“Dəmir yumruq zəfər qazandı”

 

Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi Türkiyə mediasının gündəm mövzusudur

 

 

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkənin həmrəyliyi İkinci Qarabağ müharibəsinin fonunda bir daha təsdiqini tapdı. Hərbi əməliyyatları xüsusi diqqət mərkəzində saxlaması, Azərbaycana yüksək siyasi-mənəvi dəstək göstərməsi Türkiyənin Azərbaycanı heç zaman yalnız qoymayacağını nümayiş etdirdi. Türkiyənin aparıcı qəzetləri və xəbər agentlikləri Azərbaycanın cəbhədəki qələbələri ilə bağlı məlumatları dərin sevinc hissi ilə təqdim etdilər.

Bu günlərdə Türkiyə qəzetlərinin baş xəbərləri Azərbaycanın tarixi zəfəri barədədir.

"Yeni Şafak” qəzeti bu xəbəri "Dəmir yumruq zəfər qazandı” başlığı ilə manşetdən verib. Prezident İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi fikirlərə geniş yer ayıran məqalədə yazılır ki, Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi, səbirlə gözlədiyi qələbəni qazandı.

"Akşam” qəzetinin "Qarabağ zəfəri” başlıqlı xəbərində yazılır ki, Azərbaycan ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoydu. Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Nəşr yazır ki, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəklik işğaldan azad edildi. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı hərb tarixinə bir töhfədir.

"Hürriyet” qəzetinin "Azərbaycan bayram edir” başlıqlı məqaləsində Prezident İlham Əliyevin xalqa müraciəti öz əksini tapıb. Müəllif yazır ki, İlham Əliyevin xalqına müraciət edərək qələbə müjdəsini verməsi Azərbaycanın hər yerində böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edilir: "Qarabağ savaşında şanlı qələbəni qeyd etmək üçün Bakının küçə və meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyi gecə saatlarınadək davam edib. İnsanlar bütün gün boyu tarixi Qələbədən doğan sevinc və qürur hisslərini paylaşıb, Azərbaycana bu möhtəşəm zəfəri yaşadan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər”.

"Milliyet” qəzeti də Azərbaycanın qələbəsini geniş işıqlandıran nəşrlər sırasındadır. "Türk dünyası qucaqlaşdı” başlıqlı məqalədə yazılır ki, tarixi Azərbaycan torpaqları öz sahiblərinə qaytarıldı, ədalət bərqərar oldu, dünya bir daha türkün, şanlı Azərbaycan Ordusunun gücünə şahidlik etdi: "28 illik həsrət sona çatdı. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Qarabağ yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün müqəddəsdir, əzizdir, doğmadır”.

"Sabah” qəzeti "İki dövlət, bir zəfər” başlıqlı xəbəri manşetdən təqdim edib. Vurğulanır ki, Azərbaycan Prezidentinin yüksək əzmi sayəsində qardaş ölkə tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etdi. Nəşr yazır ki, torpaqların işğaldan azad edilməsi Azərbaycan xalqının təkcə döyüşkən ruhunun nümayişi deyil, həm də tapdanmış heysiyyətinin və milli qürurunun bərpası, dirçəldilməsi deməkdir: "Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Kapitulyasiya - müharibədə məğlub tərəfin qalib gələn tərəfin diktə etdiyi bütün şərtləri qeyd-şərtsiz qəbul etməsi və onu icra etməyi üzərinə götürdüyü bir müqavilədir”.

"Bakıya koridor” başlıqlı xəbər "Türkiye” qəzetinin manşetində yer alıb. Bildirilir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda uğurla mübarizə apardı. Döyüş meydanında əsgər və zabitlər qəhrəmanlıq göstərdi, Ermənistana sarsıdıcı zərbələr endirildi. Məqalədə Ağdamın, Kəlbəcərin və Laçın rayonlarının dekabrın 1-dək qaytarılması, bölgəyə Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi əksini tapıb.

"Karar” qəzeti "Qarabağ azaddır” başlıqlı xəbərində Prezident İlham Əliyevin xalqa müraciətinə istinad edərək, müharibənin Azərbaycanın qələbəsi ilə başa çatdığını bildirib. Nəşr yazır ki, Prezident İlham Əliyev bütün şərtləri diktə etdi və Ermənistanın baş naziri bunu qəbul etməyə razı oldu: "Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistanın baş nazirinin siyasi karyerasının sonu olacaq və Ermənistanda baş verən proseslər artıq bunu deməyə əsas verir”.

Qəzetlərdən "Yeni akit”in "Ermənistan diz çökdü, Qarabağ qurtuldu”, "Diriliş postası”nın "Ermənistan təslim oldu”, "Milli gazete”nin "Paşinyan məğlub oldu”, "Cümhuriyyet”in "İki ölkənin zəfəri”, "Milat”ın "Zəfər”, "Yeni söz”ün "Qarabağ zəfəri”, "Yeni asya”nın "Zəfər coşqusu”, "Aydınlık”ın "Qarabağı qurtardıq”, "Dokuz sütun”un "Azərbaycanda zəfər coşqusu”, "Yeni mesaj”ın "İftixar günü”, "Posta”nın "Nə oldu, Paşinyan?” və "Yeni Birlik”in "Azərbaycan zəfər qazandı” başlıqlı xəbərlərində Ordumuzun müharibədəki qələbəsindən bəhs olunur, Azərbaycanın üçrəngli bayrağının doğma Qarabağda, Şuşa şəhərində qürurla dalğalandığı vurğulanır.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 12 noyabr.- S.6.