İLHAM ƏLİYEVİN TARİX VƏ

JURNALİSTİKA DƏRSLƏRİ

 

Müharibə dövrü beynəlxalq media da savaş meydanına çevrilib

 

Otuz ildən çoxdur ki, Qarabağ uğrunda çarpışma gedir!

Verdiyimiz qurbanlara, çəkdiyimiz əziyyətə baxmayaraq birinci Qarabağ müharibəsini uduzduq!

Ermənistan havadarlarının köməyi ilə ərazimizin 20 faizini işğal etdi, iyirmi min şəhid verərək bir milyondan çox qaçqın yiyəsi olduq!

Sonra 27 il ATƏT-in Minsk qrupuna inanaraq gözlədik ki, torpaqlarımızı sülh yolu ilə bizə qaytaracaq.

Bu müddətdə nə ATƏT-in gördüyü işin səmərəsi və nəticəsi oldu, nə də erməninin şıltaqlığının sonu.

Bizi güzəştə, mövcud reallıqla barışmağa çağırışlar isə daim səsləndi.

Nə erməniyə təzyiq göstərildi, nə sanksiya tətbiq olundu.

Nəhayət, ikinci Qarabağ müharibəsi başlandı!

Beləliklə, tarix və tale torpaqların işğaldan azad edilməsi missiyasını cənab İlham Əliyevin üzərinə qoydu!

Hərbi əməliyyatlar başlayan ilk dəqiqələrdən etibarən İlham Əliyev üç mühüm istiqamətdə: Ali Baş Komandan kimi cəbhədə, dövlət başçısı kimi isə diplomatiya və informasiya sahəsində gərgin və məhsuldar fəaliyyətə başladı.

Onu da deyək ki, diplomatiya və beynəlxalq KİV-də Prezidentimiz təkbaşına mübarizə aparırdı.

Qeyd edək ki, düşmən Ermənistan birinci Qarabağ müharibəsində öncə informasiya savaşını udmuşdu.

Beləliklə, separatçılıq və işğalçılıq siyasətinə uzun müddət "məzlum xalqın əzilməsi”, "millətlərin öz müqəddəratını təyin etməsi hüququnu gerçəkləşdirməsi” donunu geyindirə bilmişdi.

Daha bir vacib məqam.

Ötən əsrin 90-cı illərində müttəfiq respublikaların müstəqil şəkildə xaricə çıxışı, habelə beynəlxalq səviyyəli mətbu orqanları və informasiya agentlikləri yox idi. Sovetlər İttifaqı məkanına da, dünyaya da yalnız SSRİ-yə məxsus mərkəzi qəzetlər, informasiya agentlikləri və televiziya kanalları vasitəsilə informasiya yaymaq mümkün idi.

Mərkəz qəzet-jurnal, informasiya agentlikləri və televiziya kanallarında erməni millətindən olanların mövcudluğu, Rusiyada ermənilərə bəslənən rəğbət, habelə dünya erməni diasporunun imkanları haqlı Azərbaycanı dünyada haqsız, ədalətsiz, separatçı və işğalçı Ermənistanı isə "zavallı”, "vəhşi müsəlmanlar tərəfindən əzilən və hüququ tapdalanan millət” kimi təqdim etməyə imkan yaratmışdı.

Torpaqların işğaldan azad olunması və məkrli düşmənə qarşı mübarizəyə artıq dünyada yaradılmış stereotiplərin dağıdılmasından, informasiya blokadasının yarılmasından başladı!

Bu sahədə ən effektli işi Ulu Öndər Heydər Əliyev gördü, böyük jurnalistlər ordusunun yerinə yetirə bilməyəcəyi missiyanı təkbaşına həyata keçirdi!

Ulu Öndərimiz bəzən xarici səfərləri zamanı əlində çubuq xəritə önündə dayanaraq Qarabağın yerləşdiyi ərazini, işğalçı ilə "məzlum millət”in əməlinin fərqini əyani şəkildə, faktlarla izah etməli oldu.

