Separatçılar rəsmən Qarabağı tərk etdilər

 

Qarabağ müharibəsi işğalçı Ermənistanın böyük zərbələr alması ilə müşayiət olunur. Hərb cəbhəsi ilə yanaşı, diplomatik müstəvidə Ermənistanın dalana dirənməsi ölkədəki siyasi gərginliyi pik həddə çatdırıb. Ermənistanda artıq etiraf edirlər ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində öz şərtlərini rahatlıqla diktə etməkdədir.

 

Qondarma rejimin paytaxtı artıq Yerevandır

 

Ermənistan rəhbərliyi problemin dinc müstəvidə həlli məqsədilə onlara verilən şansı lazımınca dəyərləndirmədi. Bu gün isə əzəli Azərbaycan torpaqlarından qaçmağa məcburdurlar. Artıq Dağlıq Qarabağdakı qondarma "respublikanın” administrasiyası Yerevana köçürülüb. Bu barədə separatçıların lideri Arayik Arutyunyanın "Facebook” səhifəsində məlumat paylaşılıb. Bildirilir ki, onlar "fəaliyyətlərini” Ermənistanda "davam etdirəcəklər”.

Beləliklə, Azərbaycan işğal olunmuş ərazilərdə ermənilərin yaratdığı qondarma idarəçiliyə son qoyub. Separatçılar rəsmən Qarabağı tərk etməyə məcbur olublarqondarma rejimin paytaxtı artıq Yerevandır. Qarabağda isə hazırda bir idarəetmə sistemi varonu da Azərbaycan Ordusu inamla həyata keçirir.

Ümumiyyətlə, daim sosial şəbəkələrdə fəal olan separatçıların liderini son günlərdə görən olmayıb. Onun adından sosial şəbəkələrdə məlumatlar yayılsa da, görüntüsü yoxdur. İstisna edilmir ki, separatçı ordunun rəhbəri kimi A.Arutyunyan da Azərbaycan Ordusu tərəfindən məhv edilib.

 

Paşinyanın ümidi indi cinayətkarlaradır

 

Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün potensialı tamamilə tükənib. Bir müddət əvvəl cəbhəyə göndərməyə adam tapmayan N.Paşinyan qocaları, qadınları və uşaqları döyüşə cəlb etməyə başlamışdı. Bunun da bir faydasının olmadığını görən baş nazir son ümidini cinayətkarlara bağlayıb. Belə ki, Ermənistanda yenidən bir qrup məhkum cəbhəyə göndərilmək üçün həbsdən azad edilib. Ermənistanın baş prokurorluğundan verilən məlumata görə, bundan əvvəl həbsdə olan 16 nəfər də döyüşə göndərilib.

Hazırda həbsdə olan digər məhbuslardan ibarət dəstənin yaradılması nəzərdən keçirilir. Ölkənin ədliyyə naziri Rüstəm Badasyan Ermənistanda məhbuslardan ibarət könüllü dəstələrin Dağlıq Qarabağa döyüşlərə göndərilməsi məsələsinin nəzərdən keçirildiyini təsdiqləyib. O bildirib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır.

Vaxtilə cinayət törətmiş həmin məhbusların Qarabağ uğrunda döyüşməyəcəkləri isə gün kimi aydındır. Onlar ilk fürsətdəcə hazırda xaos səbəbindən cinayətkarlığın baş alıb getdiyi Ermənistana qaçacaqlar.

 

Yeni doğulan körpələr girov saxlanılır

 

Azərbaycan Ordusuna qarşı döyüşlərdə məğlub olan Ermənistanda fərarilik halları getdikcə artır. Ölkədə cəbhəyə getməkdən yayınanlar sərt şəkildə cəzalandırılırlar, hətta onların qohumları girov saxlanılırlar.

Hüquqşünas Robert Hayrapetyan sosial şəbəkədəki hesabında yazıb ki, yeni doğulmuş körpələrə yalnız ataları könüllü olaraq cəbhəyə getdikdə və anaları xəstəxanalarda girov saxlanıldıqda şəhadətnamə verilir: "Hər dəqiqə vətənpərvərlikdən danışanlar zəif insanlarımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirlər. Uşaq doğulduqdan bir gün sonra doğum haqqında şəhadətnamənin yalnız uşağın atasının cəbhəyə könüllü getməsi barədə təsdiq sənədinin təqdim edilməsi şərti ilə veriləcəyini necə etmək olar? Uşaqları və analarını girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasında oturmağa qərar vermisiniz? Sizdə beyin var?”

