Qalib ordumuzun sağlamlığının keşiyində dayanmalıyıq

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 43,7 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, 1,16 milyondan çox insan isə həyatını itirib. Con Hopkins Universitetinin hesablamalarına görə, koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstərici Amerika Birləşmiş Ştatlarında, daha sonra isə HindistanBraziliyada qeydə alınıb.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus söyləyib ki, COVID-19-un uzunmüddətli nəticələri hələ lazımınca öyrənilməyib, lakin bir məsələ aydındır ki, bu xəstəliyin ən müxtəlif simptomları həftələrboyu, hətta aylarboyu davam edir, kişilər, qadınlar, gənclər və uşaqlar bu simptomlardan tezliklə xilas ola bilmirlər: "Bəzi adamlar öskürür və təngnəfəs olur, digərlərinin ağciyər, ürək kimi mühüm orqanları zədələnir, üçüncülər nevrolojipsixoloji problemlərlə üzləşirlər. Sağalma prosesi bəzən uzun müddət tələb edir, həm də ağırlaşmalar istər xəstəxanalarda, istərsə də ev şəraitində müalicə olunmuş insanlarda müşahidə olunur”.

Göründüyü kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır.

Bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Məsələn, Almaniyada noyabrın 2-dən ayın sonuna qədər koronavirus infeksiyasının pandemiyası ilə bağlı "məhdud karantinrejimi tətbiq olunub. Fransada ölkənin bütün ərazisində oktyabrın 30-dan dekabrın 1-dək davam edəcək özünütəcrid rejimi tətbiq edilib.

 

Sanitar-epidemioloji durum pisləşib

 

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son dövrlərdə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxmasağalma halları arasında fərq xeyli yüksəlir, sanitar-epidemioloji durum pisləşir. Hətta son günlər COVID-19-a yoluxma sayı min nəfərdən çox olur ki, bu da arzuolunmaz haldır, xüsusilə də ölkəmizin Vətən müharibəsi apardığı bu günlərdə. Təbii ki, koronavirusa yoluxma sayı artdıqca, həkimlərimiz də iki cəbhəyə bölünməyə məcbur olur.

Buna görə də pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb. Eyni zamanda son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb.

 

Distant təhsil prosesi ilin sonuna qədər davam edə bilər

 

Bütün dünyada pandemiyanın birbaşa təsir etdiyi sahələrdən biri təhsildir. Azərbaycanda sentyabrın 15-dən mərhələli formada əyani təhsil formasına keçilmişdi. İlkin mərhələdə məktəblərdə ibtidai sinif şagirdləri pandemiya şərtlərinə uyğunlaşdırılmış formada dərs keçirdilər. Gözlənilən idi ki, yaxın zamanda yuxarı sinif şagirdləri əyani təhsilə keçsin, amma təəssüf ki, əksinə oldu.

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində noyabrın 2-dən dekabrın 1-dək tədris təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunmasına dair qərar imzaladı.

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə məlumat verən Təhsil naziri Emin Əmrullayev bildirib ki, bu qərarın icrası müəyyən çətinlik yaradacaq, amma əvvəlki dövrlərdən bu təcrübə var. İnanıram ki, qədər çətin olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik: "Ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Növbəti mərhələdə şagirdlərin müəllimlərin təhsil platformalarına girişi təmin olunacaq”.

E.Əmrullayev onu da qeyd edib ki, ölkədə koronavirusa yoluxma halları artarsa, distant təhsil prosesi ilin sonuna qədər davam edə bilər.

 

Koronavirusa qarşı hazırda əlimizdəki ən güclü silah qoruyucu maskadır

 

Hazırkı reallıq onu deməyə əsas verir ki, yoluxma sayı artarsa, qarşıdan gələn dövrlərdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər. Koronavirusa qarşı effektiv peyvəndin hələ əldə olunmadığını nəzərə alaraq bilməliyik ki, bu təhlükəli virusla mübarizədə hazırda əlimizdəki ən güclü silah qoruyucu maskadır. Maskadan istifadə etməklə həm özümüzü, həm ətrafımızdakıları qoruya bilərik. Ən əsası odur ki, ehtiyac olmadan evdən çıxmamalı, mümkün qədər insanların toplaşdığı yerlərdən uzaq durmalı, ictimai nəqliyyatdan az istifadə edilməlidir. O da danılmaz faktdır ki, son zamanlar ictimai nəqliyyatda maska taxmayanların sayı xeyli artıb, əksər hallarda məsafə saxlamaq unudulur. Bütün bu məsuliyyətsiz davranışlar koronavirusun yayılmasına münbit şərait yaradır ki, bu da yolverilməzdir.

Təhlükənin ön cəbhəyə ayaq açmasına, torpaqlarımızı qarış-qarış düşmən tapdağından azad edən qəhrəman əsgərlərimizin sağlamlığına koronavirusun zərər vurmasına imkan yaratmamalıyıq. Hazırda pandemiya şərtlərinə ciddi riayət etmək hər birimizin yerinə yetirməli olduğumuz vətəndaşlıq borcudur. Koronavirusla mübarizədə fəal olmaqla xüsusi karantin rejiminin qaydalarına riayət etməklə vətəndaşlıq vəzifəmizi yerinə yetirməliyik. Olduğumuz yerdən asılı olmayaraq, həm özümüzə, həm ətrafımıza qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməliyik. Elə bunun sayəsində həm cəmiyyətimizin, həm cəbhədə döyüşən əsgərlərimizin sağlamlığının keşiyində dayanmış olarıq.

 

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 1 noyabr.- S.8.