Gənclər dövlətin atdığı addımları dəstəkləyirlər

 

 

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə onlayn formatda həyata keçirilən və iki gün davam edən Gənclər Təşkilatlarının IV Milli Konqresi başa çatıb.

Konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVID-19 pandemiyasına qarşı mübarizədə bir araya gətirmək, idarəetmənin və onlayn fəaliyyətin səmərəli mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər təşkilatının imkanlarını gücləndirməkdir. Konqresdə prioritet istiqamət və vəzifələrlə bağlı qərarların qəbul edilməsi də diqqət mərkəzində olub.

Konqresin birinci günündə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ARGTMŞ-in sədri Məryəm Məcidova, o cümlədən beynəlxalq təşkilatların və biznes qurumların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində görülən işlərdən, gənclər üçün həyata keçirilən ictimai maarifləndirmə layihələrindən və digər tədbirlərdən söhbət açılıb. Azərbaycan dövlətinin atdığı addımların gənclər təşkilatları və gənclər tərəfindən dəstəkləndiyi vurğulanıb.

Konqresin ikinci günündə "Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, "Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzularında panel müzakirələr olub. Eləcə də rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, onlayn platformalara inteqrasiya, qiymətləndirilmə mexanizmləri, təşkilatlar tərəfindən gənclərimiz üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

İki gün davam edən konqresdə gənclər təşkilatları nümayəndələrinin sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

Xatırladaq ki, konqresin keçirilməsi təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabrında Prezident İlham Əliyev Gənclər Təşkilatlarının IV Respublika Sərgisini ziyarət etdiyi vaxt irəli sürülüb. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015-ci və 2017-ci illərdə keçirilib.

 

Azərbaycan.-2020.- 14 may.- S.6.