Azərbaycan Alban-udi xristian dini icması Dünya Kilsələr Birliyinə müraciət ünvanlayıb

 

Azərbaycan Alban-udi xristian dini icması son yüz ildə Alban məbədlərinin qriqoryanlaşdırılmasının Ermənistanın dövlət siyasətinə çevrilməsi ilə bağlı Dünya Kilsələr Birliyinə müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobilinin müraciətində deyilir:

Biz - Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icması Azərbaycanın haqlı mövqeyini daim müdafiə edir, beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və bu prosesdə yaxından iştirak etdiyimizi bildiririk. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğal etdiyi şəhər və kəndlərimizi azad etməsi ölkəmizin ərazi bütövlüyünün yaxın zamanlarda tam təmin olunmasına inamımızı daha da artırır”.

Müraciətdə qeyd olunur ki, Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biri olduğunu sübut edir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də  mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.

“Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilmiş, onun maddi və mənəvi irsinin bir qisminə erməni qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılmışdır. Alban irsinin, o cümlədən yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında heç bir alban məbədi saxlanılmamışdır. Ermənistan ya Alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqoryanlaşdırmış, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıtmışdır”, - deyə müraciətdə vurğulanır.

Bildirilir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığı tam təmin olunduqdan sonra Alban Apostol Kilsəsinin statusunun bərpası və üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün tarixi fürsət yaranıb. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-udi xristian icması yaradılmış və dövlət qeydiyyatından keçib. İcmanın  qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi yolunda ilk addımdır.

Müraciətdə daha sonra deyilir: “Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş  kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “ÇotariAlban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının  dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki  tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edir.

Biz udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq bu gün Qəbələ və Oğuzdakı alban məbədlərində ibadət etdiyimiz kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Laçındakı Ağoğlan, Kəlbəcərdəki Gəncəsər, Ağdərədəki Müqəddəs Yeliseyonlarla digər məbədlərdə ibadət edəcəyimiz günləri səbirsizliklə gözləyirik. İnanırıq ki, Azərbaycan dövləti işğal altındakı bütün ərazilərini tezliklə azad edəcək, həmin şəhər və kəndlərdəki alban məbədlərində Alban-udi icmasının üzvlərinə ibadət üçün şərait yaranacaqbununla da tarixi ədalətsizlik aradan qalxacaqdır.

Eyni zamanda, Azərbaycan xalqının tolerantlığı, Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə olan qayğısı və dəstəyi onu deməyə əsas verir ki, erməni qriqoryan kilsəsinin mənsublarına da humanist münasibət göstəriləcəkdir. Bu hörmətin bariz nümunəsi Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan hökuməti tərəfindən qorunub-saxlanılmış, restavrasiya olunmuş “Müqəddəs Qriqori” erməni kilsəsidir. Əsrlər boyu erməni qriqoryan kilsəsi təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla Alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz də erməni qriqoryan kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bildiririk”.

 

Azərbaycan.- 2020.-6 noyabr.- S.5.