Azərbaycanda qlobal pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görülüb

 

Dövlət tərəfindən vaxtında atılan addımlar ölkəmizdə koronavirusun geniş vüsət almasına imkan verməyib

 

 

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) hər keçən gün artan ağlasığmaz statistikası ilə Yer üzərində vahiməsini sürdürməkdə davam edir. Dünya bütün qüvvəsini, gücünü bu virusla mübarizəyə sərf edirondan qurtulmağa çalışır.

Azərbaycanda da koronavirusun geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşın sağlamlığını qorumaq üçün koronavirusun ilk yayılma zamanlarından etibarən lazımi tədbirlər həyata keçirildi. Məhz pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində dövlət tərəfindən vaxtında atılan addımlar, eləcə də karantin rejiminin tətbiqi nəticəsində hazırda COVID-19-la bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altına alınıb və kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.

Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maskatikiş fabriklərinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı da bu məsələni bir daha vurğuladı: "Koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldubütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır.”

 

Prezidentdən müraciət: "Bu qaydalara əməl etmək çətin deyil

 

Prezident həmçinin pandemiyaya qarşı ölkəmizin əldə etdiyi bu nailiyyətləri ehtiyatsızlıq üzündən əldən verməmək üçün vətəndaşları məsuliyyətli olmağa dəvət etdi: "Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaqmaska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər”.

 

Sərnişin avtobusları dezinfeksiya edilir

 

 

Bakıda sərnişin avtobusları yenidən dezinfeksiya edilib. Bununla yanaşı, sürücü kabinəsi olmayan avtobuslarda şəffaf arakəsmələr yaradılıb.

Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayevin verdiyi məlumata görə, artıq sərnişindaşımalara cəlb edilən 1400-dən artıq avtobusda şəffaf kabinə quraşdırılması təmin edilib. Bildirilib ki, 553 avtobusda istehsalçı tərəfindən quraşdırılan kabinələr mövcuddur. Digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün aparılır.

62 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslarda da sözügedən kabinələr yaradılıb. Bununla yanaşı, həmin marşrut xəttinə məxsus istehsalat bazasında 31 avtobus hər gün axşam saat 21:00-dan sonra yuyularaq dezinfeksiya edilir.

Qeyd edək ki, paytaxtda yerləşən 30 qarajda, ümumilikdə, 2100-ə yaxın avtobus yuyulduqdan sonra dezinfeksiya edilir.

 

 

Karantin qaydalarını pozanlar məsuliyyətə cəlb olunurlar

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 12.05.2020-ci il saat 00:00-dan 13.05.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, ümumilikdə, 52 580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Dünyanın koronavirus mənzərəsi

 

 

Artıq dünyada 4,34 milyona qədər insan yeni növ koronavirus infeksiyasına yoluxub.

Statistikaya əsasən, son bir sutka ərzində 85 335 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların, ümumilikdə, sayı 4 337 625 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 5320 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə, bu ölümcül virusdan ölənlərin sayı 292 451 nəfərdir. İndiyədək 1 597 865 nəfər sağalıb və hazırda 2 447 309 aktiv yoluxmuş xəstə var.

Ən çox yoluxma halları Avropa bölgəsindədir. Burada indiyədək 1 675 742 nəfərdə virus aşkar olunub, 155 762 nəfər isə dünyasını dəyişib. Cəmi 685 246 nəfər sağalıb.

Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ (1 408 636), İspaniya (269 520), Rusiya (232 243), Böyük Britaniya (226 463), İtaliya (221 216), Fransa (178 225), Braziliya (177 6021), Almaniya (173 171), Türkiyə (141 475) və İranda (110 767) qeydə alınıb.

 

Onlayn sifariş zamanı virusa yoluxmamaq üçün kuryerlərlə birbaşa təmasdan qaçın

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə onlayn sifariş edənlərə müraciət edib. Müraciətdə kuryerlərlə birbaşa təmasdan qaçmaq üçün məhsulların qapıya qoyulmasını xahiş etmək tövsiyə olunub.

Qeyd olunub ki, qidaya əşyaları götürdükdən sonra əllər ən azı 20 saniyə susabunla yuyulmalı, yaxud spirt əsaslı məhlulla silinməlidir.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 14 may.- S.5.