İlham Əliyevin qlobal təşəbbüsləri böyük dəstək qazanır

 

Azərbaycan pandemiya ilə mübarizə şəraitində dünyada həmrəyliyə mühüm töhfə verir, təcrübəsini bölüşür, ölkələrə yardımlar edir

 

 

Dünya ölkələri üçün gözlənilməz bəlaya çevrilən qlobal pandemiya böhranı davam etməkdədir. İlin əvvəlindən başlayaraq bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər edərək koronavirusa qarşı mübarizə üçün lazım olan tədbirləri həyata keçirməkdədirlər. Lakin hər bir ölkədə uğurlu nəticələrin əldə edilmədiyi açıq-aydın görünür.

Yalnız pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görən, iqtisadiyyatını deyil, insan sağlamlığını əsas tutan bəzi ölkələrin bu sınaqdan az itki ilə çıxmaqla bağlı mübarizəsində müsbət dinamika müşahidə olunmaqdadır. Azərbaycan da böhrana qarşı ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar sayəsində bu günə qədər hökumət vəziyyəti tam nəzarətdə saxlayır.

 

Azərbaycan istənilən dövlətlə təcrübəsini bölüşür

 

 

Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə qlobal böhrana qarşı yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib.

Yəni onların daxili maliyyə resursları lazım olan qabaqlayıcı tədbirlərin reallaşdırılmasına imkan vermir. Sevindirici haldır ki, bu siyahıda Azərbaycanın adı yoxdur. Çünki ölkəmiz öz gücü ilə bu bəlaya qarşı mübarizə aparmaqdadır.

Ümumiyyətlə, Azərbaycan nəinki milli səviyyədə koronavirusla mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda regionalqlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir, təcrübəsini bölüşür.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Azərbaycan Prezidenti isə region və bütövlükdə, dünya üçün çox faydalı olan təşəbbüslər irəli sürür. Ümumdünya Səhiyyə Təşkilatı isə bir çox ölkələrə Azərbaycanın təcrübəsindən yararlanmağı tövsiyə edir. Bununla yanaşı, Azərbaycan köməyə ehtiyacı olan dövlətlərə yardımlar edib və xeyirxahlıq missiyasını davam etdirməkdədir.

Həmçinin son iki ayda Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən beynəlxalq təşkilatların zirvə görüşlərinin və digər görüşlərin mövzusunun da koronavirusa qarşı mübarizəyə həsr olunması bir daha təsdiq etdi ki, Azərbaycan bu istiqamətdə dünyanı birləşdirir, təcrübəsini istənilən dövlətlə bölüşür. Bununla da ölkəmiz dünyaya nümayiş etdirir ki, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.

Azərbaycan pandemiyaya qarşı mübarizədə köməyə ehtiyacı olan dövlətlərə yardımlar edir. Mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinintikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğulamışdır ki, Azərbaycan artıq 10-dan çox ölkəyə yardım göstərib, yük təyyarələri, tibbi ləvazimatlar, dezinfeksiya materialları göndərib: "Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə də bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.

Əlavə edək ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi üçün 10 milyon dollar yardım edib.

 

 

Ölkəmiz pandemiya ilə mübarizədə Moldovaya da yardım göndərib

 

 

Son günlərdə cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışıqlarında, habelə Moldova Prezidenti İqor Dondonun təşəbbüsü ilə videokonfrans formatında keçirilən görüşdə səslənən fikirlər də təsdiq edir ki, Azərbaycanın pandemiya ilə mübarizədəki effektiv təcrübəsi, eyni zamanda ölkələrə etdiyi yardımlar təqdir edilir.

Rusiya ilə Azərbaycan prezidentləri arasında telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb və bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar. Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla genişləndiyini vurğulayaraq əməkdaşlığın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən Zirvə görüşünü xatırlayıb və bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd edib.

Moldova Prezidenti İqor Dondon isə cənab İlham Əliyevə Azərbaycanın bu ölkəyə göstərdiyi yardıma görə minnətdarlığını bildirib. Bəlli olub ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan pandemiyaya qarşı mübarizədə Moldovaya yardım göstərilməsi ilə bağlı qərar qəbul edib. Bunun müqabilində Moldova Prezidentideyib: "Ötən həftə xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz”.

Prezident İlham Əliyev isə qeyd edib ki, Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda ölkələr bir-birinə dəstək göstərməlidirlər. Çünki hər kəsdə vəziyyət yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır günlərdə edilən dəstək çox önəmlidir. Ona görə də tərəfdaş ölkələr imkan daxilində bir-birinə dəstək olmalıdırlar.

Cənab İlham Əliyev həmçinin pandemiyanın dünya dövlətlərinə vurduğu zərərdən söz açaraq bildirib ki, qlobal böhran bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən də beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir.

Göründüyü kimi, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə nümunəvi yanaşma göstərir. Bu, Azərbaycan vətəndaşlarının Prezidentə ünvanladıqları minlərlə məktublarda və beynəlxalq təşkilatların, böyük dövlətlərin rəhbərlərinin söylədikləri fikirlərdə öz əksini tapır. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük dəyər və yüksək qiymətdir.

 

R.BAXŞƏLİYEV

Azərbaycan.-2020.-20 may.-S.1;3.