Laçınlılar çox nikbindirlər

 

Laçının işğalından 28 il keçir

 

28 ildir ki, Azərbaycanın dilbər guşəsi olan Laçına həsrət qalmışıq. 28 il əvvəl ürəyimizə vurulan Laçın yarası qaysaq bağlamır. İllərdir bu nisgil bizi göynədir. Yurdumuzun ər oğulları düşməndən qisas alacaqları günü səbirsizliklə gözləyirlər.

1992-ci ilin 18 mayı tariximizə qara hərflərlə yazılmış bir gündür. Unudulması qeyri-mümkün olan qanlı bir cinayətin tarixidir. Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə 28 il əvvəl Laçını işğal etdilər. Düşmənin öz çirkin məqsədinə asanlıqla çatmasının bir səbəbi də o vaxtı AXC-Müsavat iqtidarının yarıtmaz siyasəti, səriştəsizliyi, qətiyyətsizliyi idi. Ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət maraqları o dərəcəyə çatdı ki, düşmənlə qeyri-bərabər döyüşlərdə əsl qəhrəmanlıq göstərən Laçının müdafiəsi unudulub arxa plana keçirildi. Laçındakı hərbi döyüş texnikasının və döyüşçülərin xeyli hissəsi Bakıya çağırılıb hakimiyyət çevrilişini həyata keçirməyə cəlb edildi. Düşmən qarşısında tək buraxılan, köməksiz qalan laçınlılar mərdliklə döyüşüb, öz qanları ilə gerçək qəhrəmanlıq salnaməsi yazdılar. Çox sayda qurbanlar verilsə də, Laçın işğal olundu. İşğal nəticəsində rayonun 1835 kvadrat kilometr ərazisi, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13745 yaşayış evi talan edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə hədəf oldu. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu mal, 200 min başdan çox qoyun-keçi, minlərlə arı ailəsi, yerli əhalinin əsrlərdən bəri min bir zəhmətlə qazandığı var-dövləti qarət edildi.

Laçının təbii sərvətləri zəngin, təbiəti son dərəcə əsrarəngiz və gözəldir. 1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsildən ibarət bitki örtüyü vardı. Rayonun ərazisi civə, əhəngdaşı, mişar daşı, mərmər, gil, əqiq, əlvan bəzək daşları, mineral su yataqları kimi zəngin ehtiyatlara malik idi. Tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin olan Laçın sözün həqiqi mənasında gerçək canlı muzey idi. Ağoğlan məbədi (IX əsr), Dəmiroğlu pir məbədi (XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar günbəz türbəsi (XVII əsr), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsr), Uşaq qalası (XV əsr), onlarla digər tarixi mədəniyyət və memarlıq abidələri erməni faşistləri tərəfindən xüsusi amansızlıqla dağıdılmış, məhv edilmişdir.

Laçının işğalı nəticəsində rayonun 74 min nəfər əhalisi respublikanın 59 şəhər və rayonuna səpələnib məcburi köçkün həyatı yaşayır. Hazırda rayonun bütün strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Dövlətin davamlı qayğısı ilə əhatə olunan laçınlılar əllərinin zəhməti, ürəklərinin hərarəti ilə Taxtakörpüdə abad bir qəsəbə salmışlar. 13 min nəfərdən çox laçınlı məcburi köçkün məskunlaşdığı bu ərazidə zəruri infrastruktur yaradılmışdır.

Yazın bu oğlan çağında Taxtakörpü zümrüd libası, al-əlvan gül-çiçəkləri ilə göz oxşayır. Dövlətin qayğısı ilə burada yeni yaşayış qəsəbələri salınır, əhalinin mənzil-məişət şəraiti təmin olunur. Laçınlıların torpaqdan səmərəli istifadəsi üçün əraziyə suvarma kanalları çəkilmişdir. Burada tikilmiş məktəblər, xəstəxanalar, digər xidmət obyektlərinin fəaliyyəti əhalidə rahatlıq doğurur. Bütün bunlar isə təbii ki, Laçın yarasına məlhəm ola bilməz. Bu gün hər kəs Laçına, doğma yurda qovuşmaq eşqi ilə alışıb-yanır. Günümüzün reallığına rəğmən demək olar ki, laçınlılar bu gün çox nikbindirlər. Onlar respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasəti birmənalı olaraq bəyənir və müdafiə edirlər. İnanırlar ki, bu siyasət sayəsində tezliklə doğma yurda qovuşacaqlar.

 

 

Lazım QULİYEV

Azərbaycan.-2020.- 19 may.- S.6.