxminən yarım il döyüş hazırlığı keçmişdilər.

Döyüş yoluna isə milli diviziya Qafqazdan başladı. 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazdakı Xasavyurt rayonuna göndərildi. Onda Qafqaz uğrunda döyüşlərin ən şiddətli günləri idi. Almaniyanın "Cənub ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. Hitlerçilər bu əmri yerinə yetirməkdən ötrü azğınlıq göstərirdilər. Hələ iyuldan başlayaraq general-feldmarşal Jistin komandanlığı altında "A ordular qrupu yaradılmışdı. Qrupun ən birinci vəzifəsi Donun arxasına keçmiş sovet qoşunlarını Rostovun cənub və cənub-şərq rayonunda mühasirəyə alıb sıradan çıxarmaq idi.

Tərkibində əsasən tankmotorlu birləşmələr olan digər güclü qruplaşmanın qarşısında Qroznını və Mahaçqalanı ələ keçirmək, qüvvələrin bir hissəsi ilə isə Osetiyanın və Gürcüstanın hərbi yollarını kəsmək vəzifəsi qoyulmuşdu. Bu istiqamətdə hücumun son məqsədi Bakıya yiyələnmək idi.

1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 26 noyabrında diviziya ilk böyük hücuma keçdi. Həmin gün bu hərbi hissənin döyüşçüləri Novo-Lednov-Kapustin xəttində 69-cu Qafqaz suvari diviziyasını əvəz edərək düşmənlə döyüşə girdilər. Dekabrın 5-də axşama yaxın diviziya mühüm sayılan təpəyə yiyələndi və İşşevskaya stansiyasına çıxdı.

 

 

O, necə "Taqanroq diviziyası oldu?

 

 

1943-cü il yanvarın əvvəlinədək diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədər olan məsafəni gərgin vuruşlarla keçərək növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov olmuşdu. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi. Bu qələbə Rostov istiqamətində döyüşlərə başlamaq üçün şərait yaratdı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya hərbi əməliyyatların ikinci dövrünə hazırlaşmağa başladı. Bunun üçün diviziyaya Azərbaycandan daha 1500 nəfər yeni döyüşçü də göndərildi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda fəal iştirak edərək böyük qəhrəmanlıq göstərdi. Avqustun 30-da Taqanroq şəhərini düşməndən azad etdi. Bu qələbənin, göstərdiyi qəhrəmanlığın şərəfinə 416-cı atıcı diviziyasına "Taqanroq diviziyası fəxri adı verildi.

Diviziya 1943-cü il sentyabr ayının 7-də hitlerçilərin 3-cü Dağ atıcı diviziyası tərəfindən müdafiə olunan güclü istehkam xəttinə çatdı. Düşmən istehkamları MarkupolOsipenko şəhərlərinə gedən yolları bağlamışdı. Sentyabrın 8-9-da Azərbaycan diviziyası düşmənin müqavimətini qıra bildi. Faşistlərin 10 əks-hücumuna mərdliklə sinə gərən döyüşçülərimiz qazandıqları mövqeləri əldə saxlamağa müvəffəq oldular. Bu döyüşlərdə düşmənin 4 mindən çox əsgər və zabiti məhv edildi. Xeyli sayda döyüş texnikası ələ keçirildi. 1943-cü ilin sentyabrında milli diviziyaya Azərbaycandan daha 2500 nəfər yeni döyüşçü qoşuldu. Müvafiq hazırlıqdan sonra onlar da oktyabrın 10-dan növbəti döyüşlərə başladılar. Milli diviziya bu dəfə də Nikolayev şəhərinin düşməndən azad edilməsində şücaət göstərdi. Daha sonra isə düşməni Konstantinovka ətrafında darmadağın edib, tank hissələrinin köməyi ilə Melitopolu azadlığa çıxartdı.