 

TƏKZİBÇİ TƏRƏFDƏN HÜCUMÇU MÖVQEYƏ

 

İkinci Qarabağ müharibəsində isə eyni missiyanı, beynəlxalq KİV-də dünya erməniliyi ilə mübarizəni İlham Əliyev yerinə yetirməli oldu.

Əslində, dünya erməniliyi - ermənilərin dostları və ikili standartlar səbəbindən bizə düşmən münasibəti bəsləyənlər sülh danışıqlarının qırılaraq hərbi əməliyyatların başlayacağını, yeni müharibədə Azərbaycanın yeni taktika, yeni silahlarla yeni nümunə ortaya qoyacağını, öz gücü və imkanları hesabına torpaqlarını bu qədər sürətlə və Ermənistanın ordusuna sarsıdıcı zərbələr vurmaqla, onu tarı-mar etməklə nail olacağını güman etmirdilər.

Çaş-baş və özlərini itirmiş vəziyyətində qalanlar hərbi əməliyyatlara müxtəlif səbəblərdən müdaxilə edə bilmədiklərindən güclərini diplomatiya, o da nəticə vermədiyindən informasiya müharibəsində cəmləşdirmişdilər.

Məqsəd Azərbaycanı sülh danışıqlarını pozaraq müharibəyə başlayan, Türkiyə ordusundan kömək alan, döyüşlərdə əcnəbi muzdlulardan istifadə edən, qadağan olunmuş silahları tətbiq edən, demokratiyanı pozan, erməniləri Qarabağdan qovmağa çalışan bir dövlət kimi təqdim etmək, siyasi nüfuzuna xələl gətirmək idi.

Daim mətbuata açıq, jurnalistlərin istənilən suallarına cavab verməyə hazır olan İlham Əliyev çox qısa bir müddətdə 25 televiziya, informasiya agentliyinə və qəzetə müsahibə verdi.

Bunların sırasında "Əl-Cəzirə”, "Ewronevs”, "Sky News”, habelə Fransanın "Fiqaro” və "France - 24”, Rusiyanın RBK, ABŞ-ın "Fox News”, Almaniyanın ARD televiziya kanallarını qeyd etmək olar.

Sonuncu müsahibə isə İtaliyanın "La Repubblica” qəzetinə verilmişdir.

 

DAŞ QAYAYA RAST GƏLƏNDƏ

 

Biz Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunda, Münxen Beynəlxalq Təhlükəsizlik Konfransında parlaq çıxışını və polemika məharətini, habelə yüksək hazırlığa malik olduğunu görmüşük.

Eyni zamanda sözünü demək üçün əlverişli yer və zaman seçməsinə, necə deyərlər, sözü məqamında deməsinə yaxşı bələdik.

Onun müsahiblərinə konkret faktlar əsasında "qəfil zərbə” endirərək çaşdırmasına, çıxılmaz vəziyyətə salmasına da dəfələrlə şahid olmuşuq.

Hərbi əməliyyatlar başlayandan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmaq istəyən KİV-in marağı təkcə yenicə alovlanan müharibə ocağı barədə informasiya toplayaraq yaymaq, həqiqəti söyləmək niyyətindən qaynaqlanmırdı. Bir aydan bir qədər çox müddətdə Prezidentimizlə görüşə gələn 20-dən çox KİV-in bir qisminin erməni diasporunun sifarişini icra etdiyi diqqət çəkən başlıca məqamlardandır. Bunu müsahibə alan jurnalistlərin jurnalistikanın bir sıra mühüm prinsiplərini pozmalarından da aydın görmək mümkündür. Həmin prinsiplər jurnalistlərin beynəlxalq peşə davranışı qaydalarında (ona uyğun olaraq həm də Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında) öz əksini tapmışdır.

Jurnalistikanın ali məqsədi həqiqəti yaymaq, obyektivlik isə əsas peşəkarlıq meyarı sayılır. Jurnalist müsahibinə istədiyi sualı verməkdə sərbəstdir. Ancaq tərəf nümayiş etdirməməli, qərəzsiz olmalıdır. Müsahibə hörmətlə yanaşmalı, etik normalara ciddi riayət etməlidir. Müsahibinin demək istəmədiyini zorla ona dedirtməyə çalışmamalı, öz fikrini məcburən qəbul etdirməyə cidd-cəhd göstərməməlidir.

