Güldürə-güldürə ağladan karikaturalar

 

Xalq rəssamının sənətdə açdığı cığır "gedişli-gəlişli”, yumorlu gülüşü ilə hər zaman sevilir

 

 

Azərbaycan incəsənət tarixində öz dəstxəti ilə seçilən rəssamlarımız az olmayıb. Karikaturaçılıq baxımından isə bu sənətin banisi Xalq rəssamı Əzim Əzimzadə hesab edilib. Çünki o, Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu günonun adı böyük hörmətlə çəkilir. Yeni rəssamlar nəsli isə ənənələrindən bəhrələnirlər.

1880-ci ilin mayında Abşeronun Novxanı kəndində anadan olan Əzim atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz, Azərbaycan miniatürrus rəssamlıq məktəblərinin ənənələrindən çox şey öyrənib. Ölməz sənətkar rəssamlığa bütün zamanların sevimli dərgisi kimi qorunub saxlanan satirik "Molla Nəsrəddin” jurnalında başlayıb. Beləki, 1906-cı ildən "Molla Nəsrəddin”, "Baraban”, "Zənbur”, "Tuti”, "Kəlniyyət” və s. jurnalların səhifələrində rəsmlərini çap etdirib, bununla da Azərbaycan satirik qrafikasının əsasını qoyub.

Əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Bu əsərlərdə mənfi surətləri gah kəsərli yumor, gah da yumşaq kinayə ilə satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma”, "Kişi arvadını döyür”, "Varlı evində toy”, "Su üstündə dava”, "Köhnə bakılılar” kimi rəsmlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin üzünü açan rəssam, eyni zamanda qadın hüquqsuzluğuna və ədalətsizliyə qarşı da çıxış edib.

Karikaturaçı rəssamın

ailəsinə məxsus, adını əbədiləşdirən xatirə muzeyinin direktoru İradə Əzimzadə deyir ki, o, kasıb və sadə bir ailədə doğulub: "...Atası Kərbəlayı Aslan daşyonan olub. Onun dünyaya gələn 5 övladından ancaq biri - üçüncü uşağı sağ qalmışdı. Uşağa babasının adını qoymuşdular. Ancaq hamı onu Əbdüləzim deyil, sadəcə, Əzim çağırırdı. Əzimin atası Novxanıdan idi. 1887-ci ildə Bakıya köçüb gəlmişdilər. Ovaxtkı 1 May, indiki Dilarə Əliyeva küçəsində üçotaqlı, səliqəli həyət-bacası olan ev almışdılar. Atası tezliklə həmin mənzili artırıb, altı otaq düzəltmişdi.

Uşaq böyüyüb məktəb yaşına çatanda atası onu Novxanıdakı molla məktəbinə verib. O, bir ay ərzində ərəb əlifbasını və "Quran”ı oxumağı öyrənib. Elə rəssamlığa da meyli təsadüfən mollaxanada düşüb. Və hətta bunun üstündə oradan qovulub”.

Ə.Əzimzadə xatirələrində yazır: "Bir gün mollam məni şəkil çəkəndə gördü. Başımın üstündən barmaqlarıma bərk çubuq vurub dedi: "Dur, xəbis, şeylərini yığışdır, buradan cəhənnəm ol!” Mən bərk xəcil olub evimizə gəldim, dəxi mollaxanaya getmədim...”

 

 

Onun əsərləri yaşadığı cəmiyyətin güzgüsü idi

 

 

Əzim Əzimzadə rəssamlıqla yanaşı, ictimai fəaliyyətini də genişləndirir və həyatını dəfələrlə təhlükə qarşısında qoyurdu. Onu daim hədələyir, öldürmək istəyirdilər. Evləri məscidin lap yaxınlığında yerləşdiyindən Əzimzadənin əsas qəhrəmanları mollalar idi. Rəssam onların şəklini çəkir və pəncərədən ayaqlarının altına atırdı. Mollalar isə öz rəsmlərini görüncə hirslənir və kağızı cırırdılar. Hətta ömrünün son vaxtlarında, xəstə olduğu zamanlarda da o, pəncərə ağzında oturar, küçədən keçən bir "tip” görən kimi şəklini çəkərdi. Əzim Əzimzadə dinə yox, ondan sui-istifadə edən mollalara qarşı çıxırdı. O, deyirdi ki, insanlar Allahı qəlblərində sevməlidirlər.

