Ramazan bayramı gəlir

 

 

İslam dünyası əziz bayramı - Ramazan bayramı ərəfəsindədir. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayanbir neçə gün davam edən bu bayram mübarək orucluq ayının qurtarması ilə əlamətdardır. Ramazan bayramı Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində verdiyi mükafatdır. Təsadüfi deyil ki, bu bayrama ərəbcə "İd əl-fitr” ("İftar bayramı”) deyilir. Yəni bayram günündə müsəlman Ramazan ayında oruc ibadətini başa çatdırdıqdan sonra iftarını açıb normal həyata qayıdır.

Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü yuyunub təmizlənir, təzə ya təmiz paltar geyirlər. Hamı bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Allaha dua edir. Hədisi-şərifə görə, bayram gecəsi bayram günü Allaha edilən dualar qəbul olunandır.

Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsindən tələb olunan fitrə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalır.

Müsəlman fitrəni nemətlər bəxş edən Allaha şükür etmək, bayram günü kasıbları sevindirmək, oruc vaxtı buraxdığı səhvlərdən təmizlənmək üçün verir. Fitrəni yalnız imkanlı şəxslər çıxarmalıdırlar. Ailə sahibi ailənin hər bir üzvünün adından fitrə verməlidir.

Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş s. ərzaq məhsullarından adambaşına təxminən 3 kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə, kasıblara ehtiyacı olanlara münasibətdə göstərilən bu xeyirxahlıq başqa formalar da almışdır. İndi fitrəni pul şəklində verirlər. Əslində bu, daha münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək imkanı əldə edir. Özü fitrə yalnız halal maldan verilməlidir.

Fitrə bayram namazı başlamazdan qabaq çıxarılmalıdır. Əks təqdirdə bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Çıxarılan fitrə ilk növbədə ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə digər insanlara verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü bir şəxsin fitrəsi bir kasıba da verilə, bir neçə kasıb arasında da bölünə bilər.

Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində müsəlman ailələrində şənlik əhvali-ruhiyyəsi hökm sürür. Uşaqlara hədiyyə verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram sovqatı aparırlar. İncikliklər aradan qalxır, küsülülər barışırlar.

Ramazan bayramı həm müsəlmanların həmrəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaşmanı möhkəmlətmək üçün fürsətdir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.

Bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. İnsanları şənlik, fərəh duyğuları bürüyür. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din münasibətləri nizama salınmış, etiqad azadlığı təmin edilmişdir. Mənfur sovet rejiminin möminlərə dözümsüz münasibətini, cəmiyyətə aşıladığı mənəviyyatsızlığı müasir tələblərə cavab verən dövlət siyasəti əvəz etmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri yeni məscidlərin inşası, mövcud məscidlərin təmir bərpa olunub möminlərin ixtiyarına verilməsidir.

Digər tərəfdən, islam dünyasında birliyin həmrəyliyin möhkəmləndirilməsi dövlət siyasətinin üstün istiqamətlərindəndir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ICESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü olaraq müsəlman aləmi ilə qarşılıqlı faydalı əlaqələr yaratmış, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı olmuşdur. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfə vermişdir. Dövlətimizin müsəlman dünyasında qazandığı nüfuz 2009-cu ildə Bakı 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. 2017-ci ildə möhtəşəm idman tədbirinin - IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi isə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi naminə növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdır.

Ramazan bayramı qeyd olunarkən şəriət qaydaları hər bir müsəlman xalqının milli adət-ənənələri ilə çulğalaşır. Bu, ölkəmizdə belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız qəbiristanlıqları ziyarət edib dünyadan köçmüş əzizlərini anır, torpaqlarımızın müdafiəsinə qalxıb şəhid olmuş vətən övladlarını yad edir, onların ruhuna Quran ayələri oxutdururlar.

Ramazan ayında tutduğunuz oruc, etdiyiniz dualar qəbul olunsun! Bayramınız mübarək olsun! Allah çıxardığınız fitrənin əvəzini versin!

 

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2020.- 22 may.- S.6.