Mütərəqqi təcrübə

 

Dövlət siyasətinin əsas məqsədi ölkə əhalisinin koronavirus pandemiyasından xilas edilməsi, insanların həyatının, sağlamlığının təminidir

 

 

Artıq istər dünyanın aparıcı dövlətlərinin rəsmiləri, istərsə də beynəlxalq təşkilatların təmsilçiləri bu qənaətdədirlər ki, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində əldə etdikləri ən mütərəqqi və insansevər təcrübədir.

Çünki Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşlarının sağlamlığıdır. O da xüsusi olaraq qeyd edilir ki, Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir.

Bütün bunlar ölkəmizdə koronavirusla mübarizədə əldə edilən müsbət nəticələrlə bağlıdır. Lakin son günlər ölkədə virusa yoluxanların sayının artması narahatlıq yaratmaya bilməz. Ona görə də insanların məsuliyyətsiz davranışının davam edəcəyi təqdirdə karantin rejiminin əvvəlki vəziyyətə gətiriləcəyi və sərtləşdiriləcəyi barədə də fikirlərin səsləndirilməsi təsadüfi deyil. Buna görə deyə bilərik ki, karantin qaydalarını pozanlara qarşı ciddi tədbirlər görüləcəyi istisna olunmur. Çünki koronavirusun yayılmaması üçün ölkə əhalisinin şəxsi məsuliyyəti mühüm şərtdir.

Maska taxmaq, məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qaydaya çevrilməlidir. Pandemiya dövründə də dünyanı birləşdirən Azərbaycan nümayiş etdirdi ki, o, sözü ilə əməli vəhdət təşkil edən bir ölkədir.

"Dövlət siyasətinin əsas məqsədi vətəndaşların həyatını, sağlamlığını qorumaqdır”, - deyən Prezident İlham Əliyevdən gələn "cəza tədbirlərini sərtləşdirin” kimi ciddi tapşırıq bəzi məsuliyyətsiz insanlara sadəcə mesaj deyil.

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yaradılan şərait barədə verilən məlumatda bildirildi ki, modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda son 16 ildə 700-dən çox səhiyyə ocağı tikilibya əsaslı təmir edilib. Koronavirusa qarşı mübarizədə onlar, eləcə də yeni istifadəyə verilən və tikintisi nəzərdə tutulan xəstəxanalar əhalinin sağlamlığının təmin olunmasında böyük rol oynayacaq.

Azərbaycan Prezidentinin paytaxtda tikilib istifadəyə verilən ilk modul tipli xəstəxananın açılışında qeyd etdiyi kimi, ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Çünki çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır: "Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan, ümumiyyətlə, xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür”.

Koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsinin ən mütərəqqi və ən insansevər olduğunu deyən dövlət başçısı onu da xüsusi qeyd etdi ki, bütün xəstələr xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu tələbatı ödəyir. Ona görə ki, 20-dən çox dövlət xəstəxanası, o cümlədən də ən müasir, 575 çarpayılıq "Yeni klinikakoronavirus xəstələrinin sərəncamına verilib: "Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.

Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaqbunu hər kəs bilməlidir”.

Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar özünü göstərməkdədir. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıb ki, artıq onların sayı 23-ə çatıb. Üstəlik, yeni laboratoriyaların yaradılması da nəzərdə tutulan məsələlərdəndir. Bütün lazımi tibbi avadanlıq alınır. Həmçinin dövlət başçısının sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işlərin düzgün təşkili üçün 100 milyon manat vəsait ayrılıb.

Bütün bu kompleks tədbirlər - testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili imkan verib ki, ölkəmiz vəziyyətdən az itkilərlə çıxsın. Hər bir insanın ölümü, dövlət başçısının da qeyd etdiyi kimi, onun yaxınları, qohumları üçün böyük faciədir. Hər kəsin həyatı qiymətli, dəyərlidir.

Dövlət başçısı indiyədək həyata keçirilən qabaqlayıcı tədbirlərin müsbət nəticə verməsi ilə yanaşı, pandemiyanın ölkəmizdə ikinci dalğasının başlanmasından sonra virusa yoluxanların sayının xüsusilə də bölgələrdə artmasının ciddi narahatlıq yaratdığını da vurğulayaraq bildirdi ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmir, maska taxmır, məsafə saxlamır, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub: "Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil”.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 16 may.- S.1;6.