Azərbaycan Ermənistanı döyüş meydanında cəzalandırır

 

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu ərazilərdə təcavüzkar ölkə tərəfindən qanunsuz məskunlaşdırma siyasəti faktlarla təsdiqini tapır

 

Azərbaycan Ordusu öz məqsədlərinə doğru inamla və sürətlə irəliləyir. Cəbhənin bütün istiqamətlərində Ermənistanın hərbi qruplaşmaları darmadağın edilir.

İşğal olunmuş ərazilərin cənub hissəsi tamamilə azad olunub, digər bölgələrdə isə strateji mövqelər və yüksəkliklər ələ keçirilib. İlk gündən döyüşlərdə təşəbüsü ələ alan ordumuzun uğurlu əməliyyatlarının nəticəsində torpaqlarımızın azad edilməsi göstərdi ki, Azərbaycan Ermənistan qarşısında əzici hərbi üstünlüyə malikdir.

 

Daha 16 kəndimiz azad olundu

 

Qısa müddətdə Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı rayonları, Xocavəndin, Tərtərin, Xocalının kəndləri işğaldan azad edildi. Azərbaycan-İran dövlət sərhədi işğalçıdan təmizləndi və Xudafərində üçrəngli bayrağımız ucaldıldı. Noyabrın 7-də Prezident İlham Əliyev özünün rəsmi "Twitter” hesabında daha 16 kəndin azad olunduğunu bəyan etdi. Bəli, Azərbaycan Ordusuunun müzəffər yürüşü davam edir.

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində döyüş əməliyyatları barədə deyib: "Faktiki olaraq, işğal olunmuş rayonlardan

5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirikyeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik.

Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq”.

Bakı həmişə danışıqlar prosesinə sadiq olub. Atəşkəsin elan edilməsindən ötən 26 ildə Azərbaycanın nümayiş etdirdiyi səbr bunu təsdiq edir. Respublikamız vasitəçilərin münaqişənin həlli ilə bağlı təklif etdikləri variantlara həmişə diqqətlə yanaşıb. Bu illər ərzində bir neçə dəfə problemin həlli istiqamətində irəliləyişlər olsa da, hər dəfə Ermənistanın ucbatından müzakirələr yarımçıq qalıb. Səbəb bu ölkənin işğal siyasətindən əl çəkməməsi, nəinki Dağlıq Qarabağı, ətrafda olan digər rayonları da ilhaq etmək istəməsi olub. Sentyabrın 27-dən sonra azad olunan bütün Azərbaycan ərazilərinin adlarının erməniləşdirilməsi göstərir ki, Ermənistan işğal etdiyi torpaqlarımızı azad etmək niyyətində olmayıb.

Danışıqlar nəticəsiz qaldığından sentyabrın 27-dən başlanan hərbi əməliyyatlarda Azərbaycan özünün beynəlxalq hüquqla təsbit olunmuş haqqını güc yolu ilə təmin edir. Azərbaycan torpaqlarını azad etməklə yanaşı, həm işğalçı Ermənistanı layiqincə cəzalandırır, ona dərs verir, sübut edir ki, döyüş meydanında məhvə məhkumdur.

 

60 suriyalı erməninin Zəngilanda qanunsuz məskunlaşdırılması aşkar olundu

 

Məlum olduğu kimi, 2 il əvvəl Ermənistanda iqtidara gələn N.Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra danışıqlardan imtina etməklə yanaşı, Azərbaycana qarşı siyasi, hərbi humanitar təxribatlara başladı. Livandakı partlayışdan sonra ermənilərin işğal altında olan Dağlıq Qarabağ ətraf rayonlara köçürülərək qanunsuz məskunlaşdırılması da ölkəmizə qarşı olan təxribat idi. Sosial şəbəkələrdə Livandan olan ailələrin Azərbaycan xalqı üçün böyük tarixi mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı.

Azərbaycan da daxil olmaqla, dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə etdi. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını bir daha bütün dünyaya göstərdi. Məlumdur ki, işğal olunmuş Azərbaycan ərazilərində yaşayış şəraitinin aşağı olması səbəbindən ermənilər imkan düşən kimi oranı tərk ediblər. Buna görə Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməkdə məqsədi işğal etdiyi Azərbaycan ərazilərində əhalinin sayında yaranmış boşluğu doldurmaq, demoqrafik vəziyyəti dəyişdirmək olub. Eyni zamanda işğalçı ölkə faktiki olaraq köçürülən insanları özünün məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevirmişdi.

Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti faktlarla öz təsdiqini tapıb. Belə ki, işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı pasportların surətlərinin olduğu müəyyən edilib. Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. Onlardan 1964-cü il təvəllüdlü Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepobun, 1969-cu il təvəllüdlü Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadisin 1962-ci ildə Suriyada anadan olmuş, Kirakos Babkinin adına verilmiş pasportların kserosurətləri aşkarlanıb.

 

Qanunsuz məskunlaşdırma müharibə cinayətidir

 

Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həm müharibə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən, "İşğalçı dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa ya dolayı yolla köçürməsimüharibə cinayətini təşkil edir. Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır buna görə 8-12 il cəza nəzərdə tutulur.

Xatırladaq ki, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı ittiham olunanların ikisinin işğal olunmuş ərazilərin "almanlaşdırılmasıcəhdində təqsirli olduğu barədə qərar vermişdi. BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə keçmiş Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamə "keçmiş Yuqoslaviyanın hər yerində əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini dayandırmağaçağırıb.

Azərbaycan Ermənistanın işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Artıq Ermənistanın müharibə cinayətləri öz təsdiqini tapır. Bütün bunlar Ermənistanın işğalçı dövlət olmasının beynəlxalq məhkəmələr tərəfindən təsdiq olunmasında mühüm dəlillər olacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan - 2020.- 8 noyabr.- S.1; 7.