Bu arada Dağlıq Qarabağdan mülki ermənilərin qaçışı daha da sürətlənib. "Qraparak” qəzeti yazır ki, ermənilər Xankəndi şəhərini tərk etməkdə davam edir. Xüsusən son günlər əhali intensiv şəkildə şəhərdən çıxıb və sakinlərin azalması ilə küçələr boş qalıb. Xankəndinin "meri David Sarkisyan qeyd edib ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb: "İndi isə bu rəqəm 17 min təşkil edir. Sakinlərin əksəriyyəti Ermənistana köçüb”.

 

Ermənistanın müharibə itkiləri milyardlarla dollar təşkil edir

 

Rusiyanın "rusbankrot.ru” nəşri yazıb ki, müharibə silah tədarükçüklərinə nəhəng gəlir gətirsə də, döyüş iştirakçılarını iflasla üz-üzə qoyur. Ermənistanla Azərbaycan arasında münaqişə də bu baxımdan istisna deyil. Dağlıq Qarabağda bir aydan çoxdur ki, davam edən döyüş əməliyyatları kreditlər içində çapalayan Ermənistan iqtisadiyyatını daha da ağır vəziyyətə salıb. Məqalədə qeyd olunur ki, bu müddət ərzində Ermənistan 250-dən çox tank, hava hücumundan müdafiə sistemləri, yüzlərlə yük maşını, artilleriya vahidi itirib.

Komanda məntəqələrinin və silah anbarlarının məhv edilməsi də ölkə iqtisadiyyatına əhəmiyyətli zərbə vurub. Mütəxəssislərin hesablamalarına görə, Ermənistanın müharibə itkiləri bir neçə milyard dollar təşkil edir. Məqalədə bildirilir ki, indi Yerevan qarşısında ciddi sual dayanır: kreditlər necə qaytarılacaq? Çünki yeni borcların alınması, ya da milli valyutanı dəyərsizləşdirmək bahasına yeni pullar çap etmək heç nəyi həll etməyəcək: "Artıq bu ilin iyulunda Ermənistanın dövlət borcu rekord həddə - 8 milyard dollar həddinə çatmışdı. "Fitchreytinq agentliyi bu ilin sonunadək ölkə iqtisadiyyatının defoltla üzləşəcəyini proqnozlaşdırırdı. Bununla belə Yerevan xaricdən borc almaq ümidiniitirib, çünki ölkədə müharibə gedir, bundan başqa, koronavirus pandemiyası davam edir, ölkə iqtisadiyyatı hələ də tətbiq olunmuş məhdudiyyətlərdən özünə gələ bilməyib”.

Bu arada Dağlıq Qarabağdan Ermənistana külli miqdarda silah-sursat daşınması ilə bağlı ölkə mediası çoxlu faktlar aşkarlayıb. "4rd.am” saytı yazır ki, Ermənistanın Vayk şəhərində polis şöbəsinə daxil olan operativ məlumatlar əsasında Qarabağdan qayıdan avtomobillərə baxış zamanı silahlar, dəbilqələr, güllə keçirməyən jiletlər, hərbi bıçaqlar, xeyli sayda güllə və digər hərbi avadanlıqlar götürülüb.

Ermənistanın SünikSisian polis bölmələrinin əməkdaşları tərəfindən Qarabağdan qayıdan "UAZ” markalı avtomobilə baxış keçirilərkən maşında gizlədilmiş "Kalaşnikov” avtomatları və xeyli sayda güllə müəyyən edilib. Qeyd olunur ki, bütün bunlar yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsinin olduğuna işarədir.

Hazırda Ermənistanda bütün sahələrdə ciddi və dərin xaos hökm sürür. Azərbaycan tərəfindən hərbi məğlubiyyətə uğradılan işğalçı dövlət tarixinin ən ağır və əzablı günlərini yaşayır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.-6 noyabr.- S.1; 10.