Müsahibə həm də xüsusi janrdır. Burada müxbir şərhinə, jurnalist müdaxiləsinə yol verilmir. Hər şey jurnalistin peşəkarlığından, müsahibini danışdırmaq bacarığından asılı olur. Ona sərf etməyən fikir söyləyən zaman müsahibinin sözünü kəsmək, cavablara açıq şübhə ilə yanaşmaq, xüsusən dirəniş göstərmək və deyilənlərə düzəliş etməyə çalışmaq yolverilməzdir.

Adətən müsahibin kimliyi, hansı səviyyə sahibi olduğu da nəzərə alınır. Ona uyğun müxbir seçilir. Jurnalistin özü müsahibəyə diqqətlə hazırlaşmalıdır, redaksiya da ona müəyyən istiqamətlər verə, qarşısına hansısa vəzifə qoya bilər.

Lakin bunların hamısı etik çərçivədə, jurnalistikanın mühüm prinsiplərinə əməl olunmaqla icra edilməlidir.

Prezident İlham Əliyevlə müsahibələrə baxdıqda nələri dərhal hiss etmək olurdu.

Əvvəla, jurnalistlərin bir qisminin bu müsahibələri xoş məramla götürmədikləri, kimlərdənsə (indiki halda erməni diasporundan) sifariş aldıqları açıq-aydın duyulurdu.

İkincisi, hamısı eyni sualları verib ( müxtəlif şəkildə fərqləndirilsə də), eyni məsələni qabartmağa çalışırdılar.

Üçüncüsü, eşitdiklərini həqiqət kimi təqdim edərək suala israrla cavab almağa can atırdılar.

Məsələn, bütün müsahibələrdə səsləndirilən suallar təxminən aşağıdakılardır:

* Müharibəyə niyə başladınız?

* Türkiyə niyə sizə kömək edir?

* Müharibə ilə ölkəniz daxilindəki problemləri başqa səmtə yönəltmək istəyirsiniz?

* Türkiyənin F-16 təyyarələri niyə Azərbaycandadır?

* Siz tərəfdən muzdlular döyüşür?

* Etnik təmizləmə aparmaq istəyirsiniz?

* Niyə müharibəni dayandırmırsınız və s.

Lakin Azərbaycanın dövlət başçısı bu sualların hər birinə son dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verir, məsələnin mahiyyətini səbirlə izah edir, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirirdi.

Necə deyərlər, daş qayaya rast gəlirdi!

 

YERSİZ GƏLDİ, YERLİ QAÇ

 

Jurnalistlər vasitəsilə səsləndirilən əsas suallardan biri ermənilərin bu ərazilərdə lap qədimlərdən yaşamaları ("ən qədim millət və ən qədim zəngin mədəniyyətə malik xalq” tezisinə uyğun olaraq) barədə olurdu!

Əslində, bu sualın əsl mahiyyəti belə idi: ermənilər əvvəldən burada yaşayıblar, işğal etdikləri ərazi onlarınkı olub, niyə yerlərindən qovursunuz?!

Bəlkə də bu sualı verən (verdirən yox) onun gülünc səslənməsinin mahiyyətinə varmırdı.

Ancaq cənab İlham Əliyev özünü o yerə qoymayaraq 1805, 1813 və 1828-ci il Kürəkçay, Türkmənçay və Gülüstan müqaviləsinə əsasən ermənilərin sonralar - XX əsrdən Qarabağ və Şuşa xanı İbrahimxəlil xanla rus generalı Sisianovum imzaladıqları müqaviləyə əsasən, bu torpaqlarda yerləşdirildiklərini, qədim Azərbaycan şəhəri İrəvanın isə onlara paytaxt kimi verildiyini söyləyərək həm də tarix dərsi keçirdi.

Üstəlik, tarixi mənbənin yerini də göstərirdi: internetə girməklə həmin sənədlərlə özünüz də tanış ola bilərsiniz!

