Bakı toponimi haqqında

 

Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İ.İ.Meşşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş "Yeqipet i Kavkaz” adlı məqaləsində rast gəlirik. O, ingilis misirşünası Flinders Petrinin irəli sürdüyü fərziyyədir. Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən "Ölülər kitabı” Misir mifologiyası toplusunda əksini tapmış "Bakhavtoponiminin məhz Qafqazda formalaşmasıdır. Sözün kökü olan "Baka” "Günəşin doğulduğu yer” və ya "Səhər şəfəqi” kimi yozula bilər. Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir.

Bakı adına ilk dəfə V-VIII əsr mənbələrində "Baqavan” və ya "Baquan”, "Atşi Baqavan” və ya "Atşi Baqvan”, yəni "Atəşi Baquankimi təsadüf olunur. "Baqasözün köküdür, "van” və "an” məkan bildirir.

VIII əsr müəllifi Gevond 730-cu ildə xəzərlərin Albaniyaya basqını ilə dağıtdıqları vilayətlər sırasında "Atşi Baquanın” da adını çəkir. "Baquanın odları” kimi tərcümə olunan etnonimə görə söhbət Bakıdan gedir.

S.Aşurbəyliyə, Q.Qeybullayevə, F.İbrahimova və digər tədqiqatçılara görə Bakı yaxınlığında "baqa”, "baqanyaxud "baq” adlı tayfalar yaşamışlar. Bakı adı da buradan formalaşmışdır.

Elxanilərin, Cəlairlərin və Şirvanşahların XIV-XV əsrlərdə Bakıda kəsdirdikləri sikkələrdə də Bakı şəhəri "Bakuyə” şəklində verilir. Qaldı xalq arasında yayılmış Badi-kubə adına, əlbəttə, bu toponim xalq etimologiyasına görə formalaşmışdır. "Badı-kubə” sözü fars dilində ("bad” - külək, "kubə” - döymək, vurmaq) "külək döyən yer” deməkdir. Bu ad Bakının şimal küləklərinə (xəzri) məruz qalması ilə əlaqədar yaranmışdır.

Baki sözü ərəbcə "sonsuz”, "əbədi”, "qalan”, "fani olmayan”, "varlığı daim olan”, türkcə isə "toxunulmaz” və "müqəddəs” anlamını verir. Sanskritcə "bhaqa” günəş anlamındadır. Avesta və qədim pəhləvi-iran-fars dillərində "baqa” və yaxud "baq” tanrı deməkdir. E.ə. VI əsr Bisutun mixi kitabəsində də "Baqa” sözünə rast gəlinir.

Nəhayət, belə nəticəyə gəlmək olar ki, bu ərazidə çox qədimlərdə torpaqdan çıxan qazneft yanıb od-atəş halında göründüyü üçün adı çəkilən etnonimlər assimilyasiyaya uğramış, burada yaşayan xalq "baq”, "baqa”, ərazi isə "Baqavan”, "Bakuyə”, "Baku”, "Baki” və "Bakı” kimi formalaşmışdır. Toponim "Allah şəhəri”, "Allah yeri” və ya "Günəş (atəş) şəhəri”, "Günəş (atəş) yeri” mənasını daşıyır. Bakı adının əbədi və müqəddəs şəhər anlamı verməsini ehtimal etmək olar.

Bakı Abşeron yarımadasında xüsusi mövqeyə malik bir ərazidə yerləşdiyindən, burada məskunlaşma qədim zamanlardan - e.ə. II-I minilliklərdə başlamışdır. Bir tərəfdən Bakı buxtası ilə qonşuluqdakı Qobustan abidələri, digər tərəfdən Abşeron yarımadasındakı türk mənşəli tayfalara məxsus Tunc, ilk Dəmir dövrü yaşayış yerləri, kurqanları, eləcə də ilk Orta əsr abidələri belə bir fikir doğurur ki, İçərişəhərdə və ətraf ərazilərdə də qədimdə - antik dövrdə yaşayış olmuşdur.

Bakının qədim mənşəli olmasını atəşpərəstlikdən öncəki arxaik dəlillər də sübut edir. Bu dəlillərdən biri, 1898-ci ildə Aleksandr Nevski kilsəsinin bünövrəsində aparılan qazıntılar zamanı, burada islamdan öncəki dövrə aid qədim qəbiristanlığın aşkarlanmasıdır. Məhəmməd məscidində 1988-ci ildə təmir işlərinin başlanması ilə əlaqədar birinci mərtəbənin aşkar olunması və onun içərisində aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid saxsı məmulatı, Əhəmənilər dövrünə aid sikkə vahidi, oxcida ucluğu, həmçinin metal silah nümunələrinin tapılması böyük maraq doğurur.

Şəhərin qədim yaşayış yeri ilə bağlı arxeoloji tapıntılardan biri də 1964-cü ildə Qız qalasının yanında arxeoloji qazıntı zamanı 2,2 metr dərinlikdən tapılan və mütəxəssislər tərəfindən b.e. əvvəl I əsrə aid edilən tuncdan düzəldilmiş fantastik balıq fiqurudur. İçərişəhərdən 1989-cu ildə tikinti bərpa işləri zamanı tapılan gil qadın heykəli (b.e. əvvəl

I əsr) də xalqın qədim maddi və mənəvi mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Ölkənin sosial-iqtisadisiyasi həyatında mühüm rol oynamaqla yanaşı, karvan yollarının qovşağında yerləşən Bakı qonşu ölkələrin şəhərləri ilə də sıx iqtisadi-ticarət əlaqələri saxlayırdı. Xəzər sahilindəki buxtada yerləşən bu qədim şəhər fırtınalı küləklərdən qorunan, yaxşı təchiz edilmiş liman tikililərinə malik idi ki, bu da şəhərin bir sıra ölkələr arasında tranzit ticarətə cəlb olunmasını təmin edirdi.

Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdur. İkiqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər Orta əsr şəhərləri kimi, Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktikistrateji baxımdan müdafiə xarakteri daşıyırdı.

Bakı özünün yeraltı və yerüstü təbii sərvətləri ilə xüsusilə şöhrət tapmışdı. Abşeron torpağının dərinliklərindən çıxarılan neft və göllərdən yığılan duz ixracın əsas hissəsini təşkil etmişdi. Bunları almaq üçün yaxın və uzaq ölkələrdən buraya ticarət karvanları gəlirmiş.

Orta əsrlərdə Bakı nefti məişətin və təsərrüfatın müxtəlif sahələrində geniş istifadə olunurdu. Neft həm evlərin işıqlandırılmasında, isidilməsində, həm də hərbi işlərdə, araba təkərlərinin yağlanmasında, dəvə və camışın müxtəlif dəri xəstəliklərindən müalicəsində və sair sahələrdə geniş tətbiq olunurdu. Abşeron nefti ilə müalicə olunmaq məqsədilə müxtəlif ölkələrdən Bakıya gəlirdilər. Bundan əlavə, şəhərin özündə və Abşeron kəndlərində ələnmiş qumgil ilə qarışdırılmış qatı mazut (qudron) evlərin yastı damının örtülməsi üçün işlədilirdi. Abşeronun təbii sərvətləri sırasına keyfiyyətli gilaiddir. Belə gilin yataqları Abşeron yarımadasında vardır. Məlum olduğu kimi, gil saxsı məmulatlarının istehsalı üçün də əsas xammaldır.

Xəzər dənizi suyunun səviyyəsinin tarixən artıb-azalmasıyla bağlı elmi araşdırmalar və İçərişəhərin cənub-qərb hissəsindən yeni aşkar olunmuş, qədim şəhərimizin tarixini əks etdirən maddi-mədəniyyət nümunələri Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.

 

Kamil İBRAHİMOV,

Professor

Azərbaycan.-2020.- 17 may.- S.6.