Koronavirusla mübarizədə də həmrəy olmalıyıq

 

Artıq 11-ci aydır ki, dünya gözəgörünməz "taclı” düşmənlə, kiçicik bir virusla ölüm-qalım savaşı aparır. Bu savaşın nə vaxt bitəcəyini hələlik heç kəs bilmir. Virusa yoluxanların, həyatını itirənlərin sayı günbəgün artır, rəqəmlər saatbasaat dəyişir. Hazırda koronavirusa yoluxanların ümumi sayı 48 milyonu ötüb. Son sutka ərzində isə dünyada koronavirusdan ölüm hallarına görə antirekord qeydə alınıb. Belə ki, ötən gün planetin 9763 nəfər sakini virusun qurbanı olub. Bununla da virusdan ölənlərin sayı 1 milyon 231 nəfərə çatıb.

 

Dünyanın koronavirus mənzərəsi

 

Son günlər əksər ölkələrdə yoluxma halları kəskin artıb. Bır sıra Avropa ölkələri sərt karantin rejimlərini bərpa edib. İtaliyada koronavirusa yoluxma hallarının yenidən artması ilə əlaqədar noyabrın 4-dən etibarən ölkə ərazisində komendant saatı tətbiq olunur. Qərara əsasən, saat 22:00-dan 05:00-dək yaşayış yerlərini tərk etmək qadağan olunur.

Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və qaydalar sərtləşdirilib. Bu ölkədə son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb - 9850 nəfər yoluxub, 193 nəfər həyatını itirib.

İsveçrədə koronavirusa gündəlik yoluxma sayı ilk dəfə olaraq 10 mini keçib. Ötən 24 saatda ölkədə 10073 nəfər koronavirusa yoluxub və 73 nəfər ölüb.

Portuqaliyada da pandemiyanın ikinci dalğası müşahidə olunur. Bu mərhələ hər gün yeni yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayına görə birincidən daha kəskindir. Noyabrın 4-dən etibarən Portuqaliya əhalisinin 70 faizi, yəni ölkənin 10 milyon sakinindən təqribən 7 milyonu koronavirusun yayılmasına nəzarət məqsədilə öz vətəndaşlıq borcunu yerinə yetirərək "evdə qal” rejiminə riayət edir.

Rusiyada gün ərzində koronavirusa yoluxanların sayı ilk dəfə 19 mini keçib. 389 nəfər isə virusun qurbanı olub. Ən çox yoluxma halı Moskvada qeydə alınıb - 5826 nəfər. Ötən sutka ərzində İranda 8452 nəfər koronavirusa yoluxub, 419 nəfər isə həyatını itirib. Türkiyədə 2391 yeni yoluxma halı qeydə alınıb, 77 nəfər dünyasını dəyişib. Gürcüstanda 2401 yoluxma halı qeydə alınıb, 20 nəfər virusun qurbanı olub.

Ermənistan isə əhali sayına görə yoluxma baxımında dünyanın liderlərindən biridir. 2 milyondan da az əhalisi olan ölkədə ötən gün ərzində COVID-19 infeksiyasına 2413 yoluxma faktı aşkarlanıb, 24 nəfər ölüb.

 

Yoluxma hallarında nəzərəçarpan artım narahatlıq doğurur

 

Digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxmaölüm halları azdır. Bu isə ölkəmizin qlobal pandemiyanın öhdəsindən bacarıqla gəldiyini aydın göstərir. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını alıb. Lakin son həftələr infeksiyaya gündəlik yoluxma hallarında nəzərəçarpan artım narahatlıq doğurmağa başlayıb.

Bir müddət əvvəl mütəxəssislər ilin soyuq fəsillərində bütün tənəffüs yolları infeksiyalarının, o cümlədən yeni növ koronavirusun artacağı ilə bağlı xəbərdarlıq etmişdilər. Həmin infeksiyaların artım səbəbi soyuq havanın tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflətməsi nəticəsində infeksiyalara qarşı həssaslığın yaranmasıdır. Lakin bununla yanaşı, bizdən asılı olan səbəblər də var. Ölkədə Vətən müharibəsi başlayandan bəri infeksiyadan qorunma qaydaları ikinci plana keçib. Hər kəsin diqqəti, fikri ön cəbhəyə, Azərbaycanın haqq savaşına yönəldiyinə görə koronavirus anlayışı aktuallığını itirib. Xüsusən cəbhədə uğurlu əməliyyatların olması, vətəndaşlarımızın bu məsələyə münasibəti, demək olar ki, koronavirusla mübarizəni bir qədər unutdurub. Bəzi vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadənin azalması, məsafə saxlanmaması çətinliklə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinin və xəstəliyin sürətlə yayılmasının əsas səbəbidir. Məhz bu faktorlar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarının kəskin artmasında, sanitar-epidemioloji vəziyyətin pisləşməsində əsas rol oynayır.

 

Karantin qaydalarına kollektiv əməl etməliyik

 

Baş infeksionist Təyyar Eyvazov bildirib ki, insanlar arasında təmaslar xeyli artıb və bu zaman karantin tədbirlərinə etinasızlıq yoluxma sayının çoxalmasına səbəb olur: "Ölkəmizdə hərbi vəziyyətin elan olunması və bu vəziyyətin doğurduğu bəzi məqamlar da nəzərə alınmalıdır. Hələlik yoluxma sayında mənfi dinamika izlənilir və bunun davam edəcəyini düşünürəm”.

İnfeksionist əlavə edib ki, bu gün ölkə çox böyük sınaq qarşısındadır və belə bir zamanda məsuliyyət hissi iki-üç qat artmalıdır: "Hərbçilərimizin yoluxma riskinin azaldılması üçün ilk növbədə bütün ərazilərdə qeyd olunan karantin qaydalarına kollektiv əməl etməliyik. Xüsusən döyüş bölgələrində hərbçilərlə təmasları minimuma endirməliyik. Bu gün səfərbərliyə alınmış vətəndaşlarımız orduya göndərilməzdən əvvəl mütləq qaydada yoxlanılır. Lakin kimsə özündə narahatlıq hiss edərsə, bunu gizlətməməli və mütləq həkimə müraciət etməlidir. Eyni zamanda döyüşçülərimizlə təması olan mülki şəxslərin ailə üzvlərindən hansısa xəstələnibsə, bunu nəzərə alıb ünsiyyətdə olduqlarını yoxlamaq lazımdır”.

Həkimin sözlərinə görə, koronavirusun əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, quruya çox az miqdar bəlğəmin ifrazı ilə öskürək, yorğunluq hissi, təngnəfəslik, döş qəfəsində darlıq hissi, həmçinin boğazda ağrı, iybilmə və dadbilmənin azalması və digərlərindən ibarətdir. Bu əlamətlər digər respirator virus infeksiyaları zamanı da rast gəlindiyindən yalnız həkim-mütəxəssisə müraciət etməklə və lazım gələrsə, xüsusi laborator testlər aparılmaqla xəstəliyi təsdiqləmək mümkündür. Burada əsas məqam ondan ibarətdir ki, insanlar bu əlamətləri adi soyuqlama kimi qəbul etməsinlər və özünü müalicə ilə məşğul olmasınlar.

 

Səhiyyə sistemini koronaviruslu xəstələrlə yükləməməliyik

 

Hazırda ölkəmizdə xüsusi karantin rejimiordumuzun uğurlu hərbi əməliyyatları davam edir. Cəbhədən gələn şad xəbərləri, böyük qələbəni səbirsizliklə gözləyirik. Bu zaman COVID-lə mübarizə də nəzərdən qaçırılmamalıdır. Çünki səhiyyə sistemimiz ordumuzun, əsgərlərimizin xidmətində olmalı, koronavirusla yüklənməməlidir. Biz özümüzü, ətrafdakıları qorumaqla vətənpərvərlik hisslərini ortaya qoymuş olarıq. Ola bilər qorunmayan şəxs xəstəliyi yüngül keçirəcək. Həmin şəxs düşünməlidir ki, infeksiya mənbəyinə çevrilib bir neçə nəfəri yoluxdura, yoluxdurduğu şəxslər isə ağırlaşmış vəziyyətdə xəstəxanaya yerləşdirilə bilərlər. Bu isə xəstəxanaların yüklənməsinə, həkim, çarpayı çatışmazlığına, nəticədə yaralı əsgərlərin müalicəsində çətinliklərin yaranmasına səbəb ola bilər. Odur ki, gəlin həkimlərimizin iki cəbhəyə bölünməməsinə çalışaq.

Xüsusən bu dövrdə daha çox ehtiyatlı olub ciddi qorunmalıyıq. Nəzərə alaq ki, COVID-19-a yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir. Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımız koronavirusla mübarizədə də birlik nümayiş etdirməlidir. Vətən müharibəsi ilə bağlı xalq olaraq göstərdiyimiz həmrəyliyi koronavirusla mübarizədə də göstərməliyik. Bu mübarizəyə isə özümüzü qorumaqla başlayaq. Heç kəs unutmasın ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Hazırda sıravi vətəndaşların orduya verəcəyi ən böyük dəstək də elə budur - özlərini, dolayısı ilə də hərbçiləri xəstəlikdən qorumaq. Biz koronavirusla mübarizəyə ciddi yanaşmalı, qaydalara əməl etməli, diqqətli və məsuliyyətli olmalıyıq.

Hazırda hər iki məsələ - insanların sağlamlığı və torpaqlarımızın işğaldan azad edilməsi dövlətin təhlükəsizliyi üçün önəmli məsələlərdir. Biz qorunma tədbirlərinə əməl etməklə dövlətimizə də, ordumuza da dəstək vermiş oluruq.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 6 noyabr.- S.1; 11.