Həm də başa salırdı ki, yerli əhali azərbaycanlılardır, indi isə yersiz ermənilərə yerlərini göstərirlər!

 

QARA MƏNİ BASINCA

 

Öyrədilmiş jurnalistlərin ən çox hallandırdıqları faktlardan biri Şuşadakı kilsəyə, guya, bizim zərbə endirərək onu zədələməyimizlə bağlıdır.

Münaqişənin başlanmasından ermənilər məsələyə daim dini don geyindirməyə, beləliklə, həm işğal faktını gizlətməyə, həm də dünya xiristianlarını öz müdafiəçilərinə çevirməyə çalışmışlar.

Azərbaycan tolerant ölkədir. Biz hansı dinə sitayiş etməsindən asılı olmayaraq bütün millətlərə və xalqlara eyni nəzərlə baxırıq, hər bir dini məbədi Allah evi sayırıq!

Heç bir müsəlman Allah evinə xor baxmaz, onu dağıtmaz!

Heç kim ermənilər kimi orada heyvan saxlayaraq murdarlanmasına yol verməz!

Bu, erməni xislətindən doğan haldır!

Cənab İlham Əliyevin belə ittiham xarakterli suallara da cavabı aydın və qısa olurdu:

Əvvəla, biz bilmirik kilsə kim tərəfindən, qəsdən, ya təsadüfən zədələnib. Zədə cüzidir və bir həftəyə düzəldilə bilər. İkincisi, Bakıdakı erməni kilsəsini təmir edərək qoruyuruq, içərisində isə qədim erməni kitablarını saxlayırıq. Ermənilər isə işğal etdikləri ərazilərdəki məscidlərimizdə donuz və inək saxlayırlar, tövlə kimi istifadə edirlər.

Ermənistan tərəfdən müzdluların vuruşduğunu bilən jurnalistlər Azərbaycan tərəfində də muzdlular olduğunu söyləyərək "qara məni basınca” prinsipi ilə hərəkət etməyə çalışırlar.

Dövlət başçısı yenə təmkin göstərərək bunun feyk xəbər olduğunu, ilk dəfə bu fikrin kimlər tərəfindən söylənildiyini xatırladaraq, onlardan sübut istədiyini bildirir: "Mən hələ bu iddia ilə bağlı dəlillər istəyirəm, onu isə təqdim edən yoxdur!”

Müharibə ilə bağlı söylədiklərinin təsdiqini tapmayan müxbirlər isə istiqaməti başqa səmtə yönəldirlər.

Almaniyanın ARD televiziya kanalının müxbirinin bir neçə belə çabasına diqqət yetirək.

" - Mən bildiyimə görə, oktyabrın 1-ində Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız.

- Bu, tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər adını deyə bilərsinizsə, əgər sizdə adı varsa, mənə deyin. Sizdə adı var?

- "Hazırda məndə adı yoxdur, öyrənərəm”.

Qaranlıq otaqda kösöv bulamağa bənzər bu sualın uğursuzluğunu İlham Əliyev uğurlu və sərt şəkildə sonuclayır:

" - Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsiz edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur”.

Bu qiymətləndirmədəki incə istehzanı sezməmək də mümkün deyil!

Jurnalistlərin bir neçə dəfə toxunduqları "ölkədaxili problemlərdən diqqəti yayındırmaq üçün müharibəyə başlamısınız” fikri əslində qeyri-ciddi səslənir. Lakin onun qeyri-ciddiliyi verilən cavabdan sonra tam aydınlığı ilə meydana çıxır.

Prezidentimiz sadəcə Azərbaycandakı mövcud siyasi və iqtisadi vəziyyəti faktlar və rəqəmlər əsasında təsvir etməklə kifayətlənmir:

Pandemiya dövründə iqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz, işsizlik səviyyəsi isə 7 faizdir. Bizim konvensiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur. Bütün müxalifət partiyaları isə rəsmən torpaqların işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatların başlanmasını dəstəklədiklərini bəyan ediblər.