 

 

Döyüş yolu davam edir

 

 

1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma başlayaraq Dnestr çayını keçdi. Bu döyüşlərdəki qəhrəmanlıqlarına görə döyüşçülər Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, A.Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı və onun düşməndən azad edilməsində fəal iştirak etdi. Bu qələbəyə görə II dərəcəli "Suvorov ordeni ilə təltif olundu. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində həyata keçirilmiş məşhur Yassa-Kişinyov döyüş əməliyyatında, Moldovanın paytaxtı Kişinyov şəhərinin, eləcə də bütün Moldovanın azad edilməsində qəhrəmanlıq göstərdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı "Qırmızı Bayraq ordeninə, 1368-ci alayı "Boqdan Xmelnitski ordeninə, 44-cü divizionu isə "Aleksandr Nevski ordeninə layiq görüldü.

 

 

Berlinə doğru

 

 

1945-ci ilin yanvarından sovet ordusu artıq bütün cəbhə boyu hücuma keçmişdi. Əsas istiqamət isə Varşava-Berlin idi. 416-cı diviziya da I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdiOder çayının qərb sahilinə çıxaraq düşmənin Kyustrin şəhərini tutdu. Mayın 1-də Berlinə ilk daxil olan hərbi hissələrdən biri də məhz 416-cı diviziya idi. Digər hissələrlə qarşılıqlı əlaqə yaradaraq diviziya mayın 3-də səhər hitlerçilərin son mövqelərini də darmadağın etməklə Brandenburq darvazası üzərinə qırmızı bayraq sancdı. Qələbə bayrağını taxanlar 416-cı milli diviziyadan leytenant A.Məcidovla onun Məmmədov və Əhmədzadə adlı döyüşçüləri oldular. Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxış edərək demişdi: "Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada - Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı.

Kayzerin sarayı üzərinə qələbə bayrağını sancan zaman isə əfsus ki, diviziyanın döyüşçüsü, leytenant Vahab Osmanov faşist gülləsindən həlak oldu. Buna qədər isə diviziyanın əsgər və zabitləri Reyxsbankın, Daxili İşlər Nazirliyinin, Berlin Dövlət Universitetinin, SSRİ-nin keçmiş səfirliyinin, Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının binalarını azad etmişdilər.

Beləliklə, xronologiyadan bu diviziyanın Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdiyini görürük. 416-cı Azərbaycan milli diviziyası general Dmitri Sızranovun komandirliyi ilə yaradılmışdı. Burada hərbi komissarsiyasi şöbənin rəisi vəzifələri polkovnik Rəşid Məcidova həvalə olunmuşdu. Sonrakı dövrlərdə isə diviziyayaonun alaylarına general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişlər. Qeydlərimizdən də göründüyü kimi, Azərbaycanın ardıcıl köməyi, yeni azərbaycanlı döyüşçülərin qoşulması hesabına 416-cı Taqanroq diviziyası müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bilmişdi.

 

 

Odlu-alovlu 30 ay

 

 

416-cı milli diviziya cəbhədə 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Berlinə qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyükorta çaydan keçərək düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, külli miqdarda qənimət ələ keçirmişdi.

Diviziyanın 1368-ci atıcı alayı "Qırmızı Bayraq ordeni, 1054-cü topçu alayı "Suvorov ordeni, 444-cü əlahiddə topçu divizionu "Boqdan Xmelnitski ordeni, 348-ci əlahiddə sanitar batalyonu "Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandirikeçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuşdular. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları da verilmişdi.

416-cı Taqanroq diviziyasını bu sətirlərin müəllifi üçün dəyərli edən faktlardan biribudur ki, digər cəsur soydaşlarımızla yanaşı, atam Əbdül Zeynalov da bu diviziyanın tərkibində Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, "Qırmızı Bayraqlı və "Suvorov ordenli 1054-cü artilleriya polkunda vuruşmuşdu.

* * *

Bu gün 416-cı diviziyanın döyüş yolu üzərindəki müxtəlif şəhərlərdə onun qələbələri şərəfinə xatirə abidələri ucalır. Taqanroq şəhəri yaxınlığındakı Sanbek yüksəkliyində diviziyanın xatirə ansamblı yaradılıb. Taqanroqda, Kiyevdə, Nikolayevdə, Odessa şəhərlərində və Moskvada bu diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib.

Bu, ata-babalarımızın öz canları-qanları bahasına yaratdıqları tarixdir. Bu tarixlə hər zaman qürur duya bilərik.

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 9 may.- S.11.