Görkəmli rəssamın əsərləri yaşadığı cəmiyyətin güzgüsü idi. Xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

40 illik səmərəli yaradıcılıq fəaliyyəti dövründə rəssam 3000-dən artıq karikatura, plakat, səhnə dekorasiyası və s. janrlarda əsərlər yaradıb. Onun çəkdikləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilib. Rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə onun 1200-dən çox əsərinə baxış keçirilib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim işləyib, 1932-1937-ci illərdə isə texnikomun direktoru olub.

Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub. Bakı Rəssamlıq Texnikumu, eləcə də paytaxt küçələrindən biri onun adını daşıyır.

 

 

Mollalıqdan "Molla Nəsrəddin”ə, "Hophopnamə”yədək

 

 

Əzim Əzimzadə Mirzə Ələkbər Sabirin "Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar isə Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, mollalıqdan "Molla Nəsrəddin”ə, "Hophopnamə”yədək sənət yolu keçən Xalq rəssamı Əzim Əzimzadənin ötən ilin aprel ayında Bakı şəhərindəki xatirə muzeyinin təmirdən sonra açılışı oldu. Tədbirin açılışında xatirə muzeyinin direktoru İradə Əzimzadə bildirdi ki, görkəmli fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan bu mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərindən biridir: "... Əzim Əzimzadə XIX əsrin sonu, iyirminci yüzilliyin əvvəllərində milli təfəkkürün formalaşmasında xüsusi rol oynayan "Molla Nəsrəddin” jurnalı ilə birlikdə təsviri sənətimizin inkişafında mühüm xidmətlər göstərib. O, Xalq rəssamı fəxri adına layiq görülən ilk sənətkar olub. Onun nəinki xatirə muzeyində, həmçinin Azərbaycan Dövlət Teatr Muzeyi, Milli İncəsənət Muzeyi və digər mədəniyyət ocaqlarında da qorunan irsi incəsənətimizin dəyərli sərvətləri sırasındadır. Belə şəxsiyyətlərin irsinin qorunması tariximizi, mədəniyyətimizi gələcək nəslə tanıtmaq, təbliğ etmək baxımından böyük əhəmiyyət kəsb edir”.

 

 

Əzimzadənin prototipləri İçərişəhərdə

 

 

İçərişəhərdə balaca, çox gözəl bir arxeoloji park var, burada görkəmli rəssam Əzim Əzimzadənin büstü yerləşir. Arxeoloji parkın əsas məqsədi bakılıların və şəhərimizin qonaqlarının istirahətini təmin etmək, həmçinin qədim Bakının tarixi irsini nümayiş etdirməkdir.

Parkın ərazisində Əzim Əzimzadənin büstünün qoyulması təsadüfi deyil, rəssam məhz İçərişəhərdə yaşayıb yaratmışdır. Rəssamın büstünün müəllifi Xalq rəssamı Ömər Eldarovdur. Böyük sənətkar rəssamın büstünə onun qəhrəmanlarının obrazlarını əlavə etməklə bütöv bir kompozisiya yaradıb.

Ə.Əzimzadə 1943-cü il iyunun 15-də dünyasını dəyişib. O, müharibədə döyüşən oğlunun ölüm xəbərini eşidəndən sonra bu ağır itkiyə tablaşa bilməyərək xəstələnib. Görkəmli rəssama böyük hörməti olan Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov Əzim Əzimzadənin döyüşdə olan digər oğlunun geri qaytarılması haqqında göstəriş verib ki, qoy o öz oğlunun çiynində son mənzilə getsin. Təəssüf ki, oğlu özünü can üstə olan atasına yetirə bilməyib...

 

M.NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 17 may.- S.6.