Sonra isə cənab İlham Əliyev öz təklifini verir:

"Bizdəki mövcud durumu ölkəmizdəki analoji faktlarla müqayisə edin!”

Elə buradaca qeyd edək ki, eyni məntiqlə çıxış edən həmin jurnalistlər belə bir müqayisə aparsalar, kiminləsə müharibəyə özlərində daha çox əsasları olduqlarını görərlər.

Azərbaycanın isə bir əsası var: torpaqları 30 ildir işğaldadır, düşmən onu sülh yolu ilə geri qaytarmaq istəmir. Güclənmiş dövlətimiz isə bunu özü, həm də çox uğurla icra etməyə başlayıb!

Kim bundan narahatdırsa, qoy olsun!

 

ÖZ GÖZLƏRİNDƏ TİRİ GÖRMƏYƏNLƏR

 

Mətləbə dəxli olmayan suallardan birini də ABŞ-ın "Fox News” televiziya kanalının müxbiri vermişdi. Cavab "öz gözündə tiri görmür, özgə gözündə tük axtarır” məntiqi ilə səsləndi:

" - Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir”.

Belə cavabı gözləməyən müxbir son cəhdini göstərir:

" - Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişlər”.

Cavab isə həm sərt, həm də istehzalıdır:

" - Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş”.

Belə bir tutarlı arqumenti gözləməyən müxbir güzəştə gedərək geri çəkilir və müsahibinin gücünü etiraf etməli olur:

" - Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident”.

Söz duelinin dövlət başçımızın parlaq qələbəsi ilə başa çatması bizim hər birimizdə sonsuz iftixar hissi doğurur.

Analoji vəziyyətə Almaniyanın ARD televiziya kanalına müsahibədə də rast gəlinir. Müxbirin "Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına da İlham Əliyev təmkinini pozmadan sual-dərslə cavab verir:

"- Elzas və Lataringe sizin üçün önəmlidir, Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir... Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Dəqiq cavabını alan müxbir, həmin cavabın daxilində xatırladılan incə mətləbi də sezməmiş deyil!

 

FƏXR ET, AZƏRBAYCAN!

 

İyirmidən çox görüb dinlədiyimiz müsahibədə belə maraqlı məqamlar kifayət qədərdir. Bəzən jurnalistlər kiminlə söhbət etdiklərini unudaraq, Prezidentimizin təbirincə desək, özlərini prokuror kimi aparır, etik çərçivədən kənara çıxır, mövzudan uzaqlaşaraq nələrsə isbat etmək üçün dirənir, inad göstərirlər, müsahibin sözünü belə kəsirlər.

Lakin Prezident İlham Əliyev dəmir məntiqi, gətirdiyi təkzibolunmaz faktları, yüksək mədəniyyəti və intellekti ilə daim ucalıqda dayanır, səbir və təmkinlə Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Bəzən müxbir söylədiyi feyk faktın həqiqiliyini sübut edəcək dəlil tələb edildikdə, "etibarlı mənbə” göstərməklə vəziyyətdən çıxmağa çalışır:

" - Dəlil "New York Times”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönəldə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər”.

Jurnalist inadı daha bir "mötəbər mənbə” ilə darmadağın edilir;

"- Siz Prezident Trampın "New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız?

Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin”.

Əslində, cənab İlham Əliyev bu müsahibələri ilə həm də xarici KİV-də dünya erməniliyinə qarşı mübarizə aparır, onların əməllərini ifşa edirdi.

Həm də Azərbaycanın haqlı, ədalətli mövqeyini göstərməklə;

Ordumuzun düşmən üzərindəki qələbələrini xatırlatmaqla;

Ərazilərimizin işğaldan təmizləndiyi barədə qürurlu faktlardan söz açmaqla;

Hər birimiz Prezidentimizin bu möhtəşəm müsahibələri ilə fəxr duyuruq, məmnun qalırıq!

Bu müsahibələr həm də jurnalistikanın qızıl fonduna düşəcək, dərsliklərdə istifadə oluna biləcək nümunələr sırasındadır.

Fəxr et, Azərbaycan!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2020.- 5 noyabr.- S.1; 5.