Eldar Sultanov: DSX-nin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı cinayət işi başlanıb

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirdiyi əməliyyata münasibət bildirib.

E.Sultanov AZƏRTAC-ın sorğusuna cavabında keçirilən əməliyyatı təsdiqləyərək qeyd edib ki, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, detalları barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

 

Azərbaycan.-2020.- 14 may.- S.8.