AHİK-də Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

 

Noyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), İşçilərin Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (HAK-İŞ), İşəgötürənlər Həmkarlar İttifaqları Təşkilatları Konfeederasiyası (TİSK), İctimai İşçilərin Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (T. KAMU-SEN), Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (MEMUR-SEN) rəhbərləri iştirak ediblər.

S.Möhbalıyev bildirib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu hücuma keçməsi ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu yalnız qarşı tərəfin atəş nöqtələrini susdurmaqdadır. Nəticədə işğal olunmuş ərazilərimizin bir hissəsi, o cümlədən 4 şəhər, 3 qəsəbə, 200-ə yaxın kənd işğalçılardan azad edilib, strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklər ordumuzun nəzarətinə keçib. AHİK sədri Azərbaycanın haqq savaşına tərəddüdsüz dəstəyə görə bütün Türkiyə xalqına minnətdarlıq edib, qardaşlığımızın dönməz və əbədi olduğunu bildirib.

S.Möhbalıyev qeyd edib ki, Ermənistan atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisinə qarşı qadağan olunmuş silahlar istifadə edirlər. Erməni faşistlərinin həyata keçirdikləri bu cinayət əməlləri nəticəsində yalnız dinc əhali zərər çəkir. 4, 11 və 17 oktyabr tarixlərində cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə qadağan olunmuş raketlərdən atəş açmaqla, 10 qadın, 6 uşaq olmaqla 26 nəfər qətlə yetirilib. Eyni zamanda, 27-28 oktyabr tarixlərində Bərdə şəhərinə erməni vandalları tərəfindən edilən hücum nəticəsində də 26 nəfər mülki şəxs həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Hər iki şəhərdə yerləşən mülki infrastruktur obyektləri, çoxmənzilli yaşayış binaları, şəxsi evlər və nəqliyyat vasitələri xeyli ziyan çəkib. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağdam, Göygöl rayonlarına endirilən raket zərbələri nəticəsində də mülki şəxslər həlak olmaqla yanaşı, onların şəxsi əmlakları, o cümlədən yaşayış evləri və digər əmlakları xeyli zərər görüb. Törədilən vəhşiliklər 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı Ermənistanın XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırımı siyasətinin davam etdirilməsinin sübutudur. Ermənistan rəhbərliyinin cəbhə xəttindən uzaqda yerləşən və heç bir hərbi obyekt olmayan əraziləri atəşə tutmaqda əsas məqsədləri həmin ərazilərdə yaşayan əhali içərisində təşviş yaratmaqdır. Lakin onlar unudurlar ki, hazırkı Azərbaycan keçən əsrin 90-cı illərdə müstəqilliyini yenicə qazanmış Azərbaycan deyil.

Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi güclü Azərbaycan var. Bununla yanaşı, ermənilər bu gün davam edən əməliyyatlara üçüncü tərəfi də cəlb etmək məqsədini güdürlər. Lakin onlar unudurlar ki, bu gün Azərbaycanın yanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə dayanıb. Təbii ki, Ermənistan hansı məqsədləri güdməsindən asılı olmayaraq onların silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çöküb. Ermənistan Azərbaycana qarşı törətdikləri bütün əməllərə cavab verməli olacaq. İnanırıq ki, yaxın vaxtlarda müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa və Xankəndi də daxil olmaqla keçmiş Dağlıq Qarabağ vilayətinin bütün yaşayış məntəqələrində Azərbaycan bayrağını dalğalandıracaq.

Daha sonra çıxış edən qonaqlar bildiriblər ki, dünya ictimaiyyətinə də məlumdur ki, ermənilərin atdıqları bütün addımlar məqsədli xarakter daşıyır. Onların özləri də bilirlər ki, mülki əhaliyə qarşı ballistik raketlərdən, kasetli bombalardan, qadağan olunmuş silahlardan istifadə cinayətdir. Ermənilərin insanlığa qarşı cinayət və humanitar hüququn pozulması ilə bağlı Ermənistan hökumətini idarə edən və bu qərarları verən şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyən qonaqlar bu haqq savaşında daim qardaş ölkəni dəstəkləyəcəyini qeyd ediblər.

 

Azərbaycan.- 2020.-3 noyabr.- S.5.