Azərbaycan Qarabağda konstitusion hüquqlarını bərpa etdi

 

Bu Qələbə Əsas Qanunumuzun qəbulunun 25-ci ildönümünə böyük töhfə oldu

 

 

12 noyabr Konstitusiya Günüdür

 

 

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər ordumuz işğalçını kapitulyasiyaya məcbur etdi. Bir vaxtlar işğal siyasəti ilə fəxr edən, Şuşada yallı gedən, ölkəmizi yeni ərazilərin işğalı ilə hədələyən Ermənistanın siyasi-hərbi rəhbərliyi bu ölkənin tarixinin ən biabırçı səhifəsinin müəllifi oldu.

 

 

 

Ermənistan döyüş meydanında diz çökdü

 

 

 

Azərbaycan dövlətinin yeganə ağrılı problemi torpaqlarımızın işğal altında qalması idi. 30 ilə yaxın idi ki, bütün xalqımız işğala son qoyulacağı günü gözləyirdi, doğma ev-eşiyindən məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlı yurd nisgili ilə yaşayırdı. Lakin həm də hər kəs inanırdı ki, günlərin birində işğal başa çatacaq, torpaqlarımız mütləq azad ediləcək.

Beynəlxalq hüquq bizim tərəfimizdə idi, BMT Təhlükəsizlik Şurasının qətnamələri də işğalçı qoşunların Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edirdi. Elə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarında da ilk prinsip işğal olunmuş ərazilərimizin boşaldılması idi. Amma 30 ilə yaxın müddətdə nə Ermənistan işğal siyasətinə son qoydu, nə də beynəlxalq ictimaiyyət və vasitəçilər ondan Azərbaycan torpaqlarının boşaldılmasını tələb etdilər.

Azərbaycan isə dözdü, gözlədi. Danışıqlar prosesinə sadiq olsaq da, günlərin birində torpaqlarımızı güc yolu ilə azad edəcəyimizi də heç vaxt gizlətmədik.

Diplomatik cəbhədə Ermənistanı dalana dirəməklə yanaşı, ordumuzu da gücləndirdik. Hələ 2003-cü ildə andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyini bəyan edən Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri ordu quruculuğu barədə idi. Ötən 17 ildə Ermənistan statuskvonu saxlamağa çalışanda Azərbaycan Ordusunu gücləndirdi. İlham Əliyevin Azərbaycanda cəmiyyət həyatının bütün sahələrinə yeni standartlar gətirən inkişaf siyasəti ordu quruculuğunda da özünü göstərdi. Ali Baş Komandanın xüsusi nəzarəti altında Azərbaycan Ordusunda həyata keçirilən islahatlar xüsusən keyfiyyət dəyişikliklərini əhatə etdi. Sentyabrın 27-dən başlayan ikinci Qarabağ müharibəsi göstərdi ki, ordumuz hərbi əməliyyatları tamamilə müasir döyüş standartları ilə aparır. Azərbaycanın yüksək dəqiqlikli silahları, pilotsuz uçuş aparatları qarşısında düşmən cəmi 44 gün tab gətirə bildisonda təslimçi akta imza atdı. Uğurlu əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın, Tərtər və Xocalı rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikləri işğaldan azad etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad olundu.

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları bəyanat ölkəmizin Vətən müharibəsindəki qələbəsinin hüquqi təsdiqi oldu. Bu bəyanatla işğalçı Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da boşaltmaqla bağlı öhdəlik götürüb.

 

 

Azad olunan ərazilərdə Konstitusiyada nəzərdə tutulan hüquqlar tam təmin ediləcək

 

 

Azərbaycan xalqının milli-mənəvi məbədi olan Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən parlaq səhifələrindən biridir. Qarabağın ürəyi olan Şuşanın azad edilməsi ilə həm də müharibənin taleyi həll olundu və düşmən məğlubiyyət aktına imza atdı. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də elan etdiyi bu tarixi qələbəmiz Dövlət Bayrağı gününə ən dəyərli töhfə oldu.

Bu gün xalqımız Konstitusiya Gününü qeyd edir. İndi bu hadisəni bizim üçün daha əlamətdar edən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbulunun 25-ci ildönümünün tamam olması və bu yubiley tarixinin xalqımızın Vətən müharibəsindəki qələbə günlərinə təsadüf etməsidir.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunmasını istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasihüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.

2002, 2009 və 2016-cı illərdə Ana Qanuna bir sıra dəyişikliklər edilib. Dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təmininə yönələn bu dəyişikliklər qlobal çağırışlara tam adekvat olmaqla, demokratik inkişafın ən müasirmodern tələblərini özündə ehtiva edib.

Konstitusiyada Azərbaycan vətəndaşlarının bütün hüquqları ən demokratik meyarlara uyğun təsbit olunub. Lakin torpaqlarımızı işğal edən Ermənistan yüz minlərlə vətəndaşımızın doğma yurdda təhlükəsiz yaşamaq, azadlıq, mülkiyyət, mənzil toxunulmazlığı və digər konstitusion hüquqlarını pozmuşdu. Şəhər və kəndlərimizin işğaldan azad edilməsindən sonra qarşılaşdığımız acınacaqlı mənzərələr, evlərin daşlarına qədər sökülməsi, təbii sərvətlərimizin talan edilməsi xalqımızın hüquqlarının pozulmasının ayrı-ayrı nümunələridir.

Sentyabrın 27-dən başlanan Vətən müharibəsini qələbə ilə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu Qələbə Ana Qanunumuzun qəbulunun 25-ci ildönümünə də böyük töhfə oldu. Ən əsası zəfərimizin müəllifi olan Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətinin və bütün xalqımızın Qarabağda konstitusion hüquqlarını bərpa etdi. Tezliklə vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün hüquqlarının tam təmin edilməsi istiqamətində mühüm addımlar atılacaq.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 12 noyabr.- S.1;5.