Çəltikçiliyə maraq artıb

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli sərəncamı ilə "2018-2025-ci illər üçün çəltikçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Dövlət proqramının başlıca məqsədi ərzaq təhlükəsizliyi baxımından ölkə əhalisinin ekoloji cəhətdən təmiz düyü məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün Azərbaycanda çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir. Dövlət proqramının icrası nəticəsində 2025-ci ildə ölkə üzrə çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin isə 40 min tona çatdırılacağı gözlənilir.

Dövlət proqramının icrası istiqamətində görülən əməli işlər və dövlət səviyyəsində sahibkarlara yaradılan şərait Lənkəranda da çəltikçiliyə marağı xeyli artırıb.

Elə bunun nəticəsidir ki, rayonda çəltik sahələri ildən-ilə genişlənir. Builki qeyri-sabit hava şəraiti fermerləri müəyyən çətinliklərlə üz-üzə qoysa da, ümumilikdə, təsərrüfatlarda çəltik əkininə hazırlıq mərhələsi artıq başa çatmaq üzrədir. Rayonda çəltikçiliklə məşğul olan ən iri təsərrüfatlar "Creen East” MMC, "Muğan düyü” MMC, "Cənub Aqro” MMC, "RUZ” MMC, "Faran” MMC və BETA firmasıdır.

Təsərrüfat sahələrində işlər qrafik üzrə davam etdirilir və əkindən ötrü nəzərdə tutulan şitillərə zəruri aqrotexniki qulluq göstərilir, əkin texnikası sazlanıb hazır vəziyyətə gətirilib, suvarma sistemi qaydaya salınıb. Beləliklə, çəltik əkini üçün zəruri tədbirlər həyata keçirilib və yaxın günlərdə çəltik şitilləri sahələrə köçürüləcəkdir.

"Creen EastMMC-nin baş aqronomu Fərman Abdullayevin sözlərinə görə, çəltikçilik sahəsində əldə olunun yüksək nəticələr əmək kollektivlərini hədsiz ruhlandırır. Ötən il "Creen East” MMC tərəfindən 100 hektarda çəltik əkilmişdisə, cari ildə 150 hektarda çəltik əkilməsi planlaşdırılıb. "Biz çəltik şitilinin yetişdirilməsini konveyer üsulu ilə həyata keçiririk, - deyən Fərman Abdullayev bildirir ki, istixana şəraitində yetişdirilən şitil daha sonra açıq havaya çıxarılır. Bu isə şitillərin mühitə uyğunlaşmasını təmin edir. Bu dövrdə həmçinin torpaq hamarlanır, ləklər hazır vəziyyətə gətirilir. Biz cari ildə yenə də ənənəvi "Haşimi” və "Apollodüyü sortlarına üstünlük vermişik, çünki bu sortlar daha məhsuldardır.”

F.Abdullayevin sözlərinə görə, çəltik əkini müasir texnikanın köməyi ilə həyata keçiriləcək. Əvvəllər əl əməyi ilə keçirilən əkin vaxt itkisinə səbəb olurdu. İndi isə Cənubi Koreyadan alınmış texnikalar vasitəsilə gün ərzində 2-3 hektarda əkin aparmaq mümkündür.

Qeyd edək ki, cari mövsümdə rayon üzrə ümumilikdə 1000 hektarda çəltik əkininin keçirilməsi nəzərdə tutulub. Koronavirus pandemiyası şəraitində lazımi qaydalara əməl edən kənd zəhmətkeşləri onlar üçün yaradılmış şəraitindən çox razıdırlar.

 

 

S. CAVADOV

Azərbaycan.-2020.- 17 may.- S